Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Sosial / Bayram Səfərov: “Yataqxanalardakı məcburi köçkünlərin şəraitini görəndə çox pis oluram”

Bayram Səfərov: “Yataqxanalardakı məcburi köçkünlərin şəraitini görəndə çox pis oluram”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun Ölkə.Az-a müsahibə verib.

– Fevralın 2-də Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlər aksiya keçirərək, yaşadıqları yataqxanaya sayğac quraşdırılmasına etiraz ediblər. Onların məsələsi nə yerdədir, problem həll olundumu? 

– Onların problemi illərin yığılmış problemidir. Yəqin ki, bu problem də imkan daxilində tezliklə həll olunacaq. Möhtərəm Prezidentimizin müvafiq sərəncamı var, məcburi köçkünlərə köməklik olunacaq, bütün aidiyyəti qurumlara, rayon icra hakimiyyəti başçılarına tapşırıq verilib. “Qaçqınkom”, “Azərişıq”, “Azərsu” və “Azəriqaz” çalışırlar, imkan daxilində problem aradan qaldırılacaq. Orada şikayət edən camaatda günah yoxdur, mən onların qaldıqları yataqxanalarda olmuşam, elə yataqxanalar var ki, çox pis, uçuq vəziyyətdədir. Onların problemləri həll olunmadığı üçün hərə gəlib bir söz deyir. Ona görə də müəyyən məcburi köçkünlər narazı qalır. Biz də mütəmadi olaraq həmin məcburi köçkünlərlə görüşüb, onlara vəziyyəti izah edirik, müəyyən çətinliklərin olduğunu və bunun müvəqqəti xarakter daşıdığını deyirik. Bunun üçün insanlar bir qədər dözməlidir. Dünyada baş verən böhran müəyyən gecikmələr yaradıb. Bu cür çətinliklər dünyanın hər yerində var.

Möhtərəm Prezidentimizin imzaladığı Dövlət Proqramında bütün məcburi köçkünlərin 2018-ci ilədək yataqxanalardan və digər yerlərdən köçürülməsi nəzərdə tutulub. Dövlət başçısının qəbul etdiyi bütün qərarlar hər birimiz tərəfindən şərhsiz və sualsız icra edilməlidir. Ölkəmizdə bu qədər uğurlu işlər görülür, biz məcburi köçkünlər də Prezidentimizin tapşırıqlarını icra etməyə borcluyuq.

– Sayğacların qoyulmaması ilə bağlı məcburi köçkünlərin tələbləri necə həll olunacaq?

– Hələlik məcburi köçkünlərə 36 manat pul verilir. Yəni, işıqdan istədikləri kimi qənaət edərək istifadə etsinlər. Onların arasında elələri var ki, elektrik enerjisindən çox istifadə etmir, elələri də var ki, çox istifadə edir. Ancaq mən o adamları buna görə qınamıram. Onların evlərində olmuşuq, yaşayış şəraiti ilə maraqlanmışıq. Mən onların yaşayış şəraitini Şuşada görmüşəm. İndi baxıb buradakı şəraitlərini görəndə çox pis oluram. O insanlara görə qəlbimdə, ürəyimdə əziyyət çəkirəm. Çünki həmin insanların hamısının Şuşada evi-eşiyi olub. Amma nə etmək olar? Allah erməniyə nəhlət etsin! Məcburi köçkünlər əmin olsunlar ki, möhtərəm Prezidentimiz onların hər birinin qayğısına qalır. Cənab Prezident mənə və digər bütün məmurlara tapşırır ki, xalqa yaxşı xidmət edək.

Ümumiyyətlə, Şuşalılar və bütün məcburi köçkünlər mənə çox əzizdirlər. Mən onların içərisindən çıxmışam. Mən bu adamların hazırkı yaşayışının necə çətin olduğunu bilirəm. Həqiqətən də onların yaşayış vəziyyəti çox ağırdır. Amma onu da nəzərə almalıyıq ki, məcburi köçkünlər üçün 100 qəsəbə salınıb. Həmin qəsəbələrdə yaşayanların hamısı dövlətimizdən çox razıdırlar. İndi hamını da birdən qəsəbələrə, mənzillərə yığmaq mümkün deyil axı. Son illər dünyada neftin qiyməti aşağı düşməsəydi, bir neçə dəfə devalvasiya olmasaydı, qiymətlər bahalaşmasaydı, bəlkə də bu problem heç olmayacaqdı. Ancaq nə edək ki, dünyada vəziyyət belədir?

Nəzərə alaq ki, son illər Azərbaycanın bir sıra rayonlarında təbii fəlakətlər də baş verdi, həmin rayonların əhalilərinə də dövlət tərəfindən evlər tikilib verildi. Bütün bunlar olmasaydı, indi məcburi köçkünlərin hamısı yeni inşa edilən evlərə köçürülmüşdü. Gərək məcburi köçkünlər də bunu başa düşsünlər. Ancaq məcburi köçkünlər tam əmin olsunlar ki, ev almayanlar da yaxın illərdə mənzillərlə təmin olunacaqlar. Bu işlər mərhələ-mərhələ tam öz həllini tapacaq. Çünki Cənab Prezident hər zaman biz məcburi köçkünlərin yanındadır.

Unutmayaq ki, bir zamanlar biz məcburi köçkünlər palatkalarda, dəmiryolu vaqonlarında çox ağır vəziyyətlərdə yaşayırdı. Ancaq onların böyük əksəriyyəti gözəl və müasir evlərlə təmin olundular. O insanlar üçün gözəl və müasir qəsəbələr, şəhərçiklər salınıb, məcburi köçkünlər üçün bütün infrastruktur yaradılıb. Bütün bunlar möhtərəm Prezidentimizin gördüyü işlər sayəsində mümkün olub. Tam əminəm ki, Pirşağı və digər ərazilərdə qalan məcburi köçkünlər də belə şəraitli evlərdə yaşayacaqlar. Çünki Azərbaycan dövləti və Prezidentimiz tərəfindən bütün vətəndaşlara, o cümlədən məcburi köçkünlərə böyük diqqət və qayğı var. Məcburi köçkünlərə kifayət qədər güzəştlər edilir, ödənilən yardım vəsaitin həcmi mümkün qədər artırılır, onların övladları dövlət təhsil müəssisələrində pulsuz təhsil alırlar, pulsuz şəxsiyyət vəsiqələri alırlar, əmək haqqından vergi tutulmur və s. Bizə dövlət tərəfindən çox güzəştlər edilir. Vaxtilə dövlətin dəstəyi olmasaydı, məcburi köçkünlər bu gün yüksək vəzifələrdə və işlərdə təmsil olunmazdılar. Dünən televiziyada da baxdım, 300 nəfərdən çox məcburi köçkün dövlət tərəfindən onlara ödənilən vəsaitdən ehtiyyacları olmadığı üçün imtina edib. Bilirsiz, bu cür problemlər müvəqqəti xarakter daşıyır. Hər bir işin başlanğıcı çətin olur, zaman-zaman öz həllini tapır. İndi məcburi köçkünlərin də məsələsi İnşallah həllini tapacaq. Sanki, bu il qış da sərt keçdi, qar çox yağdı. Buna görə də şəraitsiz evlərdə qalan məcburi köçkünlər çətinliklər yaşadılar. İnanın ki, indi elə məcburi köçkün evləri var ki, elektriklə isinən kərpicdən düzəldilmiş 3-4 piltə yandırır. İndi biz onların evlərini qızdırması üçün “kombi” sisteminin yaradılmasına çalışırıq. Hazırda bununla bağlı danışıqlar aparırıq. Ötən 25 il ərzində məcburi köçkünlərdən heç kəs kommunal xərclərə pul ödəməyib. Bütün bu vəsaitlərin hamısını Azərbaycan dövləti özü ödəyib. İndi də məcburi köçkünlər elektrik enerjisindən istifadə edirlər. Hərə də bir söz danışır. Onların arasında kimlərsə arada söz gəzdirir, “Meydan TV”lər, erməniyə xidmət edənləri də olur, onlar təxribat yaratmağa çalışırlar. Ancaq mən tam əminəm ki, möhtərəm Prezidentimiz heç zaman məcburi köçkünləri çətinlik çəkməyə qoymayacaq. Bu gün hər birimiz çox sevinirik ki, artıq məcburi köçkünlərin Cocuq Mərcanlıya ilk qayıdışı başlayıb. Hamı istəyir ki, o evlər doğma torpaqlarında olsun. Biz hamıya Bakıda ev versək, o zaman torpaqlarımızdan əl çəkmək kimi başa düşülə bilər. Nə qədər çətin də olsa, biz buna dözüb öz torpaqlarımıza qayıtmalıyıq.

– Sosial şəbəkələrdə sizin “Meydan TV”-nin əməkdaşını təhqir etməyinizlə bağlı xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur? 

– Mən heç bir jurnalisti təhqir etməmişəm. Həmin günü mən camaatla görüşüb, onların problemləri ilə maraqlanırdım. Həmin vaxtı bir qız çəkiliş aparırdı. Mən də o qıza dedim ki, insanların həssas zamanında kino çəkirsən? Bir az çəkiliş apardın, bəsdir də! Sonra yenə də o qız gəlib məni çəkirdi. Mən də ona dedim ki, imkan ver, məcburi köçkünlərin problemi ilə bağlı camaatla danışım. O qız da mənə dedi ki, bu mənim işimdir. Daha heç bir təhqir və sairə olmayıb. Ancaq həmin vaxt insanlar həssas vəziyyətdə idi, çəkiliş aparmaq düzgün deyil idi. İndi “Meydan TV”-nin işi ara qarışdırmaqdır. “Meydan TV”-nin jurnalisti də elə olmalıdır da! Peşəkar və Vətənini sevən jurnalistlərin də işi təxribatların qarşısını almaq, doğru yazmaqdır.

Həmçinin oxuyun

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı – QİYMƏTLƏR

Düz 25 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə …

Bir cavab yazın