Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Qarabağın azad olunmasına kimlər mane olur? – ŞƏRH

Qarabağın azad olunmasına kimlər mane olur? – ŞƏRH

Aprel döyüşlərində Azərbaycan ordusu gücünü təkcə Ermənistana deyil, ona havadarlıq edən dövlətlərə də göstərdi. Cəmi 4 gün ərzində ordumuz 20 ildən çox işğal altında olan bir sıra strateji yüksəklikləri düşməndən azad etdi. Bununla da Azərbaycanın siyası rəhbərliyi və güclü ordusu düşmən qarşısında üstünlük qazanmış oldu.

Tarixə dördgünlük müharibə kimi düşən aprel döyüşləri ordumuzun gücü ilə yanaşı, xalqın birliyi, sarsılmazlığı ilə yadda qaldı.

Üstündən iki ay vaxt keçsə də, ölkənin və regionun siyasi gündəmi hələ də aprel döyüşləri üzərində qurulub. Ölkə və ordu rəhbərliyinin çıxışları zamanı dəfələrlə bildirilib ki, işğal altında olan torpaqlarımızı düşmən işğalından azad etmək üçün bizə cəmi bir həftə, maksimum halda bir ay vaxt lazım idi. Yəni, aprel döyüşləri zamanı Azərbaycanın Qarabağ həsrətinə son qoyula bilərdi.

Ermənistanın siyasi rəhbərliyi, ordu generalları, o cümlədən sıravı vətəndaşları da son döyüşləri zamanı Azərbaycana uduzduqlarını dəfələrlə etiraf ediblər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV qurultayında çıxışı zamanı bir məqamı xüsusi ilə diqqətə çatdırıb: “Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var”.

PA rəsmisi açıq şəkildə qeyd edir ki, cəmi bir aya torpaqlarımıza qovuşa bilərdik, amma imkan vermədilər…

Qarabağın azad olunmasına kimlər mane oldular?

Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etməsinə Ermənistana havadarlıq edən dövlətlər maneə olurlar. Yəni, böyük dövlətlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun təmin olunmasına birbaşa və ya dolayısıyla maneə olmağa çalışırlar.

Politoloq Fikrət Sadıqovuncə, işğal olunmuş torpaqlarımızın azad olunmasına ciddi maneələr yaradılır: “Azərbaycanın həm siyasi iradəsi, həm hərbi potensialı, həm də insan resursları Ermənistandan dəfələrlə yüksəkdir. Bu baxımdan işğal altındakı torpaqlarımızı asanlıqla azad edə bilərik. Amma, qəsdən yaradılan maneələr olmasaydı. Həqiqətən bu gün bir sıra qüvvələr ərazi bütövlüymüzün təmin olunmasına maneə olurlar”.

F.Sadıqov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistana təzyiq etmirlər, əskinə işğalçı ölkəyə açıq şəkildə dəstək olurlar.

“Ərazi bütövlüyümüzü tanıyan, ancaq Ermənistanın nazı ilə oynayan aparıcı dövlətlər, işğal faktının qorunub-saxlanmasını müdafiə edirlər. Burada xristian həmrəyliyi amili güclüdür. Ermənistan özünü xristian aləminin bir hissəsi kimi qələmə verir. Eyni zamanda münaqişənin həll olunmamasına səbəb bu məsələnin ATƏT-in Minsk qrupunun birbaşa nəzarətində olmasıdır. Minsk qrupu istəmir ki, münaqişə yenidən alovlanmasın. Onlar status-kvonu saxlamağa çalışırlar.

Aprel döyüşləri zamanı Rusiya vəziyyəti sakitləşdirməyə çalışırdı. Rəsmilərin telefon zəngləri, səfərləri buna hesablanmışdı. Amma, bu o demək deyil ki, gələckdə belə hallar təkrar olunacaq. Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Sözsüz ki, bizim səbrimiz sonsuz deyil. Danışıqlar real nəticə verməsə, ordumuz torpaqlarımızı işğaldan azad edəcək”.

Politoloq vurğulayıb ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq: “Azərbaycan həm diplomatik, həm də hərbi yolla kifayət qədər hücumedici addımlar atır. Hesab edirəm ki, bundan sonra da bu addımlar davam edəcək. Torpaqlarımızı geri qaytarmağa kimsə mane ola bilməz. Aprel hadisələri bunu bir daha təsdiq etdi. Bizim məqsədimiz şəffafdır. Biz bunu dəfələrlə bəyan etmişik. Ona görə də torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.  AzVision.az

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın