Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Anti-Azərbaycan, anti-türk və anti – “Bozqurd” isteriyası Qafqazı bürüyür…

Anti-Azərbaycan, anti-türk və anti – “Bozqurd” isteriyası Qafqazı bürüyür…

Ələmdar Nəbiyev: “Rusiyanın hansısa subyektində etnik azərbaycanlılara və ümumən türk adına qarşı belə təbliğatın aparılması iki dövlət arasındakı münasibətlərə də xələl gətirə bilər”

“Diaspor nümayəndələri olaraq yaranmış xoşagəlməz vəziyyətlə bağlı öz etirazımızı Rusiya hakimiyyətinə çatdıracağıq”

Son dövrlər Rusiyanın tərkibində olan Şimali Qafqaz regionunda fəaliyyət göstərən tanınmış media vasitələrində həmin bölgədə yaşayan etnik azərbaycanlılar və türk millətçilərinə qarşı güclü qara piar kampaniyası aparılır.
Hətta vəziyyət o həddə çatıb ki, türk millətçiliyini simvolizə edən “boz qurd” ideologiyasının adı dünyanı lərzəyə salan İŞİD kimi terror ilhamçıları ilə eyni səviyyədə çəkilir. Rusiya mətbuatında yer alan və mahiyyət etibarilə qara piara hesablanan yazılarda Azərbaycanda fəaliyyət göstərən bəzi millətçi platformalı qurumların da adı çəkilir.
Dağıstandakı soydaşlarımıza, qonşu respublikada yaşayan azərbaycanlılara qarşı da fəsadlı şüur yiyələrinin yeni hücumu başlanıb. Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində adları “müstəqil media strukturu” olan, özləri isə şovinist, ifrat millətçi və ən pisi, ermənilərin terrorçu təşkilatlarına aşkar rəğbəti ilə tanınan qurumlar olan kütləvi informasiya vasitələrində Rusiyanın cənubunda, Dağıstanda yaşayan soydaşlarımız hədəfə alınıb. Onlar hədəf kimi göstərilir, dövlət qurumlarına xitabən “Onları dərhal tutun, həbs edin, cəzalandırın!” isteriyası səslənir.
“RİA Derbent”, “Svobodnaya Respublika”, “Çernovik”, “Novoye Delo”, “OnKavkaz” saytlarında israrla vurğulanır ki, sən demə, “Rusiyanın son vaxtlar Türkiyəyə qarşı yürütdüyü siyasəti dəstəkləməyənlər əsasən Dərbənddə yaşayan azərbaycanlılardır”.
Məsələn, “RİA Derbent” saytında dərc olunmuş “Boz Qurdlar” Dərbənddə. Rusiyanın cənubunda turistlərin kütləvi güllələnməsinin kökləri haradadır?” adlı məqalədə Dərbənd şəhərində yaşayan soydaşlarımız az qala ucdantutma şəkildə potensial terrorçu, təxribatçı, diversant kimi qələmə verilir.
Dərbənddəki Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev isə, ümumiyyətlə, az qala, həbsi təxirəsalınmaz sayılacaq “element” kimi təqdim olunur.
Qeyd edək ki, bir müddət əvvəl ermənilər də oxşar təbliğata start vermişdi. Onların mətbuatında rəsmi şəxslər tərəfindən verilən müsahibələrdə bildirilirdi ki, Qarabağ müharibəsi dövründə rəsmi Bakı terrorçu təşkilatların köməyindən yararlanıb. Bu xüsusda “Taliban” və çox maraqlıdır ki, “Boz qurd”ların adı çəkilirdi. İndi isə ermənilərin apardığı həmin təbliğatın eynisi Şimali Qafqazda həyata keçirilir. Məqsəd nə ola bilər?
Uzun müddət Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinə rəhbərlik edən, diaspor fəalı Ələmdar Nəbiyev  açıqlamasında bildirdi ki, belə bir təbliğatın aparılması təsadüfi sayıla bilməz: “Ermənilər bütün istiqamətlər üzrə bizimlə mübarizə aparır. Onları Dərbənddə azərbaycanlıların sıx yaşaması ciddi narahat edir. Bu səbəbdən də bizi istəməyən digər radikal meylli etnik qrupların nümayəndələri ilə belə təbliğata girişiblər. “Boz qurd” ideologiyasında şovinizm yoxdur. Dünyanın heç bir dövlətində “Boz qurd”lar terror təşkilatı kimi tanınmır. Yadınızdadırsa, bu təbliğata ilk olaraq ermənilər başladı. Özü də nə vaxt? Rusiya ilə Türkiyənin münasibətlərinin gərginləşməsi fonunda. Biz bilirik ki, bu millət hər zaman fürsətcil olub və məqam yetişən kimi bizə zərbə vurublar. Hesab edirəm ki, Rusiyanın hansısa subyektində etnik azərbaycanlılara və ümumən türk adına qarşı belə təbliğatın aparılması iki dövlət arasındakı münasibətlərə də xələl gətirə bilər. Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlər normal qonşuluq və dostluq əsasında davam edir. Bizim əlaqədar qurumlar bu məsələni xüsusi olaraq diqqətdə saxlamalıdır. Biz də, diaspor nümayəndələri olaraq, yaranmış xoşagəlməz vəziyyətlə bağlı öz etirazımızı Rusiya hakimiyyətinə çatdıracağıq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın