Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bulvar niyə cib yandırır?

Bulvar niyə cib yandırır?

Azərbaycanda ərzaq və xidmətlərin bahalaşması həmişə yüksək qiymətlər təklif edilən Bakı bulvarında da özünü göstərir. Həftənin bütün günləri paytaxt sakinləri və şəhərə gələn qonaqlarla dolub-daşan dəniz kənarında müxtəlif restoranlar, kafelər, atraksionlar, ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərir. Həmçinin ora üz tutanlar ödəniş edib gəmi gəzintisi, velosiped idmanı, skuturlardan da istifadə edə bilərlər.

Avropanın ikinci ən böyük bulvarı “Dənizkənarı Milli Park”-ın ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16 kilometrdir. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirənbu park, Bakının əvəzolunmaz simvoluna çevrilib. “Mirvari” kafesi, “Bahar” və S.Vurğun adına yay kinosalonları, “Venesiya” su şəhərciyiilə təməli qoyulan parkda quruculuq işləri bu gün də davam etdirilir. Gələcəkdə bulvar ərazisinin 25 kilometrə çatdırılması nəzərdə tutulur.

Dənizkənarı parkın ərazisində ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsidir. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri keçirilirdi.

1960-cı illərdə baş verən bədbəxt hadisələrdən sonra qüllə fəaliyyətini dayandırdı. Lakin sökülmədi, tarixi xatirə kimi saxlanıldı. 2008-ci ildən qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir.

İndi gələk bulvar ərazisindəki qiymətlərə. Uşaqlar üçün qurulan müxtəlif tipli atraksionların fəaliyyəti pandemiyaya görə 18 may 2020-ci ildən dayandırılıb. Müşahidə etdik ki, parkda yalnız qatar gəzintisi və avtodrom atraksionları işləyir. Onlara maraq elə də böyük deyil. Digər atraksionlar isə baxımsızlıqdan toz içində qalmışdı.

“Dənizkənarı Bulvar İdarəsi”- dən, “AzPoltika.info”- ya bildirildi ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq bulvardakıiaşə obyektləri açılsa da, atraksionların fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi iləəlaqədar bulvara insan axınının qarşısını almaqdır. Qeyd edilib ki, Operativ Qərargah məsələ ilə bağlı yeni bir qərar qəbul edərsə, park rəhbərliyi də ona uyğun addımlar atacaq. Valideyinlər də atraksionların işləməməsinə təəsüflənirlər. Onlar bildirirlər ki, uşaqlarına vaxt ayırıb əylənmək üçün bulvara gətirsələr də, peşman halda geri qayıdırlar. Şəhər sakininin sözlərinə görə, ərazidə, demək olar ki, gəzintidən və dəniz havasından başqa heç nə yoxdur”.

Qeyd edək ki, Nərimanov parkında Operativ Qərəgahın qaydaları keçərli deyil, orada bütün atraksionlar əvvəlki qaydada fəaliyyət göstərir.

Bulvardakı restoran və kafelərdə isə qələbəlik idi. Axşam saatlarında onlarda boş yer tapmaq çətindir. Restoranlardakı yeməklərin qiymətləri sifarişinizdən aslı olaraq 8-300 manat aralığında dəyişir. Bununla yanaşı, kiçik və nisbətən ucuz restoranlarda 5-20 manat civarında nahar, ya da şam edə bilərsiniz. Paytaxtdakı digər restoranlarla müqayisədə burada qiymətlər bahadır. İnsanların daha çox ailə üzvləri ilə istirahətə gəldiklərini nəzərə alsaq, ödənilən hesabların çox adamın cibinə münasib olmadığı məlumdur.

Parkda olduğumuz müddətdə insanların karantin qaydalarına əməl etdiklərinin şahidi olduq. Həmçinin park ərazisində, xüsusilə, restoranların və ticarət mərkəzlərinin qarşısında yerləşdirilən məlumatverici löhvələrlə bu qaydalar insanlara xatırladılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Dənizkənarı Milli Parkda mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Texnikalar vasitəsilə bütün bulvar ərazisi xüsusi məhlullarla yuyulur. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilir.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …