Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda pensiyalar düzgün hesablanmır

Azərbaycanda pensiyalar düzgün hesablanmır

Məlum olduğu kimi, Azərbaycanda əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanuna əsasən hesablanır.
“Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsində yaşa görə əmək pensiyasının məbləğinin necə hesablandığı açıq şəkildə ifadə olunub.
Qanunun 10-cu maddəsinin tələbinə görə, vətəndaşın işlədiyi dövrdə fərdi hesabına yığılan pensiya kapitalını gözlənilən pensiya ödənişi müddətinə bölüb pensiya məbləğini təyin edirlər.
Gözlənilən pensiya ödənişi müddəti gözlənilən orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə Azərbaycanda gözlənilən orta ömür müddəti 73,6 ilə bərabərdir. Hazırda pensiya yaşı da 64-ə bərabərdir (kişlər 65, qadınlr 63). Buradan belə görürük ki, gözlənilən pensiya ödənişi müddəti 9,6 ilə (115 ay) bərabər olur.
Lakin, çox qəribədir ki, pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) olaraq qəbul edilir. Bu barədə 2006-cı ildə Prezident tərəfindən Fərman  imzalanıb və son 17 ildə gözlənilən pensiya ödənişi müddətində heç bir dəyişiklik edilməyib.
Ancaq qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin məlumatlarından açıq şəkildə görülür ki, Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti dəyişilir.
Gözlənilən pensiya ödənişi müddəti dəyişdiyi halda, hesablamanın dəyişməyən sabit rəqəmlər üzərindən aparılması səbəbindən Azərbaycan vətəndaşlarının pensiyaları düzgün hesablanmır.
Qanunvericilikdə qeyd olunduğu kimi, gözlənilən pensiya ödənişi müddəti orta ömür müddəti uzunluğu ilə pensiya yaşı arasındakı fərqə bərabərdisə, onda vətəndaşlar daha yüksək pensiya almalıdırlar.
Məsələn, 1959-ci ildə anadan olan vətəndaşın 2023-cü ildə 64 yaşı tamam olur və pensiyaya çıxır. Bu zaman mövcud qanunvericiliyə görə vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı 144 aya (12 ilə – gözlənilən pensiya ödənişi müddəti) bölünür. Əgər vətəndaşın fərdi hesabına 50 000 manat pensiya kapitalı yığılıbsa, bunu 144-ə bölüb (50000/144) ona 347 manat pensiya təyin edirlər.
Halbuki, 1959-ci ildə anadan olan vətəndaşın gözlənilən ömür müddəti uzunluğu 70,9 ilə bərabərdir. Hazırda pensiya yaşının 64 olduğunu nəzərə alsaq, o zaman bu vətəndaş üçün gözlənilən pensiya ödənişi müddəti 83 aya (6,9 il) bərabər olacaq. Belə olan halda da, vətəndaşın fərdi hesabına toplanan 50 000 manatı 144-ə deyil, 83-ə bölərək (50000/83) ona 347 manat yox, 602 manat pensiya təyin edilməlidir.
Onu da qeyd edək ki, bəzi ölkələrdə də pensiya hesablanarkən gözlənilən pensiya ödənişi müddəti əsas götürülür. Lakin, həmin ölkələrdə gözlənilən pensiya ödənişi müddəti orta ömür müddəti uzunluğu ilə pensiya yaşının dəyişməsinə paralel olaraq hər il yenilənir. Məsələn, Rusiyada hər ilin dekabr ayında digər sosial normativlər kimi gözlənilən pensiya ödənişi müddətiylə bağlı da qanun qəbul olunur.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …