Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Kanalizasiya sularının axıdıldığı Xəzərdən içməli su almaq doğrudurmu?

Kanalizasiya sularının axıdıldığı Xəzərdən içməli su almaq doğrudurmu?

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacağı ilə bağlı məsələ aktuallaşıb. İçməli suya olan tələbatı ödəmək üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu proses daha az xərc tələb edir. 

Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub. Hazırkı dövrdə isə bu prosesin tətbiqi gigiyenik cəhətdən mümkün deyil. Ən azı ona görə ki, kanalizasiya suları və tullantıları birbaşa Xəzər dənizinə axıdılır. Üstəlik dəniz platformasından neft və ya digər bulanıq mayenin Xəzərə axıdılması faktları da mövcuddur. 

Mövzu ilə bağlı danışan ekoloq Ənvər Əliyev də hesab edir ki, dənizdən içməli su əldə etmək məqbul deyil:

“Bu sudan içmək yox, sadəcə məişətdə, suvarmada və bəzi zavodlarda istifadə olunması mümkün ola bilər. Əksinə, bizim içməli sularımız çoxdur. Azərbaycanın çayları və yeraltı suları tükənməyib ki, dənizdən içməli su alaq. Təəssüfedici məqam odur ki, içməli suyu 400-500 kilometrlikdən gətirib bağ sulamağa, maşın yumağa istifadə edirik. Biz bunun əleyhinəyik. Yaxşı olar ki, içməli və məişətdə istifadə olunan sular ayrı olsun. İsraf etdiyimiz suları düzəldək, ondan sonra əlavəsinə baxarıq”.

Ekoloqun sözlərinə görə kanalizasiya sularının və digər mayelərin axıdıldığı dənizdən içməli su almaq insan orqanizminə təhlükədir:

“Bəzi müəssisələrin tullantılarında elə maddələr var ki, onlar həll olmur. Hələ qalsın ki, bu maddələr insan orqanizminə keçsin… İnsanın su tələbatının sanitar-gigiyenik normaları var ki, bunlardan kənara çıxmaq olmaz. Çünki çox ciddi fəsadlar baş verə bilər. 

Üstəlik Xəzər dənizindən içməli su almaq böyük xərc tələb edir. Uzun müddət metrodan su çıxırdı. Hətta qurumun mənbələrindən aldığım məlumata görə. Bakı metrosu lay sularının təmizlənməsinə 300 min manata qədər pul xərcləyir. Bu sularla içməli su probleminin ağır vaxtlarında heç olmasa ağacları sulamaq olar.  

Bundan əlavə Bakının özünə gələn sular var ki, hər tərəfdən dənizə doğru axıdılır. Onlardan da bəzi sahələrdə istifadə etmək olar. Ümumiyyətlə, içməli sudan qənaətlə və normal istifadə edə bilsək, alternativlərə ehtiyac qalmayacaq. 

Onu da deyim ki, Bakının kanalizasiya sistemi bərbad durumdadır. Su borularının çoxu Sovet dövründən də əvvəlki illərə aiddir. Yararlıqları sual altındadır. Suya qənaət etmək üçün öncə bu problemlərə diqqət etmək lazımdır”. Bizim.media

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …