Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Çimərlik mövsümü gəlir: 50 manatdan başlayan qiymətlər… – REPORTAJ, FOTOLAR

Çimərlik mövsümü gəlir: 50 manatdan başlayan qiymətlər… – REPORTAJ, FOTOLAR

 

Şıxovda azsaylı pulsuz çimərliklər də özəlləşdirilir

Yay fəslinin gəlişi ilə plyaj mövsümü də start götürür. Mövsüm hələ başlamasa da, artıq çimərliklərdə qızğın hazırlıq işləri aparılır. Özəl çimərliklərdə sahil boyunca qum təmizlənir. Yenə də əhalinin kasıb təbəqəsi xalq çimərliklərinə, bir qədər imkanı olanlar isə özəl çimərliklərə üz tutacaq. Kasıb təbəqə təmizliyin və istirahət imkanlarının olmamasından, özəl çimərliyə getmək istəyənlər isə qiymətlərin nə qədər bahalaşacağından narahatdırlar. Bəs görəsən, bu il çimərlik mövsümündə Bakı sakinlərini  hansı səviyyədə xidmətlər və qiymətlər gözləyir?

“Yeni Müsavat”ın müxbiri paytaxtın müxtəlif istiqamətlərində yerləşən  bir neçə özəl istirahət mərkəzlərinin çimərliklərinə baş çəkib, vəziyyətlə maraqlanıb.

Yolumuzu ilk olaraq Şıxov çimərliyindən saldıq. Çimərlik mövsümün başlamasına sayılı günlər qalsa da, artıq dəniz sahilində dincəlməyə gələnlər var. Hələ may ayı olmasına və havaların nisbətən sərin keçməsinə baxmayaraq, insanlar dəniz kənarında həm üzmək, həm də istirahət üçün gəlirlər.

Şıxovda  təqribən 10-a yaxın çimərlik fəaliyyət göstərir ki, bunlardan  ən məşhurları “1001 gecə”, “Aqua Park Şıxov” və  “Elderado”dur. Bu istirahət mərkəzləri həm restoran, həm də çimərlik kimi fəaliyyət göstərir. Bu səbəbdən də yay aylarında bu məkanlara üz tutanların sayı-hesabı olmur.

Müştəri qismində  “Aqua Park Şıxov” çimərliyinə daxil olub, suyun və ətrafın təmizliyi ilə, eləcə də qiymətlərlə maraqlandıq. Öyrəndik ki, giriş üçün adambaşına 12 manat ödəməlisən. Bu qiymətə hamam, “lejanka”, müxtəlif hovuzlardan istifadə daxildir. Avtomobili olanlar isə əlavə olaraq 3 manat dayanacaq haqqı ödəməlidir. Təəccüblü məqamlardan biri isə azyaşlı uşaqlar üçün də çimərliyə giriş pulu alınmasıdır. Yəni 3 yaşdan böyük uşaqlar üçün də giriş haqqı 12 manatdır. Bu qiymətin müqabilində  uşaqlar üçün attraksionlar quraşdırılıb, müxtəlif əyləncələr təşkil olunur.

Digər çimərliklərdə isə qiymətlər bir qədər münasibdir. “1001 gecə” və “Elderado” çimərliyinə giriş  2 manatdır. Bu qiymətə soyunub-geyinmək yeri, duş yeri və avtomobil üçün park yeri daxildir. Dəniz kənarında uzanmaq üçün “lejanka” isə əlavə olaraq 3-5 manatdır. Dəniz kənarında quraşdırılmış çardaqda 4 nəfərlik masanın qiyməti 15 manatdır. Bu qiymətə masadan başqa heç nə daxil deyil.

Restoranda yeməklərin qiymətləri də çox da baha sayılmaz. İsti yeməklərdən kabab 4 manat, qazan yeməkləri 3 manat, salatlar 1.50-2 manat arasındadır. Bir sözlə, şəhərdəki orta səviyyəli restoranların qiymətindən elə də fərqlənmir.

“1001 gecə” çimərliyində isə qiymətlər orta səviyyəli azərbaycanlı ailəsinin büdcəsinə görə deyil. Buraya bir nəfərin girişi 10 manatdır. Bu qiymətə avtomobil üçün park yeri və bir nəfərlik çətir, duş və geyinmək üçün yer daxildir. Digər xidmətlər üçün əlavə ödəniş tələb olunur.

“Qızıl balıq” çimərliyində qiymətlər 2-3 manat arasında dəyişir. Burada dincələn vətəndaşlarla söhbətdən məlum oldu ki, təmizlik, xidmət keyfiyyəti, eləcə də qiymətin münasib olması baxımından özəl çimərlikləri seçirlər. Bu çirmərliklərə 4 nəfərlik bir ailənin girişi üçün 12 manat tələb olunur. Digər xidmətlərlə birlikdə xərc 30 manatı ötmür. Restoranlarda isə 4 nəfərlik ailənin orta səviyyəli nahar etməsi təxminən 60 manata başa gəlir. Ümumilikdə bir ailənin bir günlük istirahəti üçün minimum 100 manat tələb olunur”.

Təbii ki, daha lüks çimərliklər də var. “AF Hotel Aqua Park”da bir nəfərin girişi 15 manat, “Bilgəh Aqua Park”da 50 manat, “Aqua Park Shikov” iki nəfər üçün 23 manat, “Pullman Aqua Park” 40 manat, “Dalga Beach Aquapark Resort” – 50 manat, “Sea Breeze Hotel” 20 manat, “Amburan Beach” 25 manatdır.

Şıxov sahillərində təqribən 2-3 yerdə pulsuz çimərliklər mövcuddur. Lakin “xalq çimərlikləri”ndə vəziyyət bir o qədər də yaxşı deyil. Vətəndaşları buraya cəlb edən əsas amil girişin pulsuz olmasıdır.  Bu səbəbdən də baxımsız vəziyyətdədir. Çimərliyin ətrafında qalaq-qalaq tullantılar tökülüb. Ərazidə olduğumuz zaman təqribən 10-a yaxın vətəndaşın dəniz kənarına gəlib, dincəldiyini, bir neçə nəfərin isə üzdüyünü gördük.

Müşahidəmiz zamanı çimərliyin ətrafında ağır texnikaların işlədiyini gördük. Çimərliyə gələn vətəndaşlarla söhbət zamanı da pulsuz çimərliklərin özəlləşiriləcəyini öyrəndik: Şıxovda az sayda pulsuz çimərlik qalıb. İldən-ilə dənizin sahili tamamilə özəlləşdirilir. Restoranlar, müxtəlif obyektlər tikilir. Xalqın çimərliyini əlindən alıb, bir az əl gəzdirib, giriş qiymətini də baha qoyurlar. Dövlət vətəndaşları üçün şərait yaratmalıdır. Biz də razıyıq ki, çimərlik özəlləşirsə xidmət haqqı alınmalıdır. Ancaq insafla daE Adambaşına 10-15 manat nədir? Bir sözlə, xalqın çimərliyini xalqa pulla satırlar”.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …