Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / AXCP- dən çıxarılanlar partiyanın qeydiyyatının ləğvini tələb edir – növbə Dəyanət Babayevə çatdı

AXCP- dən çıxarılanlar partiyanın qeydiyyatının ləğvini tələb edir – növbə Dəyanət Babayevə çatdı

AXCP-də “təmizləmə işi”nin qurbanları artır…
İyunun 4-də gənc fəal partiyadan xaric oluna bilər; narazı cəbhəçilər partiyanın qeydiyyatının ləğv olunması tələbi ilə aksiya keçirəcəklər

AXCP-də “təmizləmə işi”nin başlaması ilə bağlı əvvəlki saylarımızda xəbər vermişdik. Artıq təşkilat daxilində bu proses günü-gündən kütləviyə doğru gedir. AXCP-nin 4 iyunda keçiriləcək Nərimanov təşkilatı Məclisinin toplantısında sədrin gənclər üzrə müavini Dəyanət Babayevin qovulacağı bildirilir.

Bu barədə müsavat.com-a mayın 25-də AXCP-dən xaric olunan Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu məlumat verib. Sabiq şöbə müdiri bildirib ki, bu barədə məlumat ona təşkilat daxilindən verilib: “Dəyanət Babayev indiyə qədər 11 dəfə həbs olunub. Dəfələrlə inzibati həbs cəzası alıb. Hazırda üzərində şərti cəzası var. Onun demokratik, açıq fikirli olması Əli Kərimlinin xoşuna gəlmir. Birbaşa mərkəzdən qərar gəlib ki, çıxarılmalıdır. 4 iyunda axşam saat 20:00-a Məclis çağırılıb. Mənə məlumat verən şəxs həmin məxfi toplantıda iştirak edib. Məlumat dəqiqdir. Deyirlər ki, Dəyanətin fəaliyyəti partiyanın siyasi xəttinə uyğun gəlmir. O, guya ki, özbaşınalıq yaradır. Əslində özlərinin etdiklərindən sanki xəbərsizdirlər”.

A.Tanrıverdioğlu çıxarılmaların davam edəcəyini söylədi: “Nərimanov təşkilatında hələ bu işlər çox davam edəcək. Hətta Dəyanəti çıxarandan sonra, növbəti iclasda keçmiş siyasi məhbus Cabbar Savalanlının da çıxarılacağı gözlənilir. Çünki onun da qovulmasına hazırlıq gedir. Elə zənn edirdim ki, bunlar sonuncu mitinqdən sonra utanaraq, səhvlərini dərk edəcəklər. Amma əksini gördük. Partiya zəiflədikcə, bunlar qəddarlaşır. AXCP rəhbərliyi qələbəyə yox, onlara qarşı çıxanları məhv etməyə köklənib. Bunları heç vaxt bağışlamayacağam. Məhkəməyə vermişəm, nəticəni gözləyirəm. Bunlarla axıra qədər gedəcəm. Çox güman ki, Dəyanət Babayev çıxarılandan sonra, o da mənimlə həmfikir olacaq. Hesab edirəm ki, Azərbaycanda birləşdirici gənclik toplanmalıdır. Bunlar o qədər cılızlaşıblar ki, iki gün öncə olan doğum günümü təbrik etmədilər. Zombilərin qorxusundan cürət etmədilər. Mesaj yazanlar oldu. Yeganə insan olaraq, Nurəddin Məmmədli məni təbrik etdi. Yəni bunları deməkdə məqsədim odur ki, AXCP rəhbərliyi siyasəti şəxsi münasibətlərə daxil edəcək səviyyədə olan insanlardır”.

Sabiq şöbə müdiri partiyanın ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirəcəklərini bildirdi: “Bu hallar davam edərsə, susqun dayanmayacağıq. Dəyanət çıxarılandan sonra narazı üzvlərlə Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirəcəyik. AXCP-nin qeydiyyatının ləğv edilməsi ilə bağlı. Artıq bu addan biznes kimi istifadə edənlərə cavab verməyin zamanıdır. AXCP ya şərəfli bir partiya kimi mövcud olmalı, ya da bunlardan təmizlənməlidir. Əli Kərimli diqqətlə düşünsün və qərar versin. Çünki sonu heç də yaxşı olmayacaq”.

Qovulma təhlükəsi ilə üzləşən Dəyanət Babayevin də fikirlərini aldıq. Gənc fəal məlumatı təsdiqlədi: “Bu barədə iyunun 2-də məlumat əldə etmişəm. Amma hələ ki, iclas keçirilməyib. Öz içərilərindən mənə məlumat verdilər. Hələ başqa məsələlər də müzakirə olunub. Yaxınlarda üzə çıxacaq. Məni Məclisə dəvət ediblər. Amma iştirak etmək fikrim yoxdur. Əvvəlcədən müəyyənləşdirilən Məclisdə iştirak etməyin mənası yoxdur. Artıq bezmişəm. Nə qədər qapalı zallarda qeybət etmək olar? Mənası olan işlərlə məşğul olmaq lazımdır. Kiminsə statusunu yaxud sözlərini müzakirə çıxarmaq biabırçılıqdır. Təkrar iclaslar, təkrar müzakirələrdən yorulmuşam. Çıxarılacağımı gözləyirəm. Çünki o qədər vicdanlı insanları xaric etdilər ki”.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın