Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Baş redaktorlar kağız qıtlığından danışdı

Baş redaktorlar kağız qıtlığından danışdı

“Dövlətin dəstəyi olmasa…”

Hazırda ölkə mətbuatı ciddi şəkildə kağız qıtlığından əziyyət çəkir. Bir çox mətbəələrdə qəzet çapı üçün kağız ehtiyatının olmadığı bildirilib. Xüsusən yanvar ayının 7-də ölkədə fəaliyyət göstərən qəzetlərin çapında problem yaşanıb. Nəticədə “Yeni Müsavat” qəzetinin 8 yanvarda işıq üzü görən sayı daha kiçik ölçüdə çap olunub. Bənzər problem digər redaksiyalarda da yaşanıb. Ölkədəki kağız qıtlığı ilə bağlı müzakirələrə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov da münasibət bildirib.

O, APA-ya açıqlamasında qeyd edib ki, “Azərbaycan” nəşriyyatında kağız qıtlığı yaşanmır, rəhbəri olduğu nəşriyyatın əlavə kağız ehtiyatı mövcuddur.

 Baş direktor Yeni Müsavat” qəzetinin bu gün (8 yanvar) kiçik ölçüdə çap olunmasına da aydınlıq gətirib. O qeyd edib ki, qəzetin bugünkü sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: ““Yeni Müsavat” qəzeti şənbə və bazar günlərindən başqa, həftədə 5 gün bizim nəşriyyatda çap olunur. “Yeni Müsavat” qəzetinin bugünkü sayı bizim nəşriyyatda çap olunmayıb. Biz bazar günü fəaliyyət göstərmirik, bu məsələnin bizə aidiyyəti yoxdur.  Onu da deyim ki, “Azərbaycan” nəşriyyatında çap olunan qəzetlərin ölçülərində problem yoxdur və olmayacaq”. 

alekss.jpg (49 KB)

 “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da  APA-ya açıqlamasında  bildirib ki, qəzetin  8 yanvar sayı “Azərbaycan” nəşriyyatında çap olunmayıb: “Bazar günü ”Azərbaycan” nəşriyyatı fəaliyyət göstərmədiyinə görə qəzet başqa mətbəədə işıq üzü görüb. Özəl mətbəələrin əksəriyyətində isə qəzet kağızı yoxdur, qıtlıq müşahidə olunur. Bu səbəbdən ənənəvi 84 format kağız olmadığına görə qəzeti 70 format kağızla çap etmək məcburiyyətində qaldıq. Amma həftənin 5 günü “Yeni Müsavat” qəzeti “Azərbaycan” nəşriyyatında tam normal formatda çap olunur. Bildiyim qədəri ilə Azərbaycana yeni qəzet kağızının gətirilməsi ilə bağlı tədbirlər görülür. Hesab edirəm ki, tədbirlər görüləndən sonra bu problem aradan qalxacaq”.

Digər qəzetlərdə bu problemlə bağlı vəziyyət necədir?

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  kağız qıtlığı bahalaşmaya səbəb ola bilər: “Azərbaycan özü kağız istehsal etmir. O baxımdan ölkəmizdə və dünyada dolların qiymətində dəyişiklik baş verəndə qəzetlə bağlı da bu cür problem yaşayır. Bizim yazdığımız milli mövzular olsa da, xammalımız ”beynəlmiləldir”. Yəni “dozakl” dediyimiz metal təbəqə də, rənglər də, kağız da, çap maşınları da xaricdən gətirilir. Buna görə də qiymətlər oynayanda biz bunun gərginliyini öz üzərimizdə hiss edirik. Kağız məsələsi bizdə əvvəldən çətin olub. Çünki maliyyə problemlərimiz də çoxdur. Manatın devalvasiyasından sonra bizim abunə sayımız  xeyli aşağı düşdü. Bir ara tirajımız 12 min nüsxəyə qalxmışdı,  onun 11 min 500-ü abunə idi. İndi tirajımız 8 min nüsxəyə düşüb. Tirajda xeyli geriləmişik. Digər tərəfdən, qiymətlər qalxıb, çap xərci  artıb, kağız bahalaşıb. Bunlar  hamısı redaksiya xərclərinin üstünə gəlir. Biz dövlət büdcəsindən maliyyələşmirik, təsərrüfat hesablıyıq. Dövlət, sadəcə, bizə abunə toplanışında kömək edir. Ən böyük zərbə isə bizə ötən il reklamların azalması ilə dəydi. Qiymətlərlə bağlı müflis olan özəl  şirkətlər oldu ki, onlar da ilk növbədə  reklamı kəsirlər. Bu onlar üçün daha ağrısız ixtisardır. Biz özəl şirkətlərdən olan reklamımızın 50 faizindən  çoxunu itirdik. Dövlətin reklam bazarından isə heç 10 faiz pay götürə bilmirik. Hazırda vəziyyətimiz belədir”.

Baş redaktor qeyd etdi ki, əgər dövlət dəstəyi olmasa, mətbuatın vəziyyəti çətin olacaq: “İndi bunun üzərinə bir də kağız qıtlığı əlavə olundu. Kağız qıtlığının yaranması o deməkdir ki, qiymətlər yenidən qalxacaq və ya süni şəkildə qaldıracaqlar. Bütün bunlar maliyyə cəhətdən dözümlü olan ”Azərbaycan” qəzetinə bu cür təsir göstəribsə, deməli, digər qəzetlərin də vəziyyəti çətindir. Biz həm maliyyəmizin  bir hissəsini itirmişik, həm xərcimiz artıb, üstəgəl kağız ala bilmirik. Son dövrlər biz tez-tez 6 səhifəlik çıxırıq. Buna məcburuq, kağıza qənaət etməliyik. Dövlətin ciddi yardımı olmasa, qəzetin çapını davam etdirmək çətin olacaq. Bu il biz “Azərbaycan” qəzeti olaraq 100 yaşımızı qeyd edəcəyik. Qəzetimizin ilk nömrəsi 1918-ci il sentyabr ayının 15-də çıxıb. Ancaq vəziyyət belə davam etsə, o vaxta qədər biz müflis  olacağıq  və 100 yaşımızı qeyd edə bilməyəcəyik. Buna görə də çox gərgin vəziyyətdəyik. Mən inanıram ki, jurnalistlərin böyük dostu, dövlət başçısı İlham Əliyev yenidən jurnalistlərin  çətin vəziyyətində bizim yanımızda olacaq, kağızla bağlı problemin aradan qaldırılmasında  bizə öz köməyini göstərəcək”.

Hikmət Babaoğlu ile ilgili görsel sonucu

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə  kağız qıtlığının xarici amillərlə bağlı olduğunu qeyd etdi: “Bilirsiniz ki, Azərbaycanda kağız istehsal olunmur,  o cümlədən qəzet kağızı da istehsal olunmur. Ona görə də zaman-zaman kağızla bağlı müəyyən problemlər yaranır. Bizim hazırda elə bir problemimiz yoxdur. Çünki əvvəlcədən kağız tədarük etmişdik. Ona görə də bir müddət kağıza tələbatımızı ödəyə biləcəyik. Ancaq  əlbəttə ki, bütövlükdə Azərbaycan  çap mediasının kağızla təminatında ciddi  problemlə qarşılaşılmayıb. Hazırkı durum  da kağızın qiymətləri ilə bağlı müəyyən dəyişikliklərin olması ilə bağlıdır. Azərbaycanın qəzet kağızı ilə əsas təminatçısı Rusiyadır. Artıq bir neçə müddətdir ki, rus rublunun avroya nisbətdə möhkəmləndiyinin şahidi oluruq. Görünür, bu, mübadilə prosesində maliyyə vahidinə təsir göstərir və nəticədə belə  çətinlik yaşanır. Ümumilikdə  Azərbaycan çap mediası heç vaxt qəzet kağızı böhranı ilə üz-üzə qalmayıb. Bu problem də qısa zamanda ötüb keçəcək. Ancaq qəzet kağızının bahalaşması faktı artıq var”.

 

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …