Ana səhifə / Sosial / Sənədsiz evlərin aqibəti ilə bağlı deputatdan AÇIQLAMA – “Bir il ərzində…”

Sənədsiz evlərin aqibəti ilə bağlı deputatdan AÇIQLAMA – “Bir il ərzində…”

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında, sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işlər açıqlanıb. Sənəddə göstərilir ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. 

Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında prezident administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb. 

Bəs, işçi qrupun fəaliyyəti nəticəsində sənədsiz evlər problemini aradan qaldırmaq mümkün olacaqmı?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov, İşçi Qrupunun yaradılmasını müsbət addım kimi dəyərləndirib və sənədsiz evlərin çoxunun kənd təsərrüfatı təyinatlı, bir qisminin də Dövlət Neft Şirkətinin torpaqları üzərində tikildiyini xatırladıb.

Deputat vurğulayıb ki, bu baxımdan müəyyən ərazilərdə yaşayış varsa, kommunikasiya xətləri çəkilibsə və yaşayış üçün hər cür şərait yaradılıbsa, həmin yerlərdə ilk növbədə torpağın təyinatı dəyişdiriləcək:

“Məsələn, Kənd Təsərrüfatı Nazirliyi öz balansında nə qədər torpaq  sahəsinin olduğunu bilir. Ancaq hesablamalardan sonra aydın olacaq ki, həmin sahələrin müəyyən hissəsində nə isə əkmək, becərmək mümkün deyil. Ona görə ki, üzərində fərdi evlər tikilib. İlk növbədə bunlar müəyyən edilməlidir. 

Torpaqların təyinatı müəyyən olunduqdan sonra, eləcə də hansısa bir elektrik, yaxud qaz və ya hansısa vacib kommunikasiya xətti üzərində deyilsə, sənədləşdirilməsi həyata keçiriləcək. Ancaq bir çox hallarda bu, mümkün olmayacaq”. 

Deputat, burada əsas məqsədin vətəndaşın tikdiyi evin fərdi mülkiyyətçisinə çevrilməsi olduğunu da diqqətə çatdırıb:

“Problemin nə vaxta qədər tam həll olunmasına gəlincə, bu, İşçi Qrupu tərəfindən aydınlaşdırılmalıdır. Qrup üzvləri əvvəlcə həmin evlərin sayını, onların neçəsinin sənədsiz olduğunu hesablayacaq, sonra problemin həlli müddətini müəyyən edəcək. Mən isə belə düşünürəm ki, proses çətin və mürəkkəbdir və işin həcmi çox böyükdür. Ona görə ki, problem təkcə paytaxtla məhdudlaşmır və demək olar ki, respublikanın bütün rayon, kənd və qəsəbələrini əhatə edir. 

Buna görə də problemin həllində tələsmək lazım deyil. Vətəndaşların sonradan problemlə üz-üzə qalmaması üçün məsələ köklü şəkildə həll edilməlidir. Bununla belə, bunun 1 il ərzində köklü həll olunacağını düşünürəm”.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …