Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / “Sanksiya hədələri əfv sərəncamının verilməsinə təsir etməyəcək” – Açıqlama

“Sanksiya hədələri əfv sərəncamının verilməsinə təsir etməyəcək” – Açıqlama

Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı əfv sərəncamının verilməsinə Avropadan gələn təzyiqlərin mane yaratmayacağını bildirib.

Bu barədə “Yeni Müsavat”a danışan deputat deyib ki, heç kəs Avropanın təzyiqlərini göz önünə gətirməsin: “Elə çıxır ki, guya Avropadan gələn təzyiqlərdən sonra əfv olur. Heydər Əliyevin zamanından ölkədə əfv komissiyası var. 1994-cü ildə 3 minə yaxın vətəndaşımız xaos zamanı Avropaya getmişdilər. Fərari statusunda idilər. Amma ulu öndərimiz onların hamısını ölkəyə çağırdı və əfv etdi. Xatırlayırsınızsa, ölkə başçısı həyatına sui-qəsd edənləri belə bağışladı. Bizdə əfv komissiyası Avropanın təzyiqi ilə fəaliyyət göstərmir. Daima bizə müraciətlər daxil olur. Məhbusun nəyə görə tutulduğunu nəzərə almırıq. Sadəcə keçdiyi həbs müddəti, etdiyi əməldən peşmançılığı, səhhəti və başqa amilləri əsas götürürük. Xahiş edirəm ki, indiyə qədər bağışlanan minlərlə məhkum Avropanın ayağına yazılmasın. 20 ildir komissiya var, insanlar əfv olunur. İl ərzində çoxlu sayda bayramlar var. Hər kəs istəyir ki, bayramlarda daha çox savab iş görsün. Çünki bundan hər kəs sevinir. Amma əfv edilən hər kəs prezidentə borcludur. O, əfv edir. Buna görə də, kiminsə diktəsi kimi fikirlər boşdur. İnanın ki, bağışlananlar yüzlərlə müraciət edənlərin içərisindən seçilir. Hər kəs müraciət edir. Amma hamını buraxmaq olmaz. Çox həssas məsələdir. Bu dəfə müraciətlər çox idi, çox da işə baxılıb. İşlər yekunlaşmaq üzrədir. Yəqin ki, bu günlərdə tam yekunlaşacaq. Ayın sonlarında da cənab prezident sərəncam verəcək. Bu fərman daha çox məhbusa şamil olunacaq. Bu bayramda əfv olacağına çox inanıram”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, ölkə başçısının qərarına kənar təsir olması mümkünsüzdür: “Ölkə prezidenti bütün addımlarını dövlətin, xalqın maraqlarına uyğun atır. Birmənalı olaraq, bu ölkə başçısının siyasətində fundamental prinsipdir. Bu baxımdan Avropa və Amerikadan gələn təzyiqlərdən asılı olmayaraq, ilin sonunda əfv sərəncamı gözlənilir. Əfv Komissiyasının qərarı haqqında tam məlumata malik deyiləm. Ümumi məlumata malikəm ki, komissiyada bu məsələlər geniş müzakirə olunur. Əfv siyahısı imzalanmaq üçün prezidentə təqdim olunub. Hesab edirəm ki, əfv komissiyasının bu siyahısının çevrəsi geniş olacaq”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva əvvəlki illərdən fərqli olaraq, bu dəfə əfv sərəncamının veriləcəyinə daha çox inandığını söylədi: “Əvvəllər həmişə deyirdim ki, əfv ölkəmizdə 1-2 nəfərdən asılıdır. Azərbaycan əvvəlki illər kimi əsassız inadkarlıq göstərmək vəziyyətində deyil. Təzyiq edən Avropa Şurası, Avropa Birliyi və başqa beynəlxalq təşkilatlardır. Azərbaycan bu qurumların üzvüdür. Hər dövlətə Avropa Şurasının qərarı şamil oluna bilər. Daxili vəziyyətimiz çox ağırdır. Hakimiyyət yumşaq siyasət aparmalıdır. Beynəlxalq təşkilatlar da sərt siyasətlərini dəyişməlidirlər. Bu baxımdan böyük əfv verilməsi şansı bu dəfə daha çoxdur”.

Həmçinin oxuyun

Tibb Universitetinin 3 tələbəsi yol qəzasında həlak olub

Azərbaycan Tibb Universitetinin (ATU) 3 tələbəsi avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə ATU-nun mətbuat katibi …

Bir cavab yazın