Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Deputatdan ikidən artıq uşaqlı ailələrə güzəşt təklifi – ŞƏRH

Deputatdan ikidən artıq uşaqlı ailələrə güzəşt təklifi – ŞƏRH

Ölkədə uşaqpulu məsələsi uzun illərdir müzakirə olunur. Ancaq bununla bağlı konkret bir nəticə yoxdur. Hətta bu yaxınlarda belə bir rəsmi məlumat da açıqlandı ki, ölkədə demoqrafik vəziyyətdə geriləmələr var. Bunun əsas səbəbinin ailələrin maddi durumu ilə əlaqəli olduğu bildirilir.

Deputat Siyavuş Novruzov parlamentin son iclasında 2 uşaqdan sonra ailələrə güzəşt nəzərdə tutulmasını təklif edib. O deyib ki, ailəyə yalnız 5 uşaqdan sonra müəyyən güzəştlərin verilməsi yaxşı deyil: “2 uşaqdan sonra təminat nəzərdə tutulsa, daha yaxşı olar. Üçüncü məsələ bizdə 10 uşaq olana “Qəhrəman ana” statusu verilirdi. Hesab edirəm artıq 7-8 uşağı olana “Qəhrəman ana” statusu verilsə yaxşı olar. Digər məsələ sosial müavinətlərin verilməsi ilə bağlıdır. Millət vəkillərinə onların rayonlarından kimə sosial müavinət verilir, onun siyahısı verilsə, daha yaxşı olar. Çünki bizə kifayət qədər müraciətlər olur. Bu siyahı heç olmasa rayon üzrə verilsə, bu məsələlərin daha şəffaf olmasına şərait yaradar”.

Məlum olduğu kimi son illər ölkədə azuşaqlı ailələrin sayı artır. İndi ailələr əsasən 1, maksimum 2 uşağa üstünlük verir. Əgər ötən əsrin 80-ci illərində 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 50 faizdir. Beləliklə, 2 uşaqlı ailələrin çəkisi azı 2 dəfə artıb. Bir sıra mütəxəssislərin fikrincə, buna səbəb son dövrlərdə sosial durumun çətinləşməsi, qlobal bahalaşmadır. Bütün bunların fonunda da ailələr 2-dən artıq uşaq dünyaya gətirmir, hətta gənclər evlənməkdən də çəkinirlər.

Qeyd edək ki, Azərbaycanda artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılır. Bu barədə Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması, eləcə də saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Onu da xatırladaq ki, Azərbaycanda hər doğulan uşağa görə dövlət tərəfindən müəyyən müavinət verilir. Belə ki, 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət  200 manat məbləğində müəyyənləşdirilib. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara isə uşaqların sağ olması şərti ilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 55 manat müavinət verilir. 

Bəs dünya ölkələrində necədir?

Bir çox ölkələrdə üç və daha artıq uşağı olan ailələrə müəyyən güzəşt və imtiyazlar tanınır. Bu cür proqramlar isə doğumu stimullaşdırmaq və çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərmək üçün mövcuddur.

Məsələn, ötən il Rusiyada üç uşağı olan ailə kommunal ödənişlərdən azad olunacağı açıqlanmışdı. Rusiyada 1-ci uşağa AZN ekvivalenti ilə hesablasaq, 8 min manat, 2-ci və sonrakı uşaqların hər birinə 13 min manat, 3-cü uşaqdan sonra ev və ya torpaq sahəsi, digər sosial imtiyazlar verilir. Həmçinin uşaqların 6 yaşa qədər tibbi xidməti və dərmanı pulsuz həyata keçirilir.

Türkiyədə ilk uşağa 200, 2-ci uşağa 400 və 3-cü uşağa isə 600 lirə aylıq müavinət ödənilir.

Gürcüstanda aztəminatlı və çox uşaqlı ailələrə hökumət ilin 6 ayı olmaqla hər ay 600 lari yardım verir.

Ukraynada 1-ci uşağa görə 1800, 2-ci uşağa görə 3750, digər uşaqlara görə isə 7140 dollar ödənilir. Eyni zamanda 1-ci uşağa görə 12 ay, 2-ciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödənilir.

Belarusda 4 uşaqlı ailələrə dövlət pulsuz mənzil verir. Qazaxıstanda 1-ci, 2-ci və 3-cü uşağa görə 300 dollar, 4-cü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. 3 və daha çox uşağı olan ailələrə bir sıra başqa güzəştlər tanınır.

Fransada çoxuşaqlı ailələrə yardım məqsədilə “Böyük ailə” proqramı fəaliyyət göstərir. 1921-ci ildən qüvvədə olan bu proqram 3 və daha çox uşağı olan ailələrə bir sıra güzəşt və imtiyazlar tanıyır. Hər növbəti uşaq vergi faizini azaldır. 4 uşağı olan ailələr demək olar ki, vergi ödəmir. Hər 3-cü və sonrakı uşaqlara görə dövlət 180 avro müavinət ödəyir.

Almaniyada da çoxuşaqlı ailələrə geniş bonuslar təqdim olunur. Hər bir Almaniya vətəndaşı yeni doğulan uşağa görə 154 avro alır. Hər növbəti uşağa görə bu rəqəm 179 avro artırılır. Avstriyada hər uşağa görə verilən müavinət 160 avrodur.

İsveçdə də çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyi var. Məsələn, 3 və daha çox uşağı olan ailələrə xüsusi ərzaq talonları verilir, kirayə evdə yaşayırlarsa, mənzilin haqqı bələdiyyə tərəfindən ödənilir və təhsil haqqında güzəştlər təklif olunur.

Finlandiyada çoxuşaqlı ailələrə heç bir imtiyaz təklif olunmur. Amma hər yeni doğulan uşağa imtiyaz paketi verilir. Həmin paket uşağın 1 yaşına qədər olan dövrdə bütün lazımi xidmət və vəsaitlərlə təmin edir.

Polşada çoxuşaqlı ailələrə dəstəklə bağlı məhdudiyyətlər var. Belə ki, bu ölkədə çoxuşaqlılıq müavinətini adambaşına aylıq gəlirin 125 dollardan az olması şərti ilə verirlər. Amma ailədə şikəst uşaq, yaxud işləməyən valideyn varsa, müavinətin məbləği 2 dəfə artırılır.

Çexiyada isə çoxuşaqlı ailələrin müavinətinin məbləği az olsa da, qadınların hər doğulan uşağa görə pensiya yaşları 1 il azaldılır.

Bəs millət vəkili Siyavuş Novruzovun səsləndirdiyi məsələ öz həllini tapa bilərmi?

Eyyub Kərimli: “ƏDV-nin azaldılması büdcə yığımlarına mənfi təsir göstərə  bilər” Pravda.az

Eyyub Kərimli

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, hesab edirəm ki, hər bir sosial siyasətin arxasında həm də iqtisadi baza durmalı, formalaşdırılmalıdır. Bu baxımdan, büdcə gəlirlərini, buradan sosial sahəyə ayrılan xərcləri nəzərə almalıyıq. Millət vəkilinin səsləndirdiyi bu kimi təkliflərlə bağlı kompleksli, aktual araşdırmalar aparmalıyıq.

Məlum məsələdir ki, demoqrafik  vəziyyət iqtisadi vəziyyətlə uzlaşmalıdır. Çünki əhalinin artımı həm də iqtisadiyyatın inkişafını təmin etməlidir.  Bu baxımdan, bu məsələ geniş müzakirə, araşdırma tələb edir. Buna müxtəlif nazirliklərimiz, o cümlədən İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qoşulmalı və vahid bir iş aparılmalıdır.

Beləliklə, statistik göstəricilər onu göstərir ki, ölkəmizdə 2 deyil, 3-cü uşaqdan sonra güzəştli müavinətlərin verilməsi daha məqsədəuyğundur. Çünki bizdə ailələrin əksəriyyəti  2 uşaqlıdır”.

İqtisadçı ekspertin fikrincə, son vaxtlar azuşaqlı ailələrin artmasının səbəbi əsasən iqtisadi çətinliklər deyil: “Bunun bir çox səbəbləri var. Azuşaqlı ailə hazırda dünyada da trenddir. Yəni ən inkişaf etmiş ölkələrdə də azuşaqlı ailələr trenddir. O demək deyil ki, orada iqtisadi inkişafı, bahalaşma ilə bağlıdır. İnsanlar daha rahat, komfortlu həyat tərzi keçirmək üçün uşaqların sayının az olmasına çalışır. Doğrudur, bu məsələdə iqtisadi çətinliklərin də təsirləri var. Amma əsas problem bu deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu da qeyd etdi ki, azuşaqlı ailələrin sayının artması təkcə iqtisadi amillərlə bağlı deyil: “Mən hər zaman bildirmişəm ki, ailələrdə 3 uşağın olmasına çalışmaq lazımdır. Bir də onu unutmaq olmaz ki, uşaqlar gələcəkdə böyüyüb, təkcə valideynləri üçün deyil, həm də ölkəsi üçün işləyəcəklər. Ona görə də ölkədə hökmən 3 uşaqlı ailə modelinə nail olmaq lazımdır. Buna görə də 3-cü uşaqda mütləq güzəştli müavinətlər verilməlidir.

O ki qaldı azuşaqlı ailələrin son dövrlərdə artmasına, əlbəttə ki, bunu təkcə iqtisadi vəziyyətlə əlaqələndirmək doğru olmazdı. Çünki əgər bu iqtisadi vəziyyətdən asılı olsaydı bir əsr bundan əvvəl, ölkədə ciddi iqtisadi çətinliklərin olduğu bir vaxtda çoxuşaqlı ailələrin sayı çox olmazdı. Bunun başqa səbəbləri, amilləri var və bütün bunlar aidiyyəti orqanlar tərəfindən müzakirə olunmalıdır”.

Sosioloq millət vəkilinin “7-8 uşağı olan anaya “Qəhrəman ana” statusu verilsin” təklifinə də münasibət bildirib: “Bir əsr əvvəl idi ki, 10 uşaqlı anaya “Qəhrəman ana” statusu verilirdi. İndi vəziyyət dəyişib, artıq 7-8 uşaqlı anaya “Qəhrəman ana” statusu verilməlidir. Bu baxımdan, millət vəkili Siyavuş Novruzovun bu fikrini dəstəkləyirəm”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …