Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları haqqında” qanuna təklif etdiyi dəyişikliklərdən narazıdırlar. Deyirlər ki, 1 yanvar 2022-ci il tarixində qüvvəyə minəcək qanuna təklif olunan  dəyişikliklər edilərsə, on minlərlə Azərbaycan vətəndaşının pensiyalarında baş verən artım hərbi təqaüdçüləri əhatə etməyəcək.

Təklif olunan dəyişiklikliyə görə, hərbi pensiyaların indeksasiyası hissəsi saxlanılmaqla, eyni zamanda, təminat xərcliyi artdıqda hərbçilərin pensiyasının yenidən hesablanmaması və bu imtiyazın qanundan yığışdırılması istənilir. Hərbçilər qəti şəkildə bu dəyişikliyin əleyhinədirlər.

Hərbi təqaüdçülər deyirlər ki, pensiyaların indeksasiyası artım deyil. Hər il inflyasiya olur, dolanışıq xərclərində – istehlak səbətində dəyişiklik baş verir, alıcılıq qabiliyyəti azalır. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da indeksasiya – itirilmiş itkinin bərpası aparılmalıdır, bu da qanunda nəzərdə tutulub. İndeksasiya ilə təminat xərcliyi artdıqda hərbi qulluqçuların pensiyasının yenidən hesablanması ayrı-ayrı məsələlərdir, biri o birini özündə ehtiva etmir, bir-birinə mane olmur və qanunun bir tələbini tətbiq etməklə digər tələbini, hərbi qulluqçuların imtiyazını ləğv etmək islahat deyil, əksinə, on minlərlə hərbi təqaüdçünü dövlətdən incik salmağa yönəlmiş, düşünülməmiş, təhlükəli və zərərli bir addımdır.

Hərbi təqaüdçülər ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərində qeyd edirlər ki, ölkə əhalisinin maaşları, pensiyaları artırıldığı bir vaxtda, ehtiyatda olan hərbiçilərin pensiyasında, pensiya təminatında bu cür dəyişiklik təklifi ciddi narazılıq doğurur.

Hərbi polisin sabiq rəisi, hərbi təqaüdçü Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, “Hərbi Xidmət Keçmə Haqqında” Qanuna görə bütün artımlar, əlavələr hamısı ehtiyatda olan hərbi qulluqçulara və pensiyaçılara şamil olunur:

– Təklif olunan dəyişiklik həyata keçsə, ehtiyatda olan 10 min nəfərə yaxın hərbi təqaüdçü əhəmiyyətli dərəcədə pul itirəcək. Bu təkcə pul itkisi deyil, hərbi təqaüdçülərə saymazyana münasibətdir və bu yanaşma ölkəyə yaxşı heç nə vəd etmir. Baxın, görün hərbi təqaüdçülər kimlərdir? Birinci Qarabağ savaşını keçmiş, ondan sonrakı dövrlərdə düşmənlə üz-üzə durmuş, İkinci Qarabağ müharibəsində də əksəriyyətinin maddi-mənəvi və digər yardımlar etdiyi bir kontingentdir. Hərbi təqaüdçülər Ali Baş Komandanın ehtiyat qrupudur, bu insanlar mülkidə işləyib pensiyaya çıxanlar yox, ehtiyatda olan hərbçilərdir, bu da qanunda əks olunub.

Orduda TÜRKİYƏ MODELİ: “Bir generalı eyni vəzifədə bir neçə ildən çox  görməyəcəyik” – Rövşən Məhərrəmov – Yenicag.Az

Polkovnik Rövşən Məhərrəmov: “Hərbi qulluqçuları incik salmağa yönəlmiş dəyişiklikdən imtina olunsun”

Məsələnin mənəvi tərəfini götürəndə, hərbi təqaüdçülərin və ehtiyatda olan hərbiçilərin böyük kontingentinin övladları bugünkü gün hərbi məktəblərdə oxuyur, Silahlı Qüvvələrdə xidmət edir. Bu hansı presedentdir ki, həmin xidmətdə olan, yaxud oxuyub gələcəkdə hərbçi olacaq gəncə göstərirsən ki, onun atasına – uzun illər xidmət keçmiş valideyninə belə neqativ yanaşma var. Həmin gənc gələcəkdə xidmət edib pensiyaya çıxacağını gözünün önünə alandan sonra onun mənəvi durumu neçə olacaq? Buna görə də biz ehtiyatda olan hərbiçilər, hərbi təqaüdçülər Prezidentə açıq məktub yazmışıq.

– Bəs məsələnin mahiyyəti nədir? Bunu aça bilərsiniz?

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN-red.) pensiya qanunvericiliyinin təkmilləşdirilməsi adı altında on minlərlə hərbi təqaüdçünün hüquqlarının kobud şəkildə pozulmasına yönəlik zərərli, qanunsuz və təhlükəli dəyişiklik təklif edir. Hərbi xidmət dövlət xidmətinin xüsusi növü olmaqla spesifik bir fəaliyyətdir. Ömrünü hərbçi peşəsinə həsr edərək uzun müddət ərzində dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmiş ölkəmizin vətənpərvər övladları hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə sinə gərərək layiqli pensiya alacaqlarına ümid edirdilər və dövlət də buna zəmanət vermişdi.

Məhz hərbi xidmətin spesifikasını nəzərə alaraq həm sovet dövründə, həm də müstəqillik dövründə hərbi qulluqçuların pensiya təminatı ayrıca və xüsusi qanunla tənzimlənirdi.

1992-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında qanun” islahat adı altında 2006-cı ildə ləğv edilərək onun bəzi müddəaları “Əmək pensiyaları haqqında” qanuna əlavə edilib. Əvvəlki qanunda hərbi qulluqçuların pensiyalarının 2 halda artırılması nəzərdə tutulmuşdu və bu da qanunda aydın şəkildə yazılmışdı;

– Təminat xərcliyi artdıqda (maddə 57);

– Dolanışıq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar (maddə 58).

ƏƏSMN islahat adı altında yeni qəbul edilmiş “Əmək pensiyaları haqqında” Qanunda həmin 2 əsası heç kimin başa düşməyəcəyi tərzdə əvvəlcə bir maddədə birləşdirdi, (2006-cı il) indi isə təklif edir ki, indeksasiya aparılanda qanunla nəzərdə tutulmuş digər artım (təminat xərcliyi artdıqda) artıq qanundan yığışdırılaraq ləğv olunsun.

Belə ki, hazırda hərbi qulluqçuların pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna əsasən tənzimlənir və biz də qanuna tabe olan vətəndaşlar kimi bu qanuna əsasən hərəkət edirik.

Fazil Talıbov: "Adında 49 mənzil olan vətəndaşın 190 manata ehtiyacı ola  bilər?!"

ƏƏSMN rəsmisi Fazil Talıbov: “Hərbi qulluqçuların pensiya gəlirlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib”

Həmin qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Bu məsələ aydındır ki, ölkə valyutası devalvasiyaya uğrayırsa bütün pensiyalar da indeksləşdirilməlidir. Bizim buna heç bir iradımız yoxdur.

Qanunun 29.2-ci maddəsinə əsasən, həmin şəxslərin (yəni hərbi qulluqçuların) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

İndi məsələ ondan ibarətdir ki, ƏƏSMN bu iki məsələni qarışdıraraq hərbi pensiyaların indeksasiyasını təklif edərək eyni zamanda təminat xərcliyi artdıqda pensiyamızın yenidən hesablanmamasını və bu imtiyazın qanundan yığışdırılmasını təklif edir.

Yəni adını pensiya qanunvericiliyinin təkmilləşdirilməsi qoyurlar, əslində isə təklif edirlər ki, hərbi pensiyalar bütün əmək pensiyaları kimi indeksasiya olunsun, lakin hərbi qulluqçuların qanunda nəzərdə tutulmuş imtiyazı – təminat xərcliyi sonradan artırıldıqda, pensiyaları yenidən hesablanmasın. Hərbi təqaüdçüləri bu imtiyazdan məhrum etmək istəyirlər. Bu, olduqca təhlükəli tendensiyadır və biz qəti şəkildə bunun əleyhinəyik.

– Bəs təklifiniz nədir?

– Ölkə başçısından xahiş etdik ki, ƏƏSMN ciddi şəkildə tapşırılsın ki, həm hərbi xidmətdə olan, həm də ehtiyata və ya istefaya buraxılmış on minlərlə hərbi qulluqçuları dövlətdən incik salmağa yönəlmiş addıma heç bir halda yol verilməsin. İnanırıq ki, prezidentin müdaxiləsindən sonra məsələ müsbət şəkildə həll olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov “Yeni Müsavat”a deyib ki, hərbi qulluqçuların pensiyalarının azaldılması ilə bağlı yayılan iddialara bir müddət əvvəl münasibət bildiriblər. Nazirlik rəsmisi bildirib ki, mövqeləri dəyişməyib. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların pensiya təminatının yaxşılaşdırılması bu gün ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir:

“Ötən dövrdə də bu istiqamətdə mühüm addımlar atılıb, hərbi qulluqçuların pensiyalarında dəfələrlə artımlar edilib. Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətlərinin, xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır. Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır. Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə, 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda da hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır:

“Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaq. Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunvericiliklə onların pensiyalarında artımı şərtləndirmir. İstərdik ki, belə həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər”.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …