Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda binanı dağıdıb sakinləri pərən-pərən saldılar: “Nə kirayə pulu verən var, nə də kompensasiya…”

Bakıda binanı dağıdıb sakinləri pərən-pərən saldılar: “Nə kirayə pulu verən var, nə də kompensasiya…”

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən bina tamamilə dağıdılıb. Həmin ünvanda yaşayan 6 ailə evlərindən məcburi şəkildə köçürülüb. Lakin onlara nə kirayə haqqı, nə də yaşadıqları əraziyə uyğun kompensasiya verilməyib. Bu barədə virtualaz.org-a evləri uçurdulan sakinlər məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, onlar qohumlarının evində gecələyirlər, binanı sökən “F.F” MTK-dan isə heç bir xəbər yoxdur.

“Binanın qarşısında polis yoxdur, amma heç kimi içəri buraxmırlar. Evlərimizi indi də içəridən dağıdırlar. Kompensasiyadan, kirayə haqqından danışan yoxdur. Biz ümumiyyətlə, söküntü aparan şirkətdən heç kimi görmürük. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov və 48 saylı Mənzil İstismar Sahəsinin direktiru Qadir Abbasov söküntü gedən ərazidədir”, – deyə şikayətçilər bildirirlər.

Həmin ünvanda yerləşən digər həyətdə söküntü işləri aparılmasa da, sakinlər bir həftədir ki, qaz təchizatının dayandırıldığını deyirlər. Şiakyətçilərin sözlərinə görə, qonşu həyətdə 14 ailə oktyabrın 14-dən qazsız qalıb: “Bizim evlərimiz qəzalı vəziyyətdə deyil, heç bir söküntü yoxdur. Amma qazımızı kəsiblər, 14 ailə payız ayında qazsız qalmışıq. Evdə körpə uşağı, xəstəsi olan var. Yeməyi elektrik sobasında bişiririk, evi qızdıra bilmirik. Qonşu binanı dağıdıb bizim evləri də zədələyəcəklər. Bizi də qonşularımızın aqibəti gözləyir”, – deyə sakinlər şikayətlənirlər.

Xatırladaq ki, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binanın dağıdılması ilə bağlı virtualaz.org ötən həftə reportaj hazırlamışdı. Heç bir yerdə qeydiyyatdan keçməyən “F.F” adlı MTK bu binanın bünövrəsini qazaraq, yaşayış olan binanı uçurmuşdu. Sakinlərə əvvəlcə hər kvadrat metrə görə 1500 manat məbləğində kompensasiya veriləcəyi deyilsə də, sonradan şirkət rəsmilərini tapmaq mümkün olmayıb.

Sakinlər binada söküntü işlərinə “vor zakon Toma” ləqəbli Tamilla adlı qadının nəzarət etdiyini bildirirdilər.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …