Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Xanım siyasətçinin 65 yaşı tamam oldu

Xanım siyasətçinin 65 yaşı tamam oldu

Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyasın lideri Lalə Şövkətin 65 yaşı tamam olur. Azinforum.az saytı olaraq Lalə xanımı təbrik edir, görkəmli siyasətçinin həyat yolunu oxucularımıza təqdim edirik:

Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası – Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. 1912-ci ildə Quba rayonunda anadan olub. İxtisasca ədəbiyyatçı və tarixçi idi. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən “MARS” –Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi.

Şövkət bəy 2 mart 1983-cü ildə dünyasını dəyişib.

Anası – Siddiqə xanım Şıxəli bəy qızı Useynova 1920-ci ildə Bakıda anadan olub. 1950-ci ildə N.Nərimanov ad. Tibb Universiteti bitirmiş, tibb elmləri namizədi, dosent idi. Siddiqə xanımın əmiləri Yusif, Yunus və Rəhman Useynovlar vaxtı ilə Rusiyanın müxtəlif universitetlərində ali təhsil almışlar. 1937-ci ildə onların hər üçü Müsavat partiyasının üzvləri olduqları üçün (Siddiqə xanımım atası artıq 1933-cü ildə vəfat etmişdir) Sibirə sürgün olunmuşlar.

Siddiqə xanım 8 mart 1988-ci ildə dünyasını dəyişib.

1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. Ilk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Sovet Ittifaqının cərrahiyyə üzrə güclü elmi mərkəzi sayılan Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan səhiyyə nazirliyi tərəfindən göndərilmişdir.

1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V. Vinoqradovun rəhbərliyi ilə davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1978-ci ildə N.V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlmişdir.

37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.

Yüzdən çox elmi əsərin müəllifidir. Professordur.

Bir oğlu var.

1991-ci ildə RSFSR-nin baş naziri İ. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilmişdir.

Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olmuşdur. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülmüşdür.

Siyasi fəaliyyəti

1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirmiş və o, Sovet İttifaqının demokratik hərəkatının aparıcı liderləri ilə sıx əməkdaşlığa başlamışdır.

1990-ci il “Qanlı yanvar” hadisəsi onun siyasi fəaliyyətinə güclü təkan vermiş və həyatında dönüş nöqtəsi olmuşdur. Bununla bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik etmişdir.

1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə “SSRİ-də Demokratik İslahatlar Uğrunda” Hərəkatın təşəbbüsçülərindən biri olmuş və “Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda” Beynəlxalq İctimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədləyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olmuşdur.

Bu Hərəkatın nümayəndəlikləri Azərbaycanda, bir çox sovet respublikalarında və Avropa ölkələrində fəaliyyət göstərmişlər.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H. Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilmişdir.

1994-cü ilin yanvarında  ali dövlət vəzifəsindən könüllü istefa verib.

Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmiş və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilmişdir. Lakin, o, vəzifədən imtina edib.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilmişdir. “Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir” deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan etmişdir.

7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verdi və prezident seçkilərinə müstəqil namizəd, Milli Birlik Hərəkatın lideri kimi qatıldı.

2005-ci il parlament seçkilərinə Lalə Şövkət Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, 70 namizəddən ibarət siyasi komanda ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət inkaredilməz böyük qələbə qazanmışdır və onun mandatı rəsmən təsdiq edilmişdir. Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi.

 

2010-cu il parlament seçkilərində Liberal Partiya “İnsan naminə” Seçki Blokunun nəzdində iştirak etmişdir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın