Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Nazirin tənqidi və sertifikasiyanın üzə çıxardığı həqiqətlər: niyə bu gündəyik?

Nazirin tənqidi və sertifikasiyanın üzə çıxardığı həqiqətlər: niyə bu gündəyik?

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, sertifikasiya zamanı 500-ə yaxın müəllim “anbar”, “şənbə” və “pambıq” sözlərinin düzgün yazılışını tapa bilməyib. O bildirib ki, 25-28 yaşlı müəllimlərimizin hamısı sertifikasiyadan uğurla keçib: “Əsas problem 35-39 yaşdan başlayır. Düzdür, hər bir yaşda səriştəli, bilikli müəllimlərimiz var. Məsələn, 61 yaşdan yuxarı olub və 51-dən yuxarı bal toplayan 184 müəllimimiz var”.

Nazir qeyd edib ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq”, “şaftalı” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Nazir vurğulayıb ki, bu tip hallar çoxdur.

O da məlum olub ki, təkrar sertifikasiyadan keçə bilməyən müəllimlərlə əmək müqaviləsinə xitam veriləcək.

Nazirin açıqlamalarından bəlli olur ki, gənc kadrlar daha savadlıdır.

Digər tərəfdən, yaşlı müəllimlərin də təcrübəsi məsələsi var. Ümumiyyətlə, sertifikasiya bir sıra həqiqətləri üzə çıxarıb. Müəllimlərin müəyyən bir qısmi savadsızdırsa, bu, həm də orta məktəblərdə və universitetlərdə təhsilin səviyyəsinin heç də ürəkaçan olmamasına dəlalət edir.

Görünən budur ki, haqqında nə qədər danışılsa və tənqid olunsa da, təhsilimizin baza vəziyyəti düzəlmir və irəli getmir. Nazir özü də təhsil sistemini tənqid edir, oradakı faciəvi durumu çılpaqlığı ilə göstərir. Lakin illərdir ki, vəziyyət düzəlmir. Niyə?

150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” –  Ekspertdən İRAD - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev 

Təhsil eksperti Adil Vəliyev məsələ ilə bağlı mövqeyini bildirib: “Müəllimin hər şeyi bilməməsi normaldır, amma bilmədiyini öyrənməməsi anormal. Təhsil nazirinin müəllimlər haqqında dediklərini bəyənməyə bilərsiniz. Amma nəzərə almaq lazımdır ki, o müəllimlər bizim uşaqlara dərs keçir. Bir sözlə, müəllim bilmədiyini öyrənməli, daha sonra öyrətməlidir”.

Azərbaycanda böyük qalmaqala səbəb olan dərsliyin müəllifi danışdı -  09.10.2017, Sputnik Azərbaycan

 Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Sertifikasiyaya cəlb edilməli olan ibtidai sinif müəllimlərinin 98%-i (10944 nəfər) sertifikatlaşdırma prosesində iştirak edib. Onlardan 78 %-i (8577 nəfər) ilk mərhələdə 30-60 bal toplayaraq uğur qazanıb, 22 %-i isə (2367 nəfər) 0-29 bal toplayaraq uğur qazana bilməyib. Uğur qazanmayanlardan 52 nəfər 0-10 arası, 1530 nəfər isə 21-29 arası bal toplayıb. Uğur qazanmayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb və onların növbəti mərhələdə bir neçə bal toplamaqla uğur qazanmaq ehtimalları yüksəkdir. Bu o deməkdir ki, sonda ən pis halda 10% müəllim sertifikatlaşmadan keçməyə bilər. Bu amil də prosesin sonunda ölkə müəllimlərinin təqribən 90 faizinin vəzifəsinə uyğun olmasını, bilik və bacarıqlarının qənaətbəxş olmasını şərtləndirəcək. Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100%, yaşı 60-dan yuxarı olan müəllimlər isə 68% uğur əldə ediblər. Uğur qazanmayan müəllimlərin bir il ərzində təkrar sertifikatlaşmaya cəlb edilməsi bu rəqəmi 80%-ə yaxınlaşması ehtimalını yüksəldir. Yaşı 60-dan çox olan müəllimlər sertifikasiya imtahanında 51 baldan yüksək nəticə göstərib ki, onların da sayı 184-dür. Yaşı 25-29 olan müəllimlərin orta təhsil aldıqları dövrdən testologiya vərdişlərinə yiyələnməsi, buraxılış və qəbul imtahanları dövründə test üsulu ilə imtahan edilmələri, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim texnologiyalarının öyrədilməsi, mərkəzləşmiş müsabiqə ilə müəllim vəzifəsinə təyin edilən zaman ixtisas və metodikadan bilik və bacarıqlarının test üsulu ilə sınağa çəkilməsi və nəhayət, gənclərin yaşlı insanlara nisbətən daha çox zehni üstünlüyə malik olması onların uğurunu şərtləndirib. Bütün bunları nəzərə aldıqda yaşla əlaqədar beyin hüceyrələrinin atrofiyaya uğraması, heç bir halda testologiya vərdişlərinə malik olmaması, bilik və bacarıqlarının heç vaxt test üsulu ilə yoxlanılmaması, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim metodların öyrədilməməsi səbəbindən onların özlərindən azı iki dəfə cavan müəllimlərə nisbətən 20-30 faiz aşağı nəticə göstərmələri tam normal bir haldır”.

Ekspertin sözlərinə görə, setifikatlaşmadan uğur qazanan, yəni 30-60 bal toplayan 8577 nəfər müəllim müsahibə mərhələsindən keçsə, əmək haqlarına əlavələr ediləcək: “Onlardan 5599 nəfərinin (30-50 bal toplayan) maaşına 10 % , 2599 nəfərinin (51-60 bal toplayan) maaşına 35 % əlavələr ediləcək. Beləliklə, ən yaxşı halda ölkədəki müəllimlərin 4 nəfərindən 1-nin maaşı artmayacaq, 2-nin maaşı 10% artacaq, birinin maaşı isə 35% artacaq. Statistika göstərir ki, sertifikatlaşmada 0-29 bal toplayan müəllimlərin sayı 51-60 bal toplayan müəllimlərin sayına təqribən bərabərdir, 30-50 bal toplayan müəllimlərin sayı isə təqribən onların cəminə bərabərdir. Sertifikatlaşdırma imtahanlarının birinci mərhələsi çərçivəsində keçirilən son test imtahanlarda 78 % təhsilverən uğur qazanıb. Lakin nəzərə alaq ki, bu rəqəmin belə yüksək olması Bakı, Sumqayıt, Abşeron və Gəncə kimi mərkəzi və iri şəhərlərin bu prosesdə iştirakı ilə bağlıdır. Bu prosesdə Siyəzən, Quba və Xızı kimi rayonların müəllimləri bir qədər yüksək nəticələr göstərsələr də sair kənd rayonlarının təhsilverənləri yalnız 40%-70% aralığında uğur qazana biliblər. Buna sertifikatlaşmanın birinci mərhələsindən 40% nəticə ilə keçid balını toplayan Daşkəsən rayonunu və 50% nəticə ilə keçid balını toplayan Samux rayonunu nümunə kimi göstərmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji aşağı nəticə göstərəcəklər və uğur qazanmayan müəllimlərin sayı iki dəfə artaraq 30 faizə qalxa bilər. Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzifəsini itirə və bu belə müəllimlərin işlədiyi çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxara bilər.

Setifikatlaşdırma imtahanlarında uğur qazanıb 30-40, 40-50 və 50-60 aralıqlarında bal toplayan müəllimlərin sayı göstərilən bal intervalına uyğun olaraq bərabər paylanıb. Sertifikatlaşdırma prosesində 25-35 yaş aralığındakı müəllimlərin 95%-i, 35-60 yaş aralığındakı müəllimlərin 80%-i, 65-70 yaş aralığındakı müəllimlərin isə 70%-i test mərhələsindən uğurla keçiblər. Sertifikatlaşmada iştirak edən müəllimlərin təqribən yarısından çoxunun balı 40-dan, təqribən üçdə birinin balı isə 50-dən yuxarı olub. Müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanlarında 30-40 aralığında bal toplayan 7 nəfər, 40-50 aralığında bal yığılan 5 nəfər və 50-60 aralığında bal yığılan 1 nəfər müəllim isə sertifiktlaşdırma prosesinin test imtahanı mərhələsindən qəribə olsa da, keçid balını belə toplaya bilməyiblər. Müəllimlərin işə qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin 99%-i, müsabiqəsiz işə qəbul edilənlərin isə 77%-i sertifikatlaşdırma prosesinin birinci mərhələsindən uğurla keçiblər. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin orta sertifikatlaşdırma balı 53-ə, müsabiqəsiz işə qəbul edilənlərin balı isə 39-a bərabər olub. Nazirliyə birbaşa tabe olan təhsil müəssisələrində sertifikatlaşmaya cəlb edilən müəllimlərin 15%-i keçid balını toplaya bilməyib və onların orta sertifikatlaşdırma balı 46-ya bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin isə 14%-i keçid balını toplaya bilməyib və onların orta sertifikatlaşdırma balı 43-ə bərabər olub. Ümumilikdə sertifikatlaşmanın test mərhələsinə cəlb edilən müəllimlərin 22 %-i keçid balını toplaya bilməyib və onların orta sertifikatlaşma balı isə 40-a bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86%-i, Elm və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin müəllimlərinin 85%-i,  Abşeron – Xızı Regional Təhsil İdarəsinə tabe olan məktəblərin müəllimlərinin 80%-i, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin 71%-i və  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabe məktəblərin müəllimlərinin isə yalnız 56%-i keçid balını toplayaraq növbəti mərhələyə qədəm qoyublar. Beləliklə, proqnoz vermək olar ki, ölkədəki müəllimlərin ən azı 25%-nin maaşı artmayacaq, ən yaxşı halda 50%-nin maaşı 10%  və 25%-nin maaşı isə 35 % arta bilər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …