Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “AMEA qalmaqalı” böyüyür…

“AMEA qalmaqalı” böyüyür…

AMEA ətrafında gərginlik getdikcə artmağa başlayıb. Xatırladaq ki, iki gün öncə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Tarix İnstitutunda “bir sıra xoşagəlməz hallar”ın baş verdiyini deyərək, institut rəhbərliyini tənqid edib. Belə ki, R.Mehdiyev AMEA Rəyasət Heyətinin iclasında bildirib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir.

“Müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu hallar qarşısında qətiyyətsizliyi məni narahat edir. İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm”.

Tənqidlərə cavab gecikməyib. Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov  Ramiz Mehdiyevin “ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən” çox böyük təəssüf hissi keçirdiyini deyib:

“Ramiz Mehdiyev instituta rəhbərlik etdiyi bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVID-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumayıb. Onda aydın olardı ki, Tarix İnstitutunda elmi tədqiqat işlərinin və idarəetmənin təkmilləşdirilməsi sahəsində hansı müasir islahatlar həyata keçirilib”, – direktor deyib.

Kərim Şükürovun fikrincəb AMEA-nın prezidenti “milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur” və onu akademiyanın gündəliyinə çevirir. Ardınca isə K. Şükürov istefa ərizəsi yazacağını açıqlayıb və yazıb. Yanvarın 21-də istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə məsələ müzakirə edilib və Kərim Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib və nöqsanları aradan qaldırmaq üçün Kərim Şükürova vaxt verilib. Amma buna baxmayaraq, Kərim Şükürov işə çıxmayıb və AMEA rəhbərliyi tərəfindən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Kərim Şükürov: "Ramiz Mehdiyev intriqalarla məşğuldur"

Kərim Şükürov

Baş verənlərə deputatlar, tanınmış ictimaiyyət nümayəndələri də səssiz qalmayıb. Millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə AMEA rəhbərliyini sərt şəkildə tənqid edərək yazıb: “Bütün varlığı ilə işıqlı, milli insanlarımıza qənim kəsilən ”Boz kardinal” nəhayət daha bir təmiz imici olan professor, görkəmli tarixçi alim Kərim Şükürovu hədəfə alıb, utanmadan, usanmadan özünün fövqündə dayanan alimi mənəvi repressiyaya hədəfləyib. Yetər, Ramiz Mehdiyev, paltonu götür və o müqəddəs ocağı tərk elə!”

Deputat Etibar Əliyev isə sosial şəbəkədə yazıb ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib: “Onun məşğul olmadığı bircə sahə var, o da elmdir. İnstitut direktorları ilə İcra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur”.

Fayl:Etibar Əliyev (siyasətçi).jpg — Vikipediya

 Etibar Əliyev

E.Əliyev R.Mehdiyevin öz ailə üzvlərinə akademiyada yaratdığı şəraitdən də yazıb: “Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə ”Psixologiya” üzrə müdafiə şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə “Riyaziyyat” fakültəsində kafedra müdiri, müdafiə şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb. Bir sözlə, elm bunların insiharına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib”.

Bildirək ki, Kərim Şükürov 1956-cı ildə Tərtər rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirib, elmi dərəcəsi tarix üzrə elmlər doktorudur. O, həm də AzTV-də tarix proqramının aparıcısı kimi də tanınır. Pedaqoq kimi isə Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin professorudur. Göstərdiyi fəaliyyətlərinə görə Dövlət Mükafatına layiq görülüb. Bir sıra elm adamları da sosial şəbəkə, mətbuat vasitəsi ilə Kərim Şükürovu müdafiə edərək, onun savadlı olduğu qədər də  həm də milli biri olduğunu qeyd edirlər.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “Bu cür mübahisələr hələ bundan sonra tez-tez davam edəcək, çünki… ”

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Elm institutlarının universitetlərə köçürülməsinin tərəfdarıyam. Lakin universitet motivi qura bilmədiyimizə görə bu gün bütün tədqiqat universitetləri AMEA-nın nəzdindədir. Əslində isə tarix, fəlsəfə və başqa istiqamətlər daha çox universitet motivində inkişaf etməlidir. Bu zaman daha çox inkişaf, fəaliyyət əldə olunar. Gəlin baxaq, Türkiyədə akademiya aləmində bu cür müzakirələr varmı? Orada akademiya sistemi heç də populyar sistem kimi qəbul olunmayıb və ağırlıq universitetlərin üzərindədir.

Bizdəki model Rusiyada mövcud olan modeldir. Ona görə də Rusiyada universitetlər akademiya mühitində gerçəkləşdiyindən  daha zəif vəziyyətdədir. Əvvəllər  Sovet dövründə belə idi ki, maddi təminatı yüksək səviyyədə həyata keçirilirdi və qeyri-potensialı ora cəmləşdirir, “birinci iş yeri” şəraiti yaradırdılar. Beləliklə, akademiya həm də bir dolanışıq mənbəyi idi və alimlər rahat yaşaya bilirdilər. İndi isə alimlərin imkanları ancaq dolanışığına çatır və buna görə də apardığı tədqiqatların effektliyi də arzuolunan səviyyədə deyil. Təbəqələşmə o qədər yüksəkdir ki, mütləq hansısa şəkildə dəstək almalıdır və bundan məhrumdur. Bu baxımdan da mövcud vəziyyətin bütün institutlarla bağlı olacağını düşünürəm. Çünki faktiki olaraq, heç birində real iş ortaya qoymaq imkanı yoxdur.

Konkret olaraq Kərim Şükürova gəldikdə isə, onu tələbəlik dövründən tanıyıram, bir neçə dəfə birgə diskussiyalarda olmuşam. Deyə bilərəm ki, özünə görə hazırlığı olan tarixçidir. Amma fikrimcə, ümumilikdə tarixin akademiya dünyasında yazılması yanlış bir ənənədir. Burada çox fərqli müəlliflərin tarix ilə bağlı yanaşmaları olmalıdır. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra tarix doktrinamız tamamilə dəyişməlidir. Biz indi tariximizi də işğaldan azad etməliyik. Tariximizi bayağı, primitiv, bəzən də monoton doktrindən xilas etməliyik. Bizə bir az da gerçək tarixə qayıdış lazımdır. Yəni, məsələn, 19-cu əsrin əvvəllərini daha fərqli platformada, daha rasional bir istiqamətdə  yazmalıyıq. 16-cı əsrlərə, bəlli dövrlərə daha tənqidi mətnlərlə yanaşmalıyıq. Məsələyə özümüzün yalandan uydurduğumuz imperiya və sairə kimi ehtişamlar ilə yanaşmamalıyıq.

Beləliklə, bir baxış bucağından olan hansısa bir doktrini Azərbaycan insanına qəbul etdirəndə əlbəttə ki, inkişaf olmaz. Bəlkə də müəyyən faydalı iş görülüb. Lakin görülən işin miqyasının bu cür göstərilməsini doğru qəbul etmirəm. Hesab edirəm ki, akademiya sisteminin islahata ehtiyacı var, bu islahat da universitetin güclənməsi hesabına olmalıdır. Gücləndikdən sonra da akademiya sisteminə heç bu qədər zərurət də yaranmayacaq. Yəni, laboratoriya, tədqiqat mühiti universitetdə olduqdan sonra əlavə elm mühitinə vəsait ayrılmasına ehtiyac olmayacaq. Bunlar isə zamanla həll olunmalıdır ki, bir boşluq yaranmasın, çünki orada işləyən insanların sosial məsələləri də düşünülməlidir. Axı onlar illərini ora veriblər və hansısa islahat adı ilə onları birdən-birə yoxa çıxartmaq olmaz.

Düşünürəm ki, bu məsələ cəmiyyətdə müzakirəyə çıxarılmalıdır. Belə çıxır ki, akademiyanı bir sosial müəssisə kimi saxlayırıq, alimlər işsiz qalmasın deyə. Əslində isə biz ora sosial müəssisə kimi deyil, elm müəssisəsi kimi baxmalıyıq. Təəssüf ki, alternativləri yaradıb, universitet modeli qura bilməmişik, ona görə də akademiyadan asılı vəziyyətdə qalmışıq. Hesab edirəm ki, bu cür mübahisələr hələ bundan sonra tez-tez davam edəcək, çünki hansı niyyətlə, nə həyata keçirdiyini anlamaq mümkün deyil”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …