Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Paytaxt sakinlərinə müjdə: Bakıya elektrobuslar gəlir

Paytaxt sakinlərinə müjdə: Bakıya elektrobuslar gəlir

Ekspert: “Tramvay yolu çəkilərsə, tıxaclar da bir qədər azalar…”

Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq. Bu barədə trend-ə Gəncə Avtomobil Zavodundan bildiriblər. Bununla bağlı saziş Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.

Tərəflər Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.

Məlumat üçün onu da qeyd edək ki, ötən il dekabrın 27-də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilib. Bu proqramda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçidin təmin olunması ilə bağlı vahid proqram əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, bu, ətraf mühitin mühafizəsi nöqteyi-nəzərindən də olduqca vacibdir.

Məlumat üçün onu da qeyd edək ki, elektrobus adlanan nəqliyyat vasitələri əslində trolleybusların bir qədər fərqli formasıdır.

nəqliyyat eksperti İlqar Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, Bakı yollarındakı ümumi vəziyyət, trolleybusların hərəkətinə imkan verir: “Sadəcə olaraq, problem tıxaclarla bağlıdır. Artıq Bakı tıxaclar şəhərinə çevrilib. Pik saatlarında, xüsusilə də axşam saatlarında əksər prospektlərimizdə ciddi tıxaclar yaşanır. Əslində tramvay nəqliyyat nəqliyyatının tətbiqi ilə bağlı fikirlər  onunla bağlı idi ki, bu nəqliyyat vasitələrinin xüsusi yolu olur. Həmin yolla digər nəqliyyat vasitələri hərəkət etmirlər. Belə olan halda sərnişinlər mənzil başına vaxtında çatırlar. Eyni zamanda tramvay yolu çəkilərsə, tıxaclar da bir qədər azalar. Çünki nəzərə cəhətdən insanlar tramvaylara üstünlük verəcəklər. Elektrobuslara gəlincə isə hazırkı avtobuslarla onun elə də xüsusi fərqi yoxdur. Onlar üçün də hərəkət zolağının təminatı məsələsi ortaya çıxacaq. Elektrobusların tətbiqi ilə yalnız bir üstünlük əldə edəcəyik ki, şəhər ekologiyasına ciddi töhfələr olacaq. Nəqliyyatın hərəkətində isə yenə də tıxaclarla üz-üzə qalacağıq. Avtobusların hərəkəti ilə trolleybusların hərəkətində tıxac baxımında hansısa üstünlük olmayacaq. Əlavə yolların, zolaqların yaradılması məsələsini də düşünməliyik. Sözsüz ki, tramvayla müqayisədə trolleybusların tətbiqi daha ucuz başa gələcək. Ancaq yolda ciddi irəliləyiş olmayacaqsa, tıxaclar qalacaqsa, burada hansısa fərqli addımdan tam danışmaq olmur”.

Elektrobusların elektrik xətlərinə gəlincə isə ekspert aşağıdakıları söylədi: “Sovet dönəmində trolleybusların hərəkətini izləyirdik və görürdük ki, qollar tez-tez elektrik xətlərindən ayrılır. Bu, asfalt örtüyünün pis olması səbəbindən və küləyin təsirindən baş verirdi. İndi isə texnologiya inkişaf edib və bu kimi halların qarşısını almaq mümkündür. Bu, sonuncu problemdir ki, Bakının küləyindən qollar elektrik xəttindən tez-tez ayrılacaq, nəqliyyatın hərəkətində fasilə olacaq. Məsələnin mahiyyəti bizim üçün bir neçə müddəadan ibarətdir. Belə ki, ilk növbədə elə nəqliyyat vasitəsi tətbiq etməliyik ki, vətəndaşlarımız sürətli şəkildə mənzil başına çatıb, tıxaclarda qalmasınlar. İkinci hədəfimiz də odur ki, şəhər ekologiyasına daha ciddi töhfələr verək. Əgər bu iki hədəfin birinə nail olub, digərinə nail ola bilmiriksə, o zaman natamamlıq yaranır. Sözsüz ki, bizim burada elə bir nəqliyyat növünü seçməliyik ki, heç bir hədəf natamam qalmasın. Bir qədər artıq vəsait xərcləsək də, tramvay yollarının qurulmasını və onun daha geniş tətbiqini həyata keçirərsə, bu, məqsədəuyğun olar”.

Ekspert onu da dedi ki, Azərbaycanda istehsal edilən elektrobuslar xaricə də ixrac edilə bilər: “Mütləq mənada yanaşmayaq ki, elə bu nəqliyyat növləri istehsal ediləcəksə, mütləq Bakıda, digər iri şəhərlərimizdə fəaliyyət göstərəcəklər. Ola bilər ki, zavodun imkanları o qədər genişlənər ki, bu elektrobusları xaricə sataq. Polşada və digər Avropa ölkələrində trolleybuslar geniş tətbiq olunur. Eləcə də Belarus, Ukrayna, Rusiya və digər bu kimi ölkələrdə sovet dönəmində qurulan infrastruktur qorunub saxlanıb. Nəqliyyat olaraq trolleybuslar orada tətbiq edilir. Ola bilər ki, Azərbaycan istehsal etdiyi elektrobusların satışını təşkil edib, qazanclar əldə edər. Şəxsən mən buna inanmıram. Çünki Gəncədə avtomobil zavoduna da xeyli yatırım edilmişdi, lakin nəticə istənilən formada olmadı. İndi də nəticənin yüksək olması üçün ciddi nəzarət edilməlidir. Yalnız bu halda nəyəsə nail olmaq mümkündür”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …