Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Qış rejiminə keçid qaydalarının dəyişdirilməsi təklif olunur

Qış rejiminə keçid qaydalarının dəyişdirilməsi təklif olunur

Ekspert: “Azərbaycandakı mövcud qaydalar istehlakçıların hüquqlarının pozulmasıdır”

Ötən həftə ölkə ərazisində havaların kəskin dəyişməsi istiliklə bağlı problemlər yaradıb. Sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətlər yazılır. İnsanlar bildirirlər ki, hər il eyni problemi yaşayırlar. Müvafiq qurumlar konkret tarixdə qış rejiminə keçdikləri üçün havalar tez soyuyan zaman insanlar soyuqdan əziyyət çəkirlər.

Məlumat üçün qeyd edək ki, hər il “Azəristiliktəchizat” ASC noyabr 15-dən etibarən istiliyin verilişinə başlayır, qazanxanalar işə salınır. Bu tarixdən öncə havalar soyuq keçsə də heç bir istilik sistemi işə salınmır.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Yeni Müsavat”a bildirib ki, qurumun qış rejiminə keçidi şərtidir:

“Azəriqaz” İstehsalat Birliyi olaraq  havalar soyuduğu zaman istehlakçıların təbii qaza olan tələbatı artırsa, verilən qazın həcmini artırırıq.  Bunun üçün hansısa tarixi gözləmirik.  Birlikdə istər payız-qış mövsümündə, istərsə də digər aylarda abonentlərin tələbata uyğun qazla təmin edilməsi üçün gündəlik iş aparılır. Onu da qeyd edim ki, 2018-ci ilin yanvar-sentyabr ayı ərzində görülmüş məqsədyönlü işlərin nəticəsində respublika ərazisində 2385 .5 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib. Eyni zamanda 182.6 kilometr qaz kəməri əsaslı təmir edilib. Regionlar üzrə 71 qəsəbə, kənd və ya yeni salınmış yaşayış massivləri qazlaşdırılaraq, təbii qazla təmin olunub. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-2019-cu illərin payız qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədi ilə Birlik tərəfindən Tədbirlər Proqramı işlənib-hazırlanıb.  Bu tədbirlər planına uyğun olaraq qaz kəməri üzərində 531 ədəd qaz tənzimləyici quraşdırılıb. 259 ədəd isə siyirtmə yenisi ilə əvəz olunub. Təmir olunmuş qaz xətləri isə dayaqlar üzərinə qaldırılıb. Hal-hazırda da tərəfimizdən işlər davam etdirilir. Təqdimat planına uyğun olaraq isə may-oktyabr aylarını əhatə edir. Bütün bu görülən işlər istehlakçıların dayanaqlı, təhlükəsiz təbii qazdan istifadə etmələri üçün həyata keçirilir”.

İbrahim Kərbalayev ile ilgili görsel sonucu

Qazın təzyiqinin havaların soyuq keçdiyi günlərdə zəifləməsi ilə bağlı xüsusilə də rayonlarda yaşayan sakinlər tərəfindən şikayətlər olur. İ. Kərbalayev söylədi ki, respublikanın bütün ərazilərində qaz verilişi nəzarətdə saxlanılır və tələbat artdıqca, Bakı ilə yanaşı bölgələrdə də verilən qazın həcmi artırılır.

Ekspert Nüsrət Qasımov isə “Yeni Müsavat”a bildirib ki, istiliyin verilməsinin, kommunal sahədə qış rejiminə keçidin noyabrın 15-də başlaması məsələsi sovet dönəminə xasdır və təkrarlanmalı deyil: ““Azəristiliktəchizat” ASC-nin bu qaydanı davam etməsi də yanlış addımdır. Çünki dünya ilə yanaşı Azərbaycanda da iqlimdə çox böyük dəyişikliklər baş verib. NASA-nın da yeni iqlim araşdırması ilə bağlı hesabatında qeyd olunub ki, 18-ci əsrdə müşahidə olunmuş “Mini buz dövrü” yenidən yaşana bilər. Ona görə də ayın 15-ni gözləmək düzgün deyil. Oktyabrın 20-də qar yağsa bəyəm camaat yorğana bürünüb oturmalıdır? Bu, doğru yanaşma deyil. Havanın temperaturu aşağı düşən kimi qazanxanalar işə düşməlidir.

Ekspert Nüsrət Qasımov ile ilgili görsel sonucu

Sovet dövründə ona görə noyabrın 15 məsələsi vardı ki, o zaman vəziyyət başqa cür idi. Qeyri-standart qızdırıcılar mövcud idi. İnsanlar dəmir sobalardan istifadə edirdilər və bunların da heç birinin sayğacı yox idi. Noyabrın 15-i olmamış insanlar həmin sobaları yandırırdı və deyirdilər ki, yandırmamışıq. Ancaq indi hamının sayğacı var. Kim istəsə lap avqust ayında da kombi yandıra bilər. Bunun heç kimi aidiyyəti yoxdur. Qazı satıb, pulu alırlar. Ona görə də noyabrın 15 məsələsi barədə danışmağa dəyməz. Sovet dövründə noyabr ayından aprel ayına qədər qış rejimi nəzərdə tutulurdu. Azərbaycan 4 iqlim zonasına bölünür. Məsələn, hazırda Quba ərazisində qar yağıb, ancaq Bakıda gün çıxıb. Eləcə də Gədəbəyin dağ kəndlərində də havalar kəskin şəkildə soyuyub. İndi bu ərazinin sakinləri nə etməlidirlər? Azərbaycandakı bu hal istehlakçıların hüquqlarının pozulmasıdır. Dünyanın heç bir yerində bu cür proses yoxdur. Məktəblər, bağçalar və digər iri qazanxanalardan istifadə  edən yerlərdə istilik vaxtında verilmədiyi üçün əlavə üsullara əl atırlar. Məsələn, 4 gözlü qaz sobasının zərinə kərpic qoyurlar, ütü qoyub evi qızdırırlar. Bu zaman radon maddəsi ayrılır ki, bu da insan orqanizmi üçün olduqca zərərlidir. Eyni zamanda proses zamanı dəm qazı da ayrılır ki, bu da ölümlə nəticələnə bilir. İnsanlar istilik əldə etmək üçün elektrikdən istifadə etdikdə isə elektrik xətləri gücə düşür. Nəticədə transformatorlar yanır, yanğın hadisələri baş verir. Bu da faciə ilə nəticələnə bilir. Bütün bunların qarşısını almaq üçün 15 noyabr məsələsi ləğv olunmalıdır. İstilik hava soyuyanda verilmirsə, qaz təsərrüfatına da böyük güc düşür. Nəticədə bundan da istehlakçılar əziyyət çəkirlər. Çünki təzyiq aşağı düşür”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …