Cümə , İyul 19 2019
Ana səhifə / Sosial / İsraildən Türkiyə və Azərbaycana böyük jest

İsraildən Türkiyə və Azərbaycana böyük jest

“İsrail hasil elədiyi təbii qazı TANAP (Trans-Anadolu Qaz Kəməri Layihəsi) vasitəsilə Türkiyə üzərindən Avropaya nəql edə bilər”. Bunu İsrailin energetika naziri Yuval Şteynits bildirib.

Nazirin sözlərinə görə, İsrailin çox böyük qaz ehtiyatı var və gələcəkdə bu göstərici 2,5 trilyon kubmetrə çata bilər. O, İsrailin TANAP-a qoşulmasının hər iki ölkəyə xeyirli olacağını deyib.

Yada salaq ki, daha öncə beynəlxalq sanksiyalardan qurtulan İran Azərbaycanın “Şahdəniz-2” qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin (CQD) ikinci seqmenti olan TANAP-a maraq göstərib və ona qoşulacağını istisna etməmişdi. Eyni fikri bu ilin martında Bakıda keçirilən “Caspian Oil and Gas 2015” konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirmişdi.

“Əgər proseslər belə davam etsə, gələcəkdə İran TANAP-a qoşula bilər və öz qazını Avropaya çıxarmaq imkanı əldə edər. Böyük enerji resurslarına malik İraq, İsrail və Kipr də öz qazını Azərbaycanın infrastrukturundan istifadə etməklə Avropaya ixrac edə bilər… Biz İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar gələcəkdə Türkiyə ərazisindən keçən Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyirlər” – nazir qeyd eləmişdi.

***

Lakin İsraillə İranın bəlli münasibətləri nəzərə alınarsa, bu iki dövlətin eyni beynəlxalq energetik layihədə iştirakının nə dərəcədə mümkün olacağını söyləmək bəlkə də tez olardı. Hərçənd söhbət Azərbaycan-Türkiyə layihəsindən gedir. Bu üzdən İsrail və İranın TANAP-a qoşulması zamanı ortaya hansısa siyasi əngəlin çıxmayacağını da proqnoz eləmək mümkündür.

Başqa yandan, iqtisadi maraqlar çox vaxt siyasi ziddiyyətləri arxa plana keçirə bilir. Sanksiyalardan qurtulan İrana isə Avropanın əsas neft-qaz bazarlarına çixış çox vacibdir. Bundan ötrü isə ona yaxşı ixrac boru kəmərləri infrastrukturu lazımdır ki, bu da yoxdur və ya zəifdir. Türkiyə və Azərbaycan isə əksinə, artıq belə kəmərlərə sahibdir, gələn ilin sonuna isə TANAP da hazır olacaq.

***

Sözsüz ki, həm İsrailin, həm də İranın TANAP-a qoşulması Azərbaycanın da iqtisadi maraqlarına cavab verir. Çünki o halda ümumən Cənub Qaz Dəhlizinin rentabelliyi və etibarlılığı daha da artacaq, Azərbaycanın və Türkiyənin bölgə və dünya üçün energetik əhəmiyyəti güclənəcək.

Bu, sözsüz ki, İsrail-Türkiyə barışının doğurduğu ilk müsbət nəticələrdən biridir. Ancaq situasiyanın maraqlı özəlliklərindən başqa biri Rusiya-Türkiyə barışığından sonra “Türk axını” qaz kəməri layihəsinin də gündəmə qayıtmasıdır. Bu layihə isə bəlli olduğu kimi, TANAP-a və onun davamı olan TAP-a (Trans-Adriatik Qaz kəməri Layihəsi) alternativ sayılır.

“Rusiya “Türk axını” ilə bağlı müvafiq infrastruktur layihələrini reallaşdırmağa hazırdır, ancaq problem ondadır ki, Ankara və Avropa Birliyi üzrə tərəfdaşlar da buna hazırdırmı?” Bunu Rusiyanın energetika naziri Aleksandr Novak Moskva-Ankara münasibətləri normallaşması kontekstində vaxtilə dondurulmuş layihənin aqibətindən danışarkən bildirib.

Lakin nazir obyektiv siyasi maneələrin qaldığını da etiraf edib. “”Türk axını” ilə bağlı Qara dənizin dibi ilə qaz kəmərinin çəkilişi üzrə müvafiq infrastruktur layihələrini həyata keçirə bilərik. Ancaq ən başlıcası odur ki, bizim türkiyəli tərəfdaşlarımız və həmkarlarımız, eləcə də avropalı həmkarlar bu layihələrin reallaşmasına hazırdılarmı? Çünki hazırda Avropa Komissiyasının bu məsələ ilə bağlı dəqiq mövqeyi yoxdur. Avropa Komissiyası tərəfindən müəyyən zəmanətlər verilərsə, biz bu layihəni həyata keçirməyə hazırıq”, – deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.

***

Yada salaq ki, Rusiya 2014-cü ildə Avropa Birliyinin neqativ mövqeyi üzündən “Cənub axını” layihəsini dondurduğunu elan edib. Bu kəmər Bolqarıstan, Serbiya, Macarıstan ərazisindən Türkiyə istiqamətində yeni qaz kəmərinin xeyrinə inşa edilməli idi. Lakin layihə Moskva və Ankara arasında siyasi münasibətlərin soyuması ucbatından dondurulmuşdu.

Rəsmi Kremlin özü də “Türk axını” məsələsinə hələlik skeptik yanaşır, nəinki nikbin. Çünki Rusiyanın Türkiyə  ilə münasibətləri normallaşsa da, Ukraynaya görə Qərblə, Avropa ilə, ABŞ-la  münasibətləri gərgin olaraq qalır. Təsadüfi deyil ki, ABŞ-ın Şərqi Avropa ölkələrinə güclü təzyiqi nəticəsində Avropanın Rusiya qazından asılılığını gücləndirəcək “Cənub axını” layihəsi yarımçıq qalıb, “Türk axını” isə TAP-la rəqabətdə uduzub. Üstəlik, Ankara-Moskva münasibətlərinin soyuması onun taleyini bir az da qaranlıq eləmişdi.

Bununla belə, Rusiyanın qaz müharibəsində elə-belə geri çəkiləcəyini düşünmək yanlış olardı. Üstəgəl, indi Türkiyə də əslində “Türk axını”nın hansısa şəkildə reallaşmasında maraqlıdır. Çünki bu, qardaş ölkə üçün həm əlavə və böyük iqtisadi mənfəət deməkdir, həm özünün qaza ehtiyacının zəmanətli ödənməsi və energetik təhlükəsizliyinin güclənməsi deməkdir, həm də Türkiyənin bölgədə əsas energetik xaba (paylayıcıya) çevrilməklə Avropa üçün artan önəmi və daha güclü söz sahibi olması deməkdir.
Belə görünür ki, “Qaz müharibələri” yeni və sonuncu mərhələyə keçir.  Musavat.com

Həmçinin oxuyun

Bakının hansı ərazilərində hava daha çirklidir?

Bakıda havanın daha çox çirkli olduğu ərazilərin adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) …

Bir cavab yazın