Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Dağlıq Qarabağda olan erməniləri Ermənistan əleyhinə qaldırmalıyıq” — Zahid Oruc

“Dağlıq Qarabağda olan erməniləri Ermənistan əleyhinə qaldırmalıyıq” — Zahid Oruc

Belə ki, bir çoxları bu diplomatiyanı sərt dillə tənqid edir. Bəzi insanlar isə bunu yaxşı addım kimi qiymətləndirir.

Bir müddət öncə Bakıya bir neçə erməni gəldi və onlar hətta Xocalı soyqırımı abidəsinin qarşısında gedib baş əydilər. Bundan bir qədər sonra erməni jurnalist Azərbaycan mediasında işə başladı. Yaxın günlərdə isə erməni qadını Bakıya gəldi və evlə təmin edildi.

Ölkədə ciddi müzakirəyə səbəb olan xalqların barış diplomatiyası ilə bağlı millət vəkili Zahid Oruc fikirlərini Ölkə.Az-la bölüşüb:

“Böyük Qarabağ müharibəsindən keçmiş, ərazisi işğal altında olan və şəhidlərin dəfn edildiyi xiyabanlar bütün bölgələrdə millətimizin inam və etibarına çevrildiyi bir halda Bakıya gələn ermənilərə qarşı sərt reaksiyalar təbiidir. Əks reaksiyalar olsa idi bu təəccüblü olardı. Xalq işğal reallığını mənən, ruhən, fiziki olaraq canında, qanında yaşayır. Adamların yataqxana ünvanından, ağır həyatından reportaj verirsinizsə, bu o deməkdir ki, bütün bunların baiskarı olan qüvvələr var. O mənada, dövlət və yaxud hər hansısa qeyri-hökumət təşkilatları həyata keçirdikləri layihəni bütün millətə qəbul etdirməyə cəhd göstərməməlidirlər və göstərmirlər.

Önəmli məsələ ondan ibarətidir ki, biz 90-cı illərin savaşını dərindən təhlil etməliyik”.

Qarabağ müharibəsini uduzmağımızın səbəbləri barədə millət vəkili bunları dedi:

“Bütün türk ölkələrinə qarşı, Türiyəni çıxmaq şərti ilə, az qala onlarda demokratik sistemlər bərqərar edəcəyimiz ideologiyası ilə hamısından düşmənçilik görməkdə idik. Özbəkistan dəfələrlə Elçibəy hakimiyyətinə mesajlar göndərirdi ki, sizin nə ixtiyarınız var ki, buradakı daxili proseslərə qarışırsınız? Eləcə də digər türk dövlətləri.

İslam ideyaları ilə bağlı da bölgədə problemlər mövcud idi. Nəticə ondan ibarət oldu ki, biz Azərbaycanla işləyə biləcək erməniləri ölkəmizin səngərinə qoşmaq, vahid davamızda onlardan yararlanmaq imkanlarını itirdik. Halbuki Azərbaycan uğrunda vuruşub, həyatdan gedən ermənilər olub. Ancaq qeyd etdiyimiz müharibənin miqyası, onun humanitar fəlakəti, məhrumiyyətləri o qədər böyük idi ki, bir kimsə qeyd etdiyim hadisəni kölgədən qaldırıb yuxarı çıxarmayıb. Bu mənada Bakıya gələn 3-4 erməni hazırki fəaliyyətdə Azərbaycanın torpaq uğrunda davasının ayrılmaz hissəsinə çevrilirlər. Onlar gəlib bizi məğlubiyətə hazırlamırlar, təslimçilik vəd etmirlər, Azərbaycan dövlətinin siyasətini iflasa uğratmırlar. Əksinə Sərkisyan rejiminə qarşı jurnalistlərin, parlamentarilərin, diplomatların apardıqları mübarizənin bütün ideologiyasını bölüşürlər. Mahiyyətcə istəyirik ki, bizə qarşı silah götürməsinlər, Azərbaycan tərəfinə keçsinlər və normal yaşayış qaydalarını tanısınlar. Nəticədə bizim istəyimiz budur və onlar da bunu göstərirlər.

Onlar Xocalı soyqırımı abidəsi qarşısında baş əyirlər, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Biz Strasburqa, Brüsselə, Vaşinqtona gedəndə dünyaya deyirik ki, Azərbaycan ermənisiz dövlət modeli ilə nəfəs almır. Biz “harada erməni görsək öldürün” ideologiyasi ilə yaşamırıq”.

Sülh diplomatiyasının Azərbaycana faydaları ilə bağlı Zahid Oruc bunları dedi:

“Bu gün səngərdə əsgərimizin düşmənlə üz-üzə dayanıb mübarizə aparır. Bakıya gələn və qələmə sarılan ermənilər  Sərkisyan rejimini ifşa edən, onun hərbi xunta olduğunu söyləyən, Qarabağ üzərindən hakimiyyətdə qaldığını iddia edən və o bölgədəki insanları girova çevirdiyini etiraf edən adamlardır. Nəticədə güllə ilə ram etdiyin, hərbi təhdid, ordunun gücü vasitəsi ilə özünə tərəf çevirdiyin erməni ilə könüllü Bakıya gəlmiş erməni eyni mahiyyətə malikdir.

Biri var ki, layihələrində İrəvanın maraqlarına xidmət etmiş olasan, səni öz layihələrində göstərələr ki, baxın bizi həzm edən, işğalçılıq planlarımıza müqavimət göstərməyən, onları normal həzm edən adamlar var, onlar gəlib Azərbaycan əleyhinə, rəsmi Bakıya qarşı kimsə bəyanat verir, məsələn Leyla Yunus. Bu zaman həmin yerə getmək, Sərkisyanın çevrəsində qərarlaşan QHT-lərin, əslində isə çekistlərin yanında foto çəkdirmək gerçəkdən də bizim siyasi, hərbi işimizə ziyan vurmuş olur”.

Zahid Oruc hazırda həyata keçirilən diplomatiyaya tarixi örnəklər gətirərək bunları bildirdi:

“1942-ci ildə Stalinin alman xalqına böyük bir müraciəti var. O, hitlerizmə, faşimzə qaşrı silahlandıqlarını vurğulayır, ancaq “alman xalqı ilə düşmən deyilik” mesajını verir. Stalin kimi bir şəxsiyyət düşünürdü ki, bir tərəfdən qarşı cinahda parçalanma, bölünmə yaratmalıdır. Digər tərəfdən isə 3-cü Reyxin hakimiyyəti altında inildəyən, bu prosesdən kənara çıxmaq istəyən qüvvələri öz tərəfinə çəkməlidir. Digər tərəfdən isə SSRİ daxilində yaşayan çoxlu almanlar var idi. Stalin onları ayağa qaldırıb, özü ilə bərabər səngərə aparırdı.

Hitler və faşizim ideoloqları Düdənginskiyə SSRİ-yə qarşı döyüşmək istəyənlərə xüsusi ordular, hərbi birləşmələr təsis edib verirdilər. Düdənginski də o dövrdə ortaya çıxmışdı. Hitler Polşada, Çexiyada, Fransada həmin legionları təşkil edib və əsas hədəfinə qarşı mübarizəyə qoşurdu.

Rusiya Çeçenistanda əvvəlcə Dudayevlərə, Masadovlara, Yandarbayevlərə qarşı savaş apardı. Ancaq Putinin hakimiyyətə gəlməsindən sonra yeni bir xətt başlandı. Bu xəttin nəticəsində Kadırovlar tapıldı. Həmin qüvvələri gətirib hakimiyyətə çevirdilər. Çeçen xalqının özünün içərisində yeni bir mübarizə başladı və nəticə hər kəsə bəllidir. Ramzan Kadırov hakimiyyətə gəldi və Rusiya mərkəzi hakimiyyətdən qopan etnik zümrəni təkrar öz suveren idarəçiliyi altına qaytardı. İddia etmirəm ki, Qarabağın içərisində bu cür Kadırovlar var və biz onları dərhal tapıb onları həmin bölgədə hakimiyyətə gətirə bilərik və bu ermənilərin seyirci müşahidəsi ilə mümkün olacaq. Qətiyyən bu belə deyil. Bu uzun bir yoldur.

Sizin haqqınız var ki, çətinlik, devalvasiyanın vurduğu zərbə ilə yaşayan Azərbaycan insanı ilə nisbətən fərqli şəraitlə təmin edilən gəlmə erməninin müqayisəsini aparasınız və həmin siyasəti pisləyəsiniz. Sülh platforması Azərbaycanın torpaqları uğrunda savaşının mühüm bir elementidir. Biz yəqin etməliyik ki, müharibə heç zaman təkcə silahla aparılmır”.

Sülh diplomatiyasının haraya hesablanmasından danışan millət vəkili bildirdi ki, biz Dağlıq Qarabağda olan ermənilərin hamısını Ermənistan əleyhinə qaldırmalıyıq:

“Bakıda 3-5 erməni ilə mühüm bir layihəni həyata keçirib və bununla da Xankəndinə mesaj verək ki, biz bütün erməniləri qətlə yetirməyəcəyik. Sərkisyanların, Köçəriyanların “iki millət yanaşı yaşaya bilməz” bəyanatları cəfəngiyyatdir, onlar sizdən robot düzəldiblər və sizin qanınız hesabına iqtidarda qalırlar. Azərbaycanlıların Cəbrayılın  Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşaması insanların bir kəndə dönüşünü təmin edir, bununla da Qarabağ ermənilərinə də çağırış edir ki, biz sabah Şuşaya dönəcəyimiz təqdirdə eyni abadlığı orada aparacağıq və bundan bizim konstitusiyamızı tanıyan, qanunlarımıza hörmət edən, ərazi bütövlüyümüzü qəbul edən erməni də faydalana biləcəkdir. Əsas məsələ budur”.

Bu layihəyə qarşı çıxanlar barədə Zahid Oruc bunları dedi:

“Bu layihəyə milyonlara insan qarşı çıxa bilər və onların kəskin priotetindən dövlətimiz faydalana bilər, faydalanır da. Eyni zamanda başqa bir xətt tutanların da xəttini qəbul etmək lazımdır.

İddia etmirəm ki, ermənilərdən ibarət bir batalyon yarada bilərik, ancaq Azərbaycan xalqının, dövlətinin qüdrəti ondan ibarət olacaq ki, biz heç olmasa bir ermənini tapıb səngərdə dayanan, Azərbaycan torpağının işğalını təmin edən, Sərkisyanın fitvasına qarşı gedən ermənilərə güllə atdıra bilək. Bu nə qədər absurd səslənsə də, siyasətimizin vəzifəsi bu olmaldır”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın