Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Razi Nurullayev seçkidə iştirakdan imtina etdi

Razi Nurullayev seçkidə iştirakdan imtina etdi

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev parlament seçkilərinə qatılmaqdan imtina edib. 
Razi Nurullayev seçkidən imtinasının səbəblərini Cebhe.info-ya açıqlayıb: “Siyasətçilərin seçkidə iştirakının tərəfdarıyam. Siyasətçi seçkidə iştirak etmirsə, siyasi səhnədə qalmağının anlamı itir. Seçkilərdə boykot yolverilməzdir. Yalnız o zaman məqbuldur ki, boykot qərarı rejimlərin getməsinə faydalı olsun. Amma hazırda YAP siyasi hakimiyyətinin iqtidardan uzaqlaşdırılmasının yaxın perspektivi üfiqlərdə görünmür. Ölkədə iqtidara qarşı daxili təşkilatlanma və daxili müqavimət çox zəifdir. Bütün ölkəyə total olaraq YAP nəzarət edir. Seçkini də istədikləri kimi keçirəcək və istədikləri adamları da deputat “seçəcək”lər. Çox üzücü və ifşaedici haldır. Xalqın azad seçiminə həqarətdir. Seçkinin azad və demokratik olmayacağı ATƏT-in və digər beynəlxalq qurumların seçki monitorinqindən imtina etməsi ilə daha qabarıq ortaya çıxdı. Lakin seçkidə iştirak etməklə pulsuz efir vaxtından siyasi hakimiyyəti ifşa etmək və xalqa xitab üçün faydalanmaq zəruri idi. Əfsus ki, bundan yararlana bilməyəcəyik”.
Razi Nurullayev deyib ki, başladığı iş – AXCP-nin yenilənməsi, yeni müxalifətçilik seçkidən daha vacibdir: “Biz insanların seçki hazırlığına başladığı zaman partiya quruculuğuna start verdik. Bütün gücümü təşkilati məsələlərə yönəltdim. Bu gün də ən vacib işim mənə inanaraq, yanımda olan dostlarımla birlikdə üzərimizə götürdüyümüz yeni müxalifətçiliyi başarılı sonluğa gətirməkdir. Seçkidə iştirakla müqayisədə yeni siyasi müstəvi yaratmaq daha cəzbedicidir. Əfsuslar olsun ki, mövcud iqtidar seçkinin azad və şəffaf keçiriləcəyi ilə bağlı heç bir şans yaratmadı. Əfsuslar ki, demokratik təsisatları ölkədən qovdu. Əfsuslar ki, vətəndaş cəmiyyəti demək olar ki, tam olaraq sıradan çıxarıldı. Vətəndaş nəzarəti sıfırdan aşağı səviyyəyə düşdü”.
Ölkədə qeyri-normal siyasi abi-havanın yaranmasında, demokratik seçki üçün heç bir şərtin ortada olmamasında birbaşa Yeni Azərbaycan Partiyası və onun qurduğu iqtidarın məsuliyyət daşıdığını deyən R.Nurullayev “Vaxt gələcək onlar bunlara görə qanun qarşısında cavab verməli olacaqlar” deyə vurğulayıb.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın