Bakı şəhər sakini Arif Əmirov mərhum qardaşının adına olan torpaq
sahəsində “Murad M.C” tikinti şirkətinin heç bir icazə sənədi olmadan 17
mərtəbəli bina inşa etdiyini deyib.
Məsələ
ilə bağlı Arif Əmirov bildirib ki, paytaxtın 8-ci mikrorayon 3078-ci
məhəllə ünvanında mərhum qardaşından miras qalmış 1485 kvadratmetr
torpaq sahəsi zəbt edilib.
Şikayətçi qeyd edib ki, sözügedən torpaq sahəsinin sahibi olan qardaşı 2012-ci ildə dünyasını dəyişib:
“Bu
torpaq 2004-cü ildə bütün sənədləri ilə qardaşım tərəfindən 37.125.000
manat ödənilərək, qanuni şəkildə alınıb. Sözügedən şirkətin
rəhbərliyinin həmin torpaq sahəsini qardaşımdan almaq fikri olub və
bununla bağlı aralarında söhbət də keçib. Qardaşımın öz torpağını həmin
şirkətə satmaq fikri olub. Ancaq dünyasını vaxtsız dəyişdiyi üçün arada
heç bir alğı-satqı baş tutmayıb. Qardaşım dünyasını dəyişəndən sonra
övladı olmadığından, 2013-cü ildə torpaq sahəsinin 75 faizi rəsmi
nikahlı həyat yoldaşına, 25 faizi isə ata-anamız dünyasını dəyişdiyi
üçün doğma qardaş-bacısına, yəni ailəmizə verildi. “Murad M.C” MMC
qardaşımın yoldaşına bir neçə ərazidə ev verməklə onun payı olan
torpağın 75 faiz hissəsini alıb. Halbuki o torpağın qiyməti milyonlarla
ölçülürdü.
Bu şirkət qardaşım dünyasını dəyişəndən bir il sonra haqqımız olan torpaq hissəsini zəbt edərək, bina tikintisinə başladı.
Bu
şirkət 2013-cü ilin martında Bakı Şəhər İcra Hakimiyyətindən mərhum
qardaşımın mülkiyyətinə verilmiş 273 saylı Bələdiyyə qərarına əsasən
tikintinin layihələndirilməsi üçün sənəd alıb. 2013-cü ilin iyun ayında
isə tikintiyə icazə olmadan qeyri-qanuni yolla tikinti nişanı əldə
ediblər. Halbuki bu adamlarla bizim aramızda heç bir müqavilə,
alğı-satqı yoxdur. Mənim və ailəmin narazılıqlarına məhəl qoymadan
tikintiyə davam edirlər”.
Şikayətçi bildirib ki, Murad M.C MMC-nin tikintini aparması üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olmalıdır:
“Lakin
bu şəxslərin əlində layihələndirmə sənədindən başqa heç nə yoxdur. Mən
bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların
Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə rəsmi müraciət
etdim. Müraciətim əsasında qanunsuz olaraq həyata keçirilən tikintidə
araşdırma aparıldı. Araşdırmadan sonra mənə 2017-ci il 19 oktyabr
tarixində agentliyin direktor müavini Şamil Abdullayevin imzası ilə
rəsmi cavab gəldi. Cavabda bunlar yazılmışdı: “Komitənin əməkdaşları
tərəfindən araşdırılarkən məlum olub ki, qanunsuz inşa edilən tikintinin
yerləşdiyi torpaq sahəsinin ayrılmasına agentlik tərəfindən rəy
verilməyib. Aşkar edilmiş qanunsuz tikintinin qarşısının alınması barədə
qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün Daxili İşlər
Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq məktublar
göndərilib”. Yəni fakt odur ki, bu şirkətin əlində tikintiyə icazə ilə
bağlı heç bir sənəd yoxdur”.
Şikayətçinin
sözlərinə görə, şirkət qanunsuz tikilidə araşdırma aparan Binəqədi
Rayon İcra Hakimiyyətinin nümayəndəsinə də tikintinin aparılması üçün
tələb olunan sənədləri təqdim edə bilməyib:
“Binəqədi
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun
imzası ilə olan rəsmi cavabda da qeyd edilib ki, Memarlıq və Şəhərsalma
Baş İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 27.03.2013 tarixli
100 saylı sərəncamını əsas götürərək qeyd olunan ünvanda MMC tərəfindən
0.1405 ha torpaq sahəsinə çoxmərtəbəli yaşayış binasının tikintisinin
layihələndirilməsi məqsədilə 13/83 saylı 23.05.2013-cü il tarixli “Ayrıc
Aktı” verilib. Lakin araşdırma zamanı şirkət rəhbərliyindən tikintiyə
icazə verən sənədlər tələb olunsa da, bu sənədlər təqdim edilməyib.
Təqdim edilməməsinin səbəbi də budur ki, belə bir sənəd ümumiyyətlə
yoxdur.
Mən
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tikintiyə nəzarət
şöbəsinin müdiri Əmiraslan Aslanovla görüşən zaman ona bildirdim ki,
əlində tikinti üçün heç bir icazə sənədi olmayan şirkətin qanunsuz
tikintisini niyə dayandırmırsınız? O mənə cavab verdi ki, tikintinin
aparılması üçün 2013-cü ildə alınan “layihələndirmə sərəncamı” tikintiyə
“icazə sərəncamı” kimi qəbul olunub. Belə bir şey necə mümkün ola
bilərmi? Layihələndirmə sənədi tikintiyə icazə sənədi ola bilməz! Özləri
də etiraf edir ki, bu, düzgün deyil”.
Şikayətçi
A.Əmirovun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədr müavini Dövlətxan Dövlətxanov da təsdiqləyib ki, tikintiyə icazə
sənədi olmadan “Xüsusi Nişan” verilə bilməz:
“Bu
bina şirkətin hazırda əlində olan layihələndirmə sənədi və 032 nömrəli
“Xüsusi Nişan” ilə tikilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədr müavini Dövlətxan Dövlətxanov da mənimlə söhbətində təsdiqlədi ki,
Murad M.C MMC-yə yaşayış binasında tikinti işlərinə başlanılması üçün
əsas olan 6 dekabr 2013-cü il tarixli 032 nömrəli “Xüsusi Nişan” Bakı
Şəhər İcra Hakimiyyəti başçısının 27 mart 2013-cü il tarixli 100 nömrəli
sərəncamı ilə verilib. Ancaq D.Dövlətxanov özü də deyir ki, tikintiyə
icazə sərəncamı olmadan “Xüsusi Nişan”ın verilməsi mümkün deyil”.
Şikayətçi
əlavə edib ki, indiyə qədər problemi ilə əlaqədar müraciət etmədiyi
dövlət orqanı qalmayıb, lakin nə tikintinin qarşısını ala bilir, nə də
haqqı olan torpağın pulunu.
A.Əmirovun sözlərinə görə, şirkət apardığı tikinti işi ilə təkcə onun haqqına girməyib, hətta qanunsuzluqlara da yol verib:
“Bina uşaq bağçasına bitişik tikilib. Bu da tikinti normalarına uyğun deyil. Ancaq qurumlar bu məsələdə səssiz qalıb”.
A.Əmirov BŞİH başçısı Eldar Əzizovdan ona yardım etməsini istəyib.
Şikayətlə bağlı saytımıza açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, torpaq varislər arasında düzgün bölünüb:
“Ailədə
uşaqlar yoxdursa, dünyasını dəyişən şəxsin mirası onun həyat yoldaşı və
valideynləri arasında bölünür. Valideynlər yoxdursa, miras mərhumun
bacı və qardaşlarına verilir”.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra hakimiyyətinə ünvanladığımız sorğu hələlik cavablandırılmayıb.
Qanunsuz olaraq tikinti işləri aparan Murad M.C MMC ilə əlaqə saxlamaq cəhdlərimiz alınmayıb.
Məlumat
üçün qeyd edək ki, 2019-cu ilin 8 fevral tarixində Prezident
Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
şöbəsinin müdiri Süleyman İsmayılovun hazırladığı məqalədə ən çox
şikayət edilən tikinti şirkətlərinin adını açıqlamışdı.
Sözügedən məqalədə Murad M.C MMC-nin adı ikinci sıradadır. (Axar.az)
Həmçinin oxuyun
İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …