Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycanda pulsuz enerji almaq üçün: Əvvəlcə 25 min manat xərcləməlisiniz

Azərbaycanda pulsuz enerji almaq üçün: Əvvəlcə 25 min manat xərcləməlisiniz

Milli Məclisin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, son illər 34 elektrik stansiyası tikilib və əgər dövlət bu sahədə rəqabət istəyirsə, özəlləşməyə getməlidir:

“Bir məqama da diqqət çəkmək istəyirəm. Bakı ətrafında həyət evlərində Günəş panellərinə rast gəlirikmi? Bir evin Günəş panelləri ilə təmin olunması üçün 25 min manat lazımdır. Bu, kifayət qədər böyük rəqəmdir, ona görə də vətəndaşlar Günəş panellərinin quraşdırılmasına xərc çəkmirlər. Dövlət bu sahədə stimullaşdırıcı rolu öz üzərinə götürməlidir”.

Mütəxəssislərin fikrincə, ölkədə alternativ enerjidən istifadə ilə bağlı effektivlik baxımından iki əsas enerji mənbəyi var ki, birincisi, günəş, digəri külək enerjisidir.

Bildirilir ki, Azərbaycanda günəşli günlərin sayı 300-ə yaxındır, orta illik intensivlik təxminən 280-320 kVt təşkil edir. Ondan əlavə külək enerjisi kifayət qədər də effektlidir. Ancaq külək enerjisi Abşeron yarımadası və Xəzər sahili zonaları üçün effektlidir. Çünki Azərbaycan bölgələrində külək nisbətən aşağıdır. Yəni az effektli zonalardır.

Ancaq günəş enerjisi baxımından az bir hissə, yəni şimal tərəf, Quba, Qusar, Xaçmaz, Siyəzən ərazilərində nisbətən aşağı olsa da, Azərbaycanın istər şərq, istər qərb, cənub tərəfində intensivlik yüksəkdir. Ona görə də Günəş enerjisindən istifadə potensial baxımından Azərbaycanda birinci yerdədir, ikinci yerdə isə külək enerjisidir”.

Qeyd edək ki, son vaxtlar ölkədə alternativ enerjinin tətbiqi istiqamətində müəyyən addmlar atılıb. Ancaq bu gün fərdi evlərin külək və ya Günəş enerjisindən istifadə etməsinə çox az hallarda rast gəlinir. Bu isə əsasən böyük maliyyə vəsaitinin tələb etməsi ilə əlaqələndirilir.

Mövcud potensialdan yararlanmaqla vətəndaşların külək və ya Günəş enerjisindən istifadəsi mümkündürmü?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirdi ki, Azərbaycanda günəş və külək enerjisinin əldə edilməsi ilə bağlı Dövlət proqramı var:

“Bununla bağlı publik hüquqi şəxs qismində, dövlət büdcəsindən maliyyələşən agentlik də fəaliyyyət göstərir. Faktiki olaraq həmin qurumun fəaliyyəti də qənaətbəxş deyil. Dünyanın bir sıra ölkələrində alternativ enerji mənbələrinin yaradılması və bunun əhali kateqoriyasına xidmət üçün ayrılmasında dövlət dotasiya verir.

Eyni zamanda idxalla bağlı gömrük rüsumları ləğv edilir. Xüsusilə də bu cihazları istehsal edən ölkələrdə gömrük rüsumları yüksəkdir. Ancaq istehsal etməyən ölkələrdə demək olar ki, gömrük rüsumu yoxdur.

Məsələn, Azərbaycana idxal  edilən elektromühərrikli avtomobillərlə bağlı sıfır gömrük siyasətinin tətbiq edilməsinin şahidi olduq. Yanvarın 1-dən bu avtomobillərə gömrük rüsumu tətbiq edilmir. Eyni mexanizmi əhalinin bu istiqamətdə ehtiyaclarının ödənməsi ilə bağlı idxal zamanı tətbiq etmək olar.  Gömrük rüsumları azaldılarsa, nəticədə bu qiymətlərin ucuzlaşaması evlərdə vətəndaşların  alternativ enerji qaynağı yaratmasına səbəb ola bilər.Bu, adətən neft, qaz, enerji resursları olmayan ölkələrdə həyata keçirilir.

Məsələn, Çində artıq kütləvi sürətdə iqtisadiyyatda 35 faizə hesablanmış bir pay var. Çin iqtisadiyyatında alternativ enerjidən istifadə yaxın 5 il ərzində 35 faizə yüksəldilməsi nəzərdə tutulur. Eləcə də Türkiyədə, Avropada bu hədəflər var. Ancaq  yalnız neft ölkəsi  olan Norveçdə alternativ enerji mənbələri ilə bağlı dövlət investisiyalar ayırılır”. 

Ekspert deyir ki, Azərbaycanda bu investisiyalar o qədər də yüksək deyil:

“Eneri resurslarımız yetərincə var, bu daxili tələbatı ödəyir, həm də xaricə ixracda rol oynayır. Ancaq hökumət əhalidən qazandığı pullardan bir qədər imtina etmək məcburiyyətində qalacaq. Bu isə büdcənin heç 5 faizi deyil. 

Yəni dövlət büdcəsinə gələcək gəlirlərin şəhərlərin, kəndlərin, fərdi yaşayış sahələrinin alternativ enerji mənbələri hesabına enerji təminatını həyata keçirmək mümkündür. Hökumət görünür ki, hələlik  maliyyə olaraq bunu riskli hesab edir. Çünki vətəndaşların qaz, elektrik enerjisi, istilik sistemlərinə görə ödənişləri kifayət qədər böyük bir məbləğdir.  

Görünür, hökumət düşünür ki, bu böyük maliyyə itkisinə səbəb ola bilər, əhalidən əldə edilən gəlirlər aşağı düşər, büdcədə problem yarana bilər ki, bu belə deyil. Bu baxımdan hökumət hələ bu addımı atmaq fikrində deyil. Ancaq bunun çox asan bir yolu var. Hətta onu ölkə daxilində çox asanlıqla istehsal etmək də olar. Bunun üçün elə də böyük vəsait tələb olunmur.

Qiymətləri aşağı salmaqla hər bir vətəndaş üçün   günəş panelləri, günəş enerji mənbəyi yaradan qurğuların istehsalı, yaxud ölkəyə gətirilməsinə şərait yaratmaq lazımdır. Bunun üçün gömrükdə siyasət dəyişməli, eləcə də investisiya qoyuluşlarında liberallıq yaradılmalıdır. Yəni dövlət özü yox, liberal iqtsadiyyatda investorlar tapmalıdır. Bu investorlar vasitəsilə alternativ enerji mənbələrinin istehsalına nail olmaq mümkündür”.

Ekspertin sözlərinə görə, bir evin alternativ enerji ilə təminatında 100 kvadratmetrlik mənzilin Günəş enerjisi ilə təmin edilməsi üçün tələb olunan vəsait 25 min manatdan da yuxarıdır:

“Bir mənzilin enerji ilə təminatında 3 min manat həmin mənzilin ehtiyaclarını ödəyəcək səviyyədə olmayacaq. Burada istehsalçının zəmanət müddəti də kifayət qədər azdır. Çünki ona 2 ildən artıq zəmanət verilmir. Daha sonrakı mərhələlərdə həmin qurğulara texniki xidmət tələb olunur. Bu da əlavə vəsait deməkdir. Nəticə etibarilə də vətəndaşlar bundan istifadə etməyəcəklər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …