Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Boşanmalarla bağlı acınacaqlı vəziyyət- Nə etməli?

Boşanmalarla bağlı acınacaqlı vəziyyət- Nə etməli?

Bir müddət öncə Bakı Meditasiya İdarəsininnümayəndəsinin YouTube TV kanallarından birinə verdiyi müsahibəni dinləyəndə xeylitəəccüblənmişdim. Onun mediaya açıqlamasına görə,sadəcə, Bakı şəhərində hər gün boşanma üçün müraciət edənlərin sayı ən azı altmış nəfərdir ki, onların da doxsan faizi qadınlardır… Boşandıqdan sonra nə işlə məşğul olacaqsınız? – sualını cavablayarkən gələcək karyeralarını saç, dırnaq, ya da lazer ustası olaraq qurmağı düşündüklərini bildirən əksəriyyəti təhsilsiz, cahil qadınlar…

Bu, sadəcə bir xəbər deyildir. Keçmişimizin gələcəyimizdən qopduğunu bildirən, ailə dəyərlərimizin getdikcə aşındığını göstərən bir xəbər, internet resursları, sosial və digər media vasitələrilə yanlış yönləndirilən insanımızın duyulmayan yardım harayı, bir millətin yavaş-yavaş doğulub böyüyən faciəsidir. Təəssüflər olsun ki, ailədaxili münaqişə zamanı tərəflər qarşılıqlı oturaraq problemlərinə həll yolları axtarmaqdansa, boşanmağa üstünlük verir, çıxış yolunu bunda görürlər…

Bəs qadınlarımızı getdikcə artan templə boşanmağa vadar edən nədir? Media resurslarının təhrikimi? Ərlərinin bivecliyimi? Dolanışıq dərdimi? Yoxsa yuxarıda qeyd etdiyim sənət sahələrinin müdhiş cazibəsimi?

Gəlin içi boşaldılan ailə dəyərləri və sürətlə artan boşanmalara daha geniş, bir az da fərqli perspektivdən baxaq.

Biz cəmiyyət olaraq ailə münasibətlərinə qiymət verərkən adətən yanlışlığa yol verir, qadın hüquqları və kişinin öhdəliklərindən bəhs edirik. Qadının öhdəliklərini unudur, kişinin hüquqlarını görməzdən gəlirik. Əlbəttə, qadının yaradılış etibarilə bir çiçək qədər zərif olduğunu, oxşanıb-əzizlənməsi gərəkdiyini anlayıram. Amma unutmaq olmaz ki, bununla bərabər,qadının ailə qurduqdan sonra ailə başçısı, yəni evin kişisi və övladları qarşısında min illərin adət-ənənələrindən süzülüb gələn öhdəlikləri də vardır. Təəssüflər olsun ki, bu gün bəzi özünü “psixoloq” adlandıran ruh xəstələrinin, eyni zamanda sosial şəbəkələrdə yelbeyinlikləri, əxlaqi dəyərlərə sığmayan hərəkətləri ilə şöhrət qazanan “fenomen”lərin təşviqi ilə sərbəst həyat tərzi yaşamaq istəyən qadınlar tora düşür, xoşbəxt, ən azından axarında gedən ailələrini kiçik, həlli asan olan problemlərdə belə dağıtmağa üstünlük verirlər… Çünki onlara media resursları vasitəsilə “sərbəst həyat” kimi göstərilərək gözlərini qamaşdıran şeyin əslində həyatlarını məhv edəcək atəşin reklam görüntüsü olduğunu bilmirlər… Ən acınacaqlısı da odur ki, son vaxtlar ailədaxili xəyanətlərdə qadınlar kişiləri ötüb keçmişlər… Obyektiv bir şəkildə ətrafınızda baş verənləri müşahidə etsəniz, nə demək istədiyimi anlayacaqsınız. 

Doğrudur, heç də kişilərin hamısı yuxarıda qeyd edilən mənfi keyfiyyətlərdən xali deyildir. Burada qadınları və onların davranışlarını diqqət mərkəzində saxlamağımın səbəbi bizim üçün kutsal olan, ailə ocağını təmsil edən ana fiqurunun yozlaşmasıdır…

Ailə problemlərinin nə sosial şəbəkələrə, nə də insanların düşüncələrinə qadağa qoymaqla çözüləcəyinə inanmıram. Qadağalarla, cəzalarla insanları nəyəsə məcbur etmək çox çətindir, ayrıca, bu mümkün olsa belə, uzun müddətdə effekt verməyəcəkdir. İnsan oğlu yaradılış etibarilə azadlıq tutqunu olduğundan, hər zaman qoyulmuş sərhədləri keçməyə can atacaq, ilk fürsətdəcə çevrəsinə yasaqlardan hörülmüş divarı dəlik-deşik edəcəkdir.

Bu vətənin vətəndaşı, şərəfli millətin bir fərdi olaraq, ailə dəyərlərimizin, millətimizin genefondunun qorunması üçün qanun vermək səlahiyyəti olan qurumlara boşanma və aliment maddəsi ilə bağlı təkliflərim olacaq:

Öncəliklə hökumətimiz Konstitusiyamızda da qeyd olunduğu kimi, sosial dövlət olmanın şərtlərini yerinə yetirməlidir. Bu şərtlərdən biri də uşaqların müdafiəsi haqqındakı beynəlxalq konvensiyaların tələblərinəuyğun olaraq, uşaqların sosial müdafiəsi təmin olunmalıdır. Bütün uşaqlar yetkinlik yaşına çatıbişləmək hüququ qazananadək dövlət tərəfindən uşaqpulu ilə təmin olunmalı, ayrılan vəsaitin aidiyyatıüzrə, uşaqların ehtiyaclarına xərclənməsinə nəzarət edilməlidir. Uşaqpulu simvolik rəqəm olmamalı, yaş kateqoriyalarına uyğun olaraq uşaqların minumum ehtiyaclarını qarşılamalıdır. Əgər dövlətimizin uşaqpulu verməyə imkanı çatmırsa, beynəlxalq qaydalara uyğun olaraq, BMT-yə müraciət etməli və ya donor ölkələrdən yardım istəməlidir.

Boşanmış ailələrdə uşaqlara ödənəcək aliment hesablanarkən minimum və orta aylıq əmək haqqı mütləq nəzərə alınmalıdır. Məsələn, iki uşaqla boşanmış işsiz ata 470 manat aliment ödəməyə məcbur edilir, amma kimsə o biçarə atanın müəyyən oluinmuş məbləği haradan və necə tapıb ödəyəcəyi barədə düşünmür.

Milli mentalitetimizə, adət-ənənələrimizə görə ata ailənin həm böyüyü, həm də sosial sığortasıdır. Amma bugünkü şərtlərdə qadınlar ailə olmanın, ana olmanın onlara yüklədiyi öhdəlikləri unudaraq, sadəcə,hüquqları uğrunda mübarizə apararkən, hər fürsətdə kişilərin hüquqlarını bilərəkdən gözardı edib,öhdəliklərini qabardırsa, boşanmadan yaranan ədalətsizlikləri aradan qaldırmaq da dövlətin üzərinə düşür. Çünki dövlət adət-ənənələrlə, dini dəyərlərlə, mentalitetlə deyil, qanunlarla idarə olunar. Qanun qarşısında isə hər kəs bərabərdir. Bu gün boşanmış ana dilədiyi vaxt övladlarını həftədə bir dəfə altı saatlıq görüş haqqı olan ataya göstərməyib, bundan da keçmiş əri üzərində mənəvi-psixoloji basqı yaratmaq üçün istifadə edə bilir. Qanunlarda konkret cəzası olmadığından qadın bu hərəkəti ürəyinin istədiyi vaxt, ürəyinin istədiyi qədər təkrarlaya bilir. Amma ata alimenti gecikdirdiyi zaman bir neçə yüngül cəza tədbirindən sonra məhkum edilir və dövlət o məhkumu saxlamaq üçün ayda altı yüz manat xərc çəkir. Həm ananın uşaqdan təsir vasitəsi kimi istifadə etməsinin,həm də atanın alimenti gecikdirməsinin qarşısını almağın yolları yoxdurmu? Məncə, var. Öncəliklə qadınlarla kişilərin hüquqlarının bərabərliyi uşaqlar üçün ödənən alimentdə də nəzərə alınmalıdır. Beləliklə, hər uşağa ayrılan məbləğ iki yerə bölünməli, ana və atanın hər ikisi də müəyyən olunmuş alimentin bir qismini ödəməlidir. Uşağın yanında qaldığı valideyn övladlarının aliment hesabına müəyyən olunmuş məbləğin qırx, digər valideyn altmış faizini ödəsin. Valideynlərin hər ikisi də uşağı yanında saxlamaqdan imtina edərsə, uşaq “Uşaq evi”nə və ya qoruyucu ailənin yanına yerləşdirilsin, aliment kartı isə həmin quruma və ya ailəyə təqdim edilsin. Belə olduğu zaman aliment valideynlərin arasında tam yarı bölünməklə ödətdirilsin. Valideynlərdən biri və ya hər ikisi işsiz olduqda, Məşğulluq İdarəsinə yönəldilərək işlə təmin olunduqdan sonra aliment onların məvaciblərindən tutulsun. Əgər valideyn təklif olunan işdən imtina edərsə, işi qəbul etmədiyinə dair sənədə imza atdıqdan sonra payına düşən məbləği ödəməyə məcbur edilsin.

O ki qaldı anaların uşaqları görüş yerinə gətirməkdən birbaşa və ya dolayı yolla boyun qaçırmalarına, bunun qarşısını almağın da çox asan yolu var. Öncəliklə görüş vaxtı məhkəmələrdə minimum on iki saat təyin olunsun. Görüş yerləri və saatları da həmçinin boşanma haqqındakı məhkəmə qərarında göstərilsin. Uşağı görüş yerinə gətirməyən,ya da gecikdirən valideyn hər gecikmə üçün qarşı tərəfin yerinə bir aylıq aliment ödəməyə məhkum edilsin. Görüşə gedən tərəf uşağı gətirəcək tərəfi on dəqiqə gözlədikdən sonra 102 xəttini yığaraq müvafiqməlumat versin, polisin iştirakı ilə yerindəcə akt tərtib edilərək məhkəməyə göndərilsin.

Əminəm ki, yuxarıda təklif etdiyim qaydalar tətbiq olunarsa, həm uşaqların sosial müdafiəsi gücləndiriləcək, həm də alimentlərin ödənməsi qaydasına düşəcək və yaranan etirazlar aradan qaldırılacaq. Ayrıca, uşaqlardan təsir mexanizmi kimi istifadə etməyə çalışan valideynlərin əllərindən bu imklanları alınacaq. Ən önəmlisi isə boşanmaların sayında kəskin azalma olacaq.

Populist çıxışlarla, reytinq qazanmaq, ya da kimlərəsə şirin görünmək üçün irəli sürülən təkliflərlə deyil, boşanmaların qarşısını almaq, sayını azaltmaq belə mümkün olmayacaqdır. Övladlarımızıntəkvalideynli, psixoloji travmalarla böyümələrini istəmiriksə, bu gedişata “dur!” deməliyik. 

Mən təkliflərimi yuxarıda bildirdim, problemin həlli üçün daha yaxşı yol bilən varsa, buyursun,təklifini irəli sürsün. Millətcə oturaq müzakirə edək. Unutmayın, hər gün bir az gecikirik. Ya birlikdə əl-ələ verərək milli-mənəvi dəyərlərimizi, ailə qurumumuzu xilas edəcəyik, ya da millət olaraq özümüzdən uzaqlaşmağımızı izləyəcəyik… Eynilə serial izlədiyimiz kimi. Başqalarının faciəsinə baxıb reaksiya verəcək, sıra bizə gəldiyində isə vaysınıb dizlərimizə döyəcəyik…

Zaur Bayramoğlu

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …