Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Elçibəyin Rusiya ilə imzaladığı müqavilə niyə ratifikasiya olunmadı?

Elçibəyin Rusiya ilə imzaladığı müqavilə niyə ratifikasiya olunmadı?

23 il öncə -1992-ci il oktyabrın 12-də Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəy Rusiya prezidenti Boris Yeltsinin dəvəti ilə Moskvada rəsmi səfərdə olmuşdu. O zaman diqqəti çəkən əsas məqamlardan biri Azərbaycan dövlət başçısının rus dilində danışmaqdan imtina edərək Azərbaycan dilində danışması oldu. Görüşlər zamanı tərəflər dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladı.

Maraqlıdır ki, həmin müqavilə sonradan nə Rusiya Duması, nə də Azərbaycan Parlamenti tərəfindən ratifikasiya edilmədi və bu sənəd hüquqi olaraq qüvvəyə minmədi. Ancaq bəzi ekspertlər iddia edir ki, sözügedən müqavilə faktiki olaraq qüvvəyə minib. Və orada Azərbaycanın suverenliyini təhdid altına alan bəzi maddələr olub. O da maraqlıdır ki, Rusiya mənbələrində bu müqavilə haqqında materiallara rast gəlinsə də, Azərbaycan mənbələrində bu barədə heç bir məlumat tapa bilmədik. XİN-in rəsmi saytında Azərbaycan-Rusiya münasibətlərinə dair məlumatda da həmin görüş və müqavilə haqqında bir cümləyə də rast gəlinmir.

“Bu müqavilə 907-ci düzəlişin tətbiqinə səbəb oldu”

Siyasi analitik Tahir Cəfərlinin sözlərinə görə, Azərbaycan dövlətinin Yeltsin hökuməti ilə imzaladığı həmin sazişin əsas hissəsi gizli saxlanılıb: “Rusiya və Azərbaycan arasında 12 oktyabr müqaviləsi gizli şəkildə imzalanıb. Sazişin Duma tərəfindən ratifikasiya olmaması hələ o demək deyildir ki, saziş işləmir. Əksinə, ola bilər ki, bu saziş Gizli Sazişdir. Diplomatik əlaqələrdə bu, adi haldır. O dövrdə müqavilənin Azərbaycan üçün variantı “İzvestiya” qəzetinin Bakı nəşrində də çap olunmuşdu. Moskvada çıxan “İzvestiya” qəzetində dərc olunmuş sazişin Bakı “İzvestiya”sındakından böyük fərqi var idi. Demək olar ki, Azərbaycan üçün variantdan əsas müddəalar çıxarılmışdı. Buna diplomatik avantüra deyirlər. Əslində bu saziş Azərbaycanın başına ip bağlayıb saldı Rusiyanın arxasına. O zaman dövlət katibi Pənah Hüseynov döşünə döyürdü ki, millətin 90%-i də bizə qarşı getsə, bizi yıxa bilməzlər. Bilirsiz, niyə? Çünki Rusiya arxalarında dururdu. Amma məhz Rusiya ilə həmin sazişin ucbatından 15 gün keçməmiş, oktyabrın 24-də ABŞ Azərbaycana qarşı məlum 907-ci düzəlişi qəbul edərək ölkəmizi yardımlardan məhrum etdi. Və eyni zamanda AXC hakimiyyətinə müxalif olan qüvvələrə yardım etdi”.

“Orada Azərbaycan əleyhinə heç bir maddə yox idi”

Eks-prezident Əbülfəz Elçibəyin Moskva görüşlərində iştirak etmiş sabiq baş nazir Pənah Hüseyn həmin səfərin Azərbaycan prezidentinin ilk rəsmi səfərlərindən biri kimi əhəmiyyətini vurğuladı. O, Azərbaycan-Rusiya müqaviləsinin imzalanmasının şahidi olduğunu söyləyərək bu sənədin ölkəmizin müstəqilliyi əleyhinə olması barədə deyilənlərin şayiə olduğunu və bunun Elçibəy hakimiyyətinin opponentləri tərəfindən yönləndirildiyini söylədi: “Xatırladım ki, hələ 1992-ci il iyunun 4-də mən yenicə formalaşan AXC hakimiyyətinin ən yüksək vəzifəli şəxslərindən biri kimi dövlət katibi olaraq ilk səfərimi 1992-ci ili iyunun 4-də məhz Moskvaya etmiş və orada müəyyən məsələlər üzrə danışıqlar aparmışdım. Bu da bizim Azərbaycanın təhlükəsizliyi və əlaqələri baxımından Rusiya ilə əlaqələrə nə qədər əhəmiyyət verdiyimizin göstəricisidir. Elçibəyin Qara Dəniz İqtisadi Əməkdaşlıq ölkələrinin yığıncağı zamanı İstanbula səfərindən sonra Moskvaya gedişi ilk rəsmi dövlət səfəri idi. Görüşlərdə geniş nümayəndə heyəti iştirak edirdi. Və önəmli olan bir məsələ də ondan ibarət idi ki, həmin görüşlərdə imzalanan müqavilələr sovet dövründən fərqli olaraq ikitərəfli formada bağlanırdı. Haqqında bəhs etdiyimiz müqavilə də bu qaydada bağlanmışdı. Və eyni zamanda Rusiyanın belə bir müqaviləni keçmiş sovet respublikaları arasında ilk dəfə Azərbaycanla imzalaması da diqqətəlayiq hal idi. Məhz bu müqavilədən sonra Rusiya XİN xəttilə Qarabağ məsələsi ilə bağlı siyasətində Azərbaycanın xeyrinə müəyyən dəyişikliklər etmişdi. Təbii ki, Rusiyanın bəzi dairələri həmin sənədə Azərbaycanın suverenliyinə xələl gətirən müddəalar salınmasına cəhd edirdi. Ancaq Azərbaycan tərəfi olaraq biz bunlara imkan vermədik. Və həmin sənəddə Azərbaycanın təhlükəsizliyi və müstəqilliyi əleyhinə heç bir maddə yox idi. O zaman bu müqavilə rəsmi qəzetlərdə də çap edilmişdi və orada xalqdan gizli heç nə ola bilməzdi. Mənim öz arxivimdə də həmin sənədin çap olunduğu qəzetlərin surəti olmalıdır. XİN arxivində də bunu tapmaq olar”.

“12 oktyabr müqaviləsi faktiki olaraq qüvvədə idi”

Rusiya ilə 1992-ci ildə imzalanmış müqavilənin nədən parlamentlər tərəfindən ratifikasiya olunmaması məsələsinə gəldikdə keçmiş dövlət katibi bunları söylədi: “Düzü, həmin sənədin parlamentdə ratifikasiya olunub-olunmamasını xatırlamıram. Amma yadımdadır ki, istər hakimiyyət daxilində, istərsə də odövrkü müxalifət tərəfindən bu müqavilənin bağlanmasına heç bir etiraz olmamışdı. Onu da bilirəm ki, o sənəd faktiki olaraq qüvvədə idi və Azərbaycan-Rusiya münasibətləri məhz həmin müqavilə ilə tənzimlənirdi. Və bu müqavilənin davamı olaraq 1997-ci ildə Heydər Əliyev Rusiya ilə ikinci müqavilə bağladı”.

“12 oktyabr görüşlərində Qraçovla önəmli razılaşmalar əldə etdik”

Elçibəyin Moskva səfərində müdafiə naziri kimi iştirak etmiş Rəhim Qazıyev isə bunları dedi: “Yadımdadır ki, Moskvada bizi xoş qarşılayaraq Kosıgin şosesində xüsusi iqamətgah ayırmışdılar. Mən müdafiə naziri olaraq həmin görüşlər zamanı Giləzidəki strateji əhəmiyyətli, Cənubi Qafqazda ən böyük silah bazası barədə önəmli razılaşma əldə etdim ki, həmin razılaşma əsasında o bazadakı raket və sursatların xeyli hissəsini Azərbaycanda saxlaya bildik. Təkcə onu qeyd etmək kifayətdir ki, həmin bazada Azərbaycan Ordusu üçün 43 mlrd. ədəd 7,62 və 5,45 kalibrli avtomat güllələri qalmışdı. Müqaviləyə gəldikdə, həmin dövrdə bəziləri iddia etdi ki, guya həmin sənədi imzalamaq Azərbaycanı təzədən Rusiyanın boyunduruğuna salmaqdır. Mən ovaxtkı müdafiə naziri kimi deyə bilərəm ki, həmin müqavilədə Azərbaycanın təhlükəsizliyi əleyhinə elə bir maddə olmayıb. Və üstəlik, o görüşlər zamanı mən Rusiya müdafiə naziri Pavel Qraçovla Qəbələ RLS barədə də razılığa gəlmişdim. Həmin razılaşmaya görə, bu hərbi obyekt Azərbaycanın mülkiyyəti olmaqla hər iki dövlət – Azərbaycan və Rusiya mütəxəssisləri tərəfindən istismar olunmalıydı. Təəssüf ki, bizdə Rusiya əleyhinə radikal mövqedə dayanıb guya mənim də “Rusiyanın adamı” olduğumu iddia edənlər həmin razılaşmanın parlamentdə müzakirə olunmasına imkan vermədi. Mən o zaman da hakimiyyətdəkilərə deyirdim ki, Rusiya boyda qonşu dövləti inkar etmək məntiqsiz siyasətdir. Bu illər ərzində biz Qərbin, Amerika və Avropanın əsl sifətni gördük. Düzdü biz o zaman sakit yolla, razılaşma əsasında rus qoşunlarını çıxardıq. Amma bu nəhəng dövlətlə münasibətləri normal saxlamaq vacib idi”.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci il sentyabrın 25-də fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də prezident Heydər Əliyevin Moskva səfəri zamanı imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir. Və bu günkü qarşılıqlı münasibətlər də əsasən həmin sənəd və digər hüquqi sazişlər çərçivəsində tənzimlənir.

Sultan Laçın

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın