Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Heydər Əliyevin dövründə qarşısı alınmış çevrilişlər…

Heydər Əliyevin dövründə qarşısı alınmış çevrilişlər…

Prezident İlham Əliyev mərhum Heydər Əliyevin anımı ilə bağlı keçirilən tədbirdə tanınmış siyasətçinin keçdiyi həyat yoluna ekskurs edib. O, xüsusilə də, Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi zamanı şərəfli tarixin bir hissəsi kimi səciyyələndirib:

“Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı”.

Prezident daha sonra Azərbaycanda xarici dövlətlərin əli ilə təşkil edilən dövlət çevrilişlərindən və onların qarşısının mərhum Heydər Əliyev tərəfindən alınmasından söz açıb: “Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar. 1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir.

1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi”.

Prezidentin qeyd etdiyi və Azərbaycan tarixinin mühüm mərhələsi hesab edilən həmin ziddiyyətli dövrlə bağlı bütün mətləblərə aydınlıq gətirilibmi? Sözügedən dövlət çevrilişlərində hansı xarici ölkələr maraqlı olub?

Həmin dövrdə Milli Təhlükəsizlik Nazirliyində çalışan Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki,

Azərbaycan Prezidenti İlham Əliyevin dediklərini tam dəstəkləyir: “Bu, Azərbaycanın çox da uzaq olmayan tarixidir və mən də, digərləri kimi, o illərdə baş verən proseslərin şahidiyəm. Həmin illərdə bir sıra xarici dövlətlərin maraqları Azərbaycanda toqquşurdu və hərə öz istəyinə uyğun olaraq bundan yararlanmaq istəyirdi. Hətta iş o yerə gəlib çatmışdı ki, Azərbaycanı federal dövlət kimi parçalamaq fikirləri də var idi. Bu proseslərdə müəyyən dövlətlərin marağını təmsil edən və istifadə etdiyi daxili qüvvələr də mövcud idi. Bu gün də mütəmadi olaraq həmin dövlətlər bu qüvvələrdən, daha doğrusu, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan həmin ünsürlərdən istifadə etməyə çalışır. Yəqin ki, həmin dövrün “lider”lərindən olan Əlikram Hümbətovun “erməni soyqırımı” ilə əlaqədar bəyanatı ilə çoxları tanışdır. Bu şəxs indi də müəyyən dövlətlərin sifarişləri ilə oturub-durur. O da tək deyil. Detallara gəldikdə isə, belə çevriliş cəhdlərinin qarşısının necə alınması tarixə buraxılır. Başlıcası o idi ki, bir çox mətləblərə aydınlıq gətirildi.

Yəni forma və metodların açıqlanması hər zaman məqsədəuyğun olmur, əsas məsələ bu əməliyyatlara rəhbərliyin düzgün təşkil edilməsi idi. Bu işdə də rəhmətlik Heydər Əliyevin danılmaz təcrübəsi, səriştə və bacarığı öz işini gördü”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın