Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Dəhşətli “ərəb ssenariləri”ndən özümüzü necə qorumalı? – TƏHLİL

Dəhşətli “ərəb ssenariləri”ndən özümüzü necə qorumalı? – TƏHLİL

Vaxtilə Q.İ.Naan adlı bir eston filosofu da vardı. Mübahisəli olduğu qədər də maraqlı şəxs idi. Yazırdı ki, ziyalıların missiyası cəmiyyətə həm də acı xəbərləri çatdırmaqdır…

Bu aspektdən düşünəndə əslində öz dərdimiz özümüzə tamam bəs edir. Gecə-gündüz yazsan, bitib – tükənməz. Təkcə körpə Zəhranın ürəkləri parçalayan qətli yetər bizə – bundan böyük dərd olarmı?..

Amma həyat davam edir və bir gözümüz də daim başqa ölkələrdə olmalıdır ki, görək, daha hansı problemlər var ki, özümüzü onlardan hifz etməyə çalışmalıyıq?

Bu mənada İraqın və Suriyanın dağılmış şəhərlərinin təsvirlərinə baxmaq olmur. İnsanlar qucaqlarında uşaqlar ora-bura qaçır, sığınacaq axtarırlar. Şəhərlərsə lap ikinci Dünya müharibəsinin dağıdılmış, tamam yerlə-yeksan edilmiş Varşavasını və yaxud da Stalinqradını xatırladır…

Özünə təsəlli verirsən ki, cəmi beş-on il bundan əvvəl Avropanın ortasında Yuqoslaviya da beləcə od tutub yanırdı. İndi isə yaşaş-yavaş özünə gəlməkdədir…

Amma mənə elə gəlir ki, ərəb qardaşlarımızın faciəsi daha dərindədir və bu qanlı çaxnaşmalar heç də sonuncu deyildir…
Bəs problem nədədir? Mən ərəblərdən başqa ikinci bir xalq tanımıram ki, öz keçmişi ilə savaşmış olsun, elə bir xalq yoxdur ki, özünün tarixi abidələrinə bu qədər nifrət etsin və onları partlatmaqla məşğul olsun. Bu xalq sanki özünün keçmişindən utanc hissi keçirir, onun izlərini silmək istəyir…

Bəli, ikinci belə bir xalq yoxdur. Əvvəldə adını çəkdiyim Varşava ilə bağlı bir detal yadıma düşür. Polyaklar mənə deyirdi ki, ikinci Dünya müharibəsindən sonra bütün Avropa bizə gülürdü ki, bəs polyaklar tarixi abidə tikməklə məşğuldur, amma biz buna fikir vermədik, bütün abidələrimizi və eləcə də Varşavanı necə var, bərpa etdik…

Nə isə, qayıdaq ərəblərə… Mənə elə gəlir ki, bu regionda bu gün baş verənlər həm də tarixin qisasıdır. Ərəblər özlərinin islama qədərki tarixi keçmişinə nifrət edirlər, onun bütün izlərini məhv etməyə çalışırlar. Elə danışırlar, sanki islama qədər onlar büs-bütün cəhalət içində yaşayıblar…

Təbii, mən ərəb tarixi üzrə mütəxəssis deyiləm. Amma xristianlığa və eləcə də islama qədər də xalqların tarixi olubdur. Bunu heç inkar etmək olarmı? Bir anlığa təsəvvür edin ki, Avropanın indiki xristian dinli xalqları qədim yunan və ya Roma mədəniyyətilə bağlı nə varsa, hamısını məhv etmək qərarı verirlər! Bundan böyük faciə ola bilrdimi? İslamadək ərəblərin ən azı əlifbası, o dövr üçün öz dövlətləri və böyük şəhərləri olubdur. Bir dəfə oxumuşdum ki, ərəb dilində düz otuzadək şeir forması olubdur! Demək olmaz axı bunların hamısı islamdan sonrakı dövrlərdə yaranıbdır!..

Bəli, ola bilsin ki, həmin keçmişi dini baxımdan həqiqətən də cəhalət dövrü adlandırmaq olar. Amma ərəblər özlərini elə aparırlar ki, sanki o dövrdə tamam vəhşi bir xalq olublar.

Təbii, hər bir yenilik müəyyən mənada keçmişi inkar edir. Amma ki, dialektikanın qanunu vardır: tezis – antitezis – sintez. Bu baxımdan belə demək olardı ki, hər bir yenilik son anda elə bir forma alır ki, o, həm də keçmişin ən yaxşı tərəflərini özündə ehtiva edir.
Bu mənada ərəblərin faciəsi böyükdür. Amma, məsələn, farslar belə etmirlər, özlərinin islama qədərki tarixlərinə də sahib çıxırlar. Başqa cür ola bilərdimi?

Axı bu xalqın islama qədər də dövləti və böyük mədəniyyəti olubdur, bu xalq qədim yunanlarla, Böyük İsgəndərlə vuruşubdur! Bütün bunları heç inkar etmək olarmı?

Eyni sözləri özümüzlə bağlı, elə türklərin haqqında da demək mümkündür. İslama qədər qədim türklər nə qədər böyük dövlətlər yaradıblar və böyük imperiyaları fəth edərək dünya hərb salnaməsinə adlarını qızıl hərflə yazıblar! Bunların üstündən heç xətt çəkmək olarmı?
Təbii ki, olmaz. Hər bir yenilik tarixi köklər, tarixi təməl üzərində pərvəriş tapmalıdır–bu halda o, daha möhkəm olur və asan qəbul olunur. Buna “tarixi simvollara proyeksiya olunmaq üsulu” deyirlər. Total inkarçılıqsa yalnız zor üstündə bərqərar olar, o da ki, yalnız müvvəqqəti!
Elə bu səbəbdən bir məsəl düşür adamın yadına. Deyirlər ki, tarixinə daş atanı tarix topa tutar…

Ona görə də bu gün İŞİD kimi “təşkilat”lara baxanda qeyri-ixtiyari olaraq sual keçir adamın beynindən: düşünürsən ki, yenilik budurmu?..
Bəzən bizdə də kiçik inkarçılıq cəhdləri olur. Kimsə Şah İsmayılı, səfəviləri, başqa biriləri isə Birinci Respublikanı inkar etməyə çalışırlar. Belə hallarda həmişə haray qoparmışıq ki, ay aman, etməyin, bu, tarixdir və özü də şanlı tarixdir – bəli, bütün qüsurlarına baxmayaraq böyük bir tarixdir…

Yeniliyi də həmin tarixə istinad edərək, ona arxalanaraq tətbiq etmək lazımdır ki, özülü məhkəm olusn, əks təqdirdəsə həmin yenilik zamanın həmlələrinə tab gətirə bilməyəcək…

Məsələn, əsl tarixi məntiq İslamı da, Babəki də, Axundovu da birgə və vəhdətdə anlamaqdır. “Hər zərrədə bir həqiqət var!” deyiblər. Son nəticə etibarilə belə qəbul etmək olar ki, Babəkin cavaşı ərəb istilasına qarşı idi və eləcə də Axundovun da davası dini cəhalətə qarşı yönəlmişdi. Bunları bir vəhdətdə götürəndə hər şey yerini tapır və bizim din təsəvvürlərimiz daha milli və mütərəqqi olur.
Aydın məsələdir ki, dövrünün salnaməçiləri Babəki ən qara rənglərdə təqdim etmişdilər. Elə sovetlər də Axundovdan son min illiyin bəlkə də ən böyük ateistini düzəltmişdilər. Artıq bu qəliblərdən bir qədər kənara çıxmağın vaxtıdır…

Bir daha qayıdaq ərəblərə… Onlara baxanda daha nədən ibrət götürmək olar? Ərəb ölkələrinin insanları ac deyillər. Amma dövlət və idarə edənlər yalnız millətin mədəsini düşünəndə, elə millət özü də daha çox mədəsinin və cisminin qayğısına qalanda böyük aşınmalar baş verir və onların sonluğu çox acı olur…

Bütün bunları düşünəndə bəzi problemlırimiz gəldi gözüm önünə. Mən hətta onu da qəbul edirəm ki, bəzən əsl həqiqət demokratiyanı sevməyən insanların da tərəfində ola bilir. Amma gəl, siyasət mücərrəd fəlsəfədən fərqli olaraq həqiqətdən çox konsensus axtarır. O cəmiyyətlərdəki sözün əsl mənasında konsensus var, onlar daha dayanıqlı olur. Konsensusa nail olmağın isə yalnız bircə yolu var – bu da demokratiyadır…

Sosial–siyasi kataklizmlərin baş verməməsi üçün insanlara demokratik vərdişlər aşılamaq lazımdır. Əks təqdirdə cəmiyyət radikal və ya qara bir kütləyə (vacib deyil ac olsun, yetər ki, qəzəbli olsun!) çevrilir. Bunun isə yalnız acı fəsadları olur, çünki qara kütlə heç vaxt qurucu olmur, o, yalnız dağıtmaq üçündür. Bu aspektdən yanaşanda heç təsadüfi deyil ki, “ərəb baharları”nın hamısı əsl “ərəb cəhənnəmi” oldu. Cəhənnəmi isə bir kimsə sevməz…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın