Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Məhəmməd Hadi küçəsində “ölüm xəndəyi” qazılıb – REPORTAJ (FOTOLAR, VİDEO)

Məhəmməd Hadi küçəsində “ölüm xəndəyi” qazılıb – REPORTAJ (FOTOLAR, VİDEO)

Ukrayna dairəsi yaxınlığında hər an faciə baş verə bilər

Bakının Xətai rayonu ərazisində, Ukrayna dairəsindən Məhəmməd Hadi küçəsi istiqamətinə yolu yenə qazıblar. Kim qazıb, niyə qazıb, bilinmir. Sadəcə, hamar yolu qazıblar və çıxıb gediblər. Yol qazanlar nə düşünüblər, bilinmir. Qazıntı işləri nəyə görə aparılır, bunu ətrafda bilən yoxdur. Bunu bildirən lövhə də ərazidə gözə dəymir. Camaat yol qazanların nədən belə bir təsərrüfatsızlıq etdiklərinin məqsəd, məramını bilmirlər. Ətrafdakı binalarda yaşayanlar deyir ki, küçənin bir tərəfindən keçən ilin bu günlərində qazıntı işləri aparmağa başlayıblar.

Bu ilin əvvəlində isə gəlib Ukrayna dairəsinə qədər çıxıblar. Taksi sürücüləri deyir ki, ərazidə su xətti çəkirlər, yoxsa qaz xətti çəkirlər bilinmir və bunun onlar üçün elə də əhəmiyyəti, fərqi yoxdur. Əsas odur ki, gediş-gəlişə mane olurlar. Yolu daraldıb, birtərəfli ediblər. Səhərlər və axşamtərəfi burada tıxac əmələ gəlir. Hamısı da bu yöndəmsiz, ləng aparılan təmirə görədir.

“Bir həftədir ki, burada iş getmir. İşləsəydilər, artıq iş bitirmiş olardı. Biz də rahat gedib-gələrdik. Siz hələ sakit vaxtda gəlmisiniz. Axşam saatlarında burada dayanmaq olmur. Tıxac yaranır, maşınların siqnal səsi adamı dəli edir. Burada iş görənlər başa düşməlidirlər ki, bura onsuz da ensiz yoldur. İşlərini ən qısa zamanda bitirməlidirlər. Amma əksinə oldu. Qazıblar və gediblər. İndi heç bir iş görülmür. Sanki bu yolun bir sahibi yoxdur” -deyə həmsöhbətimiz olan sürücü deyir. Hazırda orada belə bir mənzərə var – yolun hərəkət hissəsinə tökülən torpaq topaları, asfalt qırıqları, iri daşlar, doğranmış çınqıl parçaları yolda hərəkəti çətinləşdirib. Yolu bu hala salanları, əlbəttə ki, cəzalandıran olmayacaq. Bunu özləri də bilməmiş deyilər.

Sakinlər deyir: “İş görmək əvəzinə gün keçirirlər. 3-5 gündən bir gəlib ərazidə qurdalanıb yenə də gedirlər. Kimi gözləyirlər, nəyi gözləyirlər bilinmir. Acı təcrübədən bilinən odur ki,  yolu əvvəlki vəziyyətinə qaytarmaq üçün çox güman ki, yeni layihə təqdim edəcəklər və xeyli pul vəsaiti qamarlayıb ciblərinə qoyacaqlar. Hava bir az qaraldısa, vəssalam. Ukrayna dairəsindən üzü Məhəmməd Hadi küçəsinə istiqamətlənən maşınların tormoz səsi aləmi bürüyür. Səbəb də sadədir – ərazinin kimin qazdığı bilinmədiyi kimi, ərazinin qazıldığını bildirən yol nişanları da yoxdur. Maşın yarım metr, dərinliyi metryarım xəndəyə düşdüşə, ağır texnikasız oradan çıxarmaq da çətin ki, mümkün ola”.

Təkcə Məhəmməd Hadi küçəsi bu vəziyyətdə deyil. Bir az aralıda, “Maşın bazarı”nın yaxınlığında – Babək prospektində də qazıntı işləri aparılır. Həm də tısbağa sürəti ilə. Sanki yol-təmir tikinti şirkətinin pulunu verməyiblər və yolu qazdırıblar. Adamlar da işləmirlər. Çəkiliş apardığımız saatlar günortaya, saat 12-yə təsadüf etsə də, yolların qazılmış hissələrində nə bir fəhlə gözə dəyirdi, nə də ki, maşın texnikalar hərəkətdə idi. Vaxt uzadırlar, pullarını almaq üçün sifarişçilərin əsəblərini tarıma çəkir, ortada isə yoldan istifadə edən vətəndaşlar əziyyət içində yaşamalı olurlar. Bu yollardan istifadə edənlər gecənin zülmətində hər an qəzaya düşmək təhlükəsi ilə üzləşir, işə gedib qayıtma saatlarında isə tıxaclarda əsəb gərginliyi keçirirlər. Qafqazın ən uzun körpüsünün yaxınlığında da eyni durumdur. 2015-ci ilin əvvəlində qazılan yolu 2018-ci ilin əvvəlində bir də qazıyıblar. Bir yolu neçə dəfə qazıb, üsütünü basdırarlar? Hər belə qazıntı işindən sonra da kələ-kötür yolları başlı-başına buraxıb işlərini bitmiş hesab edirlər.

Əsas yollarda qazıntı işləri başlanandan sonra sürücülərin istiqamət aldıqları alternativ yollar da qazılır. Elə bil dövlət qurumları sözləşib, eyni vaxtda yolları bağlamaq, məhdudlaşdırmaq razılığına gəliblər. Nəticədə yollarda xaos hökm sürür. “Bu kimə sərf edir” sualı da açıqdır.

E.MƏMMƏDƏLİYEV,
Foto müəllifindir

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …