Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Savadsız müəllimlər, saxta diplomlar, kişi müəllimlərin azlığı…

Savadsız müəllimlər, saxta diplomlar, kişi müəllimlərin azlığı…

Təhsil naziri Emin Əmrullayev vaxtaşırı məktəblərdə savadsız müəllimlər, saxta diplomlarla bağlı açıqlamalar verir. Nazir 15 dekabrda Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə “bu gün bizim “10 bal, 20 bal toplayan müəllimlə nə etməliyik?” sualı açıqdır” – deyə bildirib.

Nazir qeyd edib ki, hazırda öz fənnini bilməyən müəllimlər 60 min uşağa dərs deyir: “Onlar ibtidai təhsildə 10-15% uşaq deməkdir. Bizim 10-15 % uşağımıza dərs deyən müəllimlərin öz fənn biliyi çox aşağıdır. Burada ”nə etmək olar?” sualına cavab tapmalıyıq. Eyni zamanda onlardan 1479 müəllim bütöv sinfə dərs deyir. Bunların əksəriyyəti – təxminən 877 müəllim 600-1000 manat arasında maaş alır. Öz fənnini yaxşı bilən müəllimlər isə heç bu maaşı ala bilmir”.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda külli miqdarda saxta diplom verilib: “Bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazası yoxdur. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil”.

MM-dəki toplantıda müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında qeyd olunub ki, magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 və elmi tədqiqatçıların 56%-i qadınlardır.

Bildirilib ki, təhsilin bütün səviyyələrində qadınlar kişilərlə bərabər fəal iştirak edir və uğurlar əldə edirlər. Azərbaycanda orta ixtisas təhsili və ali təhsil müəssisələrində qadınların idarəetmədə təmsilçiliyi kişilərə nisbətən üstündür.

Orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin say bölgüsündə qadınlar kişilərə nisbətən üstünlük təşkil edir. Qadınların say göstəriciləri ali təhsil müəssisələrində 55,74%, orta ixtisas müəssisələrində 80,75%, peşə təhsili müəssisələrində 60,78%-dir.

Həmçinin respublikanın ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır. Başqa sözlə, ümumtəhsil məktəblərində müəllimlərin 84,3 faizi qadındır.

“Azərbaycanda gender bərabərsizliyi əsasən məktəblərdədir. Məktəblərdə kişi müəllimlər yoxdur. Oğlan uşaqlarının yetişməsində kişi müəllimlərin çox böyük rolu var. Bu gün qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur”. Bunu isə toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

Nazirin savadsız müəllimlər, saxta diplomlarla bağlı açıqlaması onunla bağlıdır ki, cəmiyyətdə müəllimlərin sertifikasiyası ilə bağlı müəyyən etirazlar var. E. Əmrullayev isə bu etirazların qarşılığında qeyd edir ki, savadsız müəllimlər və saxta diplomlar mövcuddur, onları aşkarlamalıyıq.

Əlbəttə, məktəblərdə müəllimlərin savadlılığının artırılması ilə bağlı görülən işlər təqdirəlayiqdir. Ancaq heç də savadsız, diplomu saxta olmayan müəllimlər də bunun əziyyətini çəkir. Saxta diplomları aşkarlamağın başqa yolu yoxdurmu? Bunları ümumi bir baza yaratmaqla həll etmək olarmı? Savadsız, zəif müəllimləri kurslara yönləndirmək variantına da baxıla bilərmi?

Habelə, məktəblərdə müəllimlərin 80 faizdən çoxunun qadınlar olmasının uşaqların tərbiyəsinə mənfi təsir göstərməsi haqda deyilənlər nə dərəcədə əsaslıdır? Kişi müəllimlərin sayının artırılması üçün nələr etmək olar?

Kamran Əsədov: 4 minə yaxın şəxs universitetə imtahansız qəbul olub

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda orta məktəblərdə 151 min müəllim çalışır. Nazirlik bu il yalnız 4 ərazidə 11 min ibtidai sinif müəllimini sertifikasiyaya cəlb edib. Bu sertifikasiyanın ilkin test mərhələsinin nəticələrinə baxanda görürük ki, bəzi müəllimlər aşağı nəticə toplayıblar. Biz burada problemi iki hissəyə bölməliyik. İmtahan keçirən qurumun imtahan keçirmək təcrübəsi varmı? Onların bundan əvvəl keçirdiyi imtahanda sualların satılması faktı var idi. Bu imtahanın nəticələrini şübhə altına almağa əsas verir. Eləcə də, təqdim edilmiş test tapşırıqlarının imtahan iştirakçılarının yoxlamaq baxımından nə qədər obyektiv və testologiya prinsiplərinə uyğun olmasıdır. Biz deyə bilmərik ki, müəllimlərin topladığı on bal həqiqətən də onun biliyini nümayiş etdirir. Texniki problemlərlə bağlı kifayət qədər informasiyalar və narazılıqlar daxil olub. Hesab edirəm ki, bu ciddi bir məsələdir. Yəni imtahan keçirən qurumun imtahan təcrübəsi, test bazasının və test bankının olmaması, tekstologiyadan xəbərlərinin olmamaları birmənalı şəkildə sertifikasiya imtahanının nəticələrini bizə şübhə altına almağa əsas verir. Bu məsələnin birinci tərəfidir. İkincisi, imtahanda aşağı nəticə toplayan şəxslərin müəllim kimi çalışması yolverilməzdir. Çünki özü heç nə bilməyən müəllim qarşındakına heç nə öyrədə bilməz. Amma biz baxmalıyıq ki, həmin müəllimlər nə qədər əsas fənni tədris edirlər. Çünki bizdə ibtidai siniflərin sayından üç dəfə artıq ibtidai sinif müəllimi var. Bir çox hallarda həmin müəllimlər öz ixtisas fənlərini tədris etmirlər. Buna görə də öz ixtisas bilikləri aşağı olur”. 

Ekspert əlavə edib ki, müəllimləri günahlandırmamışdan əvvəl Elm və Təhsil Nazirliyi onları istehsalata, əmək bazarına buraxan universitetlərlə maraqlanmalıdır: “Mən hələ indiyə qədər görməmişəm ki, nazirlik məzunlarının nəticələri zəif olduğuna görə dəfələrlə görüşdüyü universitet rəhbərlərinə bir söz desin. Azərbaycanın hazırda 31 ali təhsil müəssisəsində pedaqoji kadr hazırlığı həyata keçirilir. Bunların ən böyüyü Azərbaycan Pedaqoji Universitetidir ki, ən aşağı nəticələrdə biz universitetin payını görürük.  Amma bir dəfə də olsun, nazirlik tədrisin keyfiyyətli təşkil edilməməsinə görə universitetə iradını bildirməyib”.

Ekspert əlavə edib ki, saxta diplom mübahisəli məsələdir: “Çünki bu, ağır bir ittihamdır. Diplomun saxta, yaxud dövlət nümunəli olub-olmaması ilə bağlı bəzi məqamları qeyd etmək lazımdır. Birincisi, vaxtilə elektron bazanın olmaması ilə bağlı irəli gələn problemlərdir. Bilirsiniz ki, 2003-cü ildən əvvəl ali təhsil müəssisələrini bitirən şəxslər barədə o qədər də məlumat yoxdur. Həmin vaxt ölkə ərazisində kifayət qədər ali təhsil müəssisələri bəzi hallarda lisenziyasız fəaliyyət göstərirdi. Hazırda orta məktəblərdə çalışan müəllimlərin səkkiz minə qədərinin diplomu dövlət nümunəli deyil. Onun kim tərəfindən, necə verilməsi ilə bağlı hər hansı bir hüquqi baza yoxdur. O vaxt Beynəlxalq Universitet idi, Müəllimlər Universitetinin filiallarında bu tipli diplomlar verilirdi. Həmin vaxt müəllimə tələbat kifayət qədər çox idi, o vaxt kadrlar gəlmirdilər, çünki əmək haqqı aşağı idi. Rayonlarda bu və ya digər formada diplom alıb, işləməyə başlayırdılar. Bu yaxşı hal deyil. Biz yoxlamalıyıq ki, həmin şəxslər 4 il ərzində ali təhsil müəssisələrinə gediblərmi, bu müddət ərazində yoxlamaya cəlb ediliblərmi? Məsələnin problemli tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi bunu yoxlamır. Sadəcə olaraq şifahi qaydada elan edirlər ki, bu diplom dövlət nümunəli deyil. Saxta demək üçün onun hüquqi bazası ilə bağlı məlumat olmalıdır. Onun haqqında datanın olmaması o demək deyil ki, o saxtadır. Ola bilər ki, həmin vaxt təhsil müəssisəsi qeydiyyata alınmayıb. Ona görə fərdi qaydada yoxlamaq lazımdır ki, diplom alan şəxs oxuyubmu? Elmi rəhbəri kim olub, diplomu ona kim verib?  Hansı binada oxuyub. Müəyyən suallarla həmin diplomların həqiqiliyini yoxlanması mümkündür. Sadəcə müəllim savadsızdır yox, müəllimlərin bilik və bacarıqlarını ədalətli yoxlama etməliyik. 20-25 yaşlı enerjili müəllimlərlə, 50 yaşdan yuxarı olanları eyni sualla yoxlamamalısınız. Bu testologiya prinsiplərinə ziddir? İmtahan sualları fərqli yaşda olanlar fərqli formatda verilməlidir. Hesab edirəm ki, istər müəllimlərin işə qəbul müəllimlərin sertifikasiyası, işə qəbulu ilə bağlı imtahanlar nazirliyin əlindən alınıb, Dövlət İmtahan Mərkəzinə verilməli, yaxud da müstəqil qurum tərəfindən həyata keçirilməldir. Çünki indiyədək nazirliyin təşkil etdiyi imtahanlarda şübhə altına alacaq fəaliyyət göstərib. Müəllimlər doru olmayaraq təhqir olunur, bu doğru yanaşma deyil”.

Ekspert məktəblərdə kişi müəllimlərinin az olması məsələsinə də münasibət bildirib: “Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti  dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa  dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …