Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / AKP-MHP koalisiyası reallaşır?

AKP-MHP koalisiyası reallaşır?

Türkiyədə yeni hökumətin qurulması ilə bağlı koalisiya müzakirələri davam edir. Mətbuatda eyni hökumətin AKP-CHP və ya AKP-MHP formatında qurulacağı ilə bağlı versiyalar ortaya atılıb. Hətta bəzi mətbuat orqanlarında son olaraq MHP-AKP koalisiyası ilə bağlı danışıqlarda yekun nəticəyə gəlindiyi və vəzifə bölgüsü haqda məlumatlar yayılıb.

 
Qeyd edək ki, Türkiyədə yeni seçilmiş millət vəkilləri iyunun 23-də Böyük Millət Məclisində and içdikdən sonra parlament fəaliyyətə başlayacaq. Bundan sonra spiker seçiləcək və hökumət qurulması ilə bağlı rəsmi danışıqlar başlayacaq.
Siyasi şərhçi Şahin Cəfərliyə görə, prosedura əsasən andiçmədən sonra ilk 5 gün ərzində TBMM sədri olmaq istəyən şəxslər bu vəzifəyə öz namizədliklərini irəli sürməlidir. Eyni zamanda, bu dövrdə yeni hökumətin qurulması işləri başlanacaq: “Seçki bu 5 günlük müddətdən sonrakı 5 gün ərzində tamamlanmalıdır. Prezident Ərdoğan TBMM sədrinin seçilməsindən sonra hökuməti formalaşdırmaq səlahiyyətini ən çox səs toplamış partiyanın liderinə, yəni AKP sədri Əhməd Davudoğluna verəcəyini açıqlayıb. TBMM sədrliyinə seçkinin ilk 2 turunda 367 (üçdə iki) səs tələb olunduğundan, sədrin 3-cü və ya 4-cü turda seçilməsi gözlənilir. 3-cü turda sadə çoxluq – 276 (bu, həm də hökuməti qurmaq üçün lazım olan səs miqdarıdır) tələb olunur. 4-cü tura zərurət yaranarsa, 3-cü turda ən çox səs toplamış 2 namizəd mübarizə aparacaq və ən çox səs alan namizəd parlamentin sədri seçiləcək”.
 
Ş.Cəfərli deyir ki, artıq TBMM sədrinin seçilməsi ilə yeni koalisiyanın konturları ortaya çıxa bilər. Onun qənaətincə, haqqında daha çox bəhs olunan koalisiya variantı AKP-MHP hökumətidir: “Kulislərdə son günlər AKP-MHP koalisiyası ehtimalının ağırlıq qazandığı danışılır. Hətta tərəflərin gizli danışıqlarda artıq nazir portfellərini və digər vəzifələri bölüşdürdüyü, AKP-nin parlament sədri seçkisində MHP-nin namizədini dəstəkləyəcəyi və bu namizədin də MHP Əskişəhər millət vəkili, xanım Ruhsar Dəmirəl olacağı iddia edilir. Məlum olduğu kimi, MHP-nin koalisiya qurulması üçün irəli sürdüyü təməl şərtlər var. Ümumi şəkildə ifadə etsək, bu şərtlər ”çözüm sürəci” adlandırılan kürd probleminin həlli prosesinin tam dayandırılması, korrupsiyada adı hallanan keçmiş nazirlərin mühakimə olunması və prezident Ərdoğanın hökumətin fəaliyyətinə qarışmaqdan vaz keçərək öz konstitusion səlahiyyət çərçivəsinə qayıtmasıdır. Mətbuatda AKP tərəfinin bu şərtləri rədd etmədiyi barədə xəbərlər oxuyuruq, lakin hələlik bu barədə hər hansı rəsmi açıqlama yoxdur. Davudoğlu prezidentdən hökuməti qurmaq səlahiyyəti aldıqdan sonra partiyalarla rəsmi danışıqlara başlayacaq və o zaman bu məsələlərdə konkretlik ortaya çıxacaq”.
Ancaq eyni zamanda Ş.Cəfərli AKP-MHP milliyyətçi-mühafizəkar koalisiyasının hazırkı şəraitdə həm ölkə, həm də hər iki partiya üçün bir sıra risklər yaradacağını da qeyd edir: “Bu, ilk növbədə ”çözüm sürəci”nin gələcəyi ilə əlaqədardır. Proses dayandırılarsa, ölkə daxilində separatçılıq dalğasının və paralel surətdə PKK terrorunun yenidən başlaması real təhlükə kimi görünür. Türkiyədə xüsusən milliyyətçi və ulusalcı-kamalist kəsim “kürd açılımı”ndan narahat olsa da, əhalinin əksəriyyəti kürd məsələsinin siyasi yolla həlli variantını dəstəkləyir. AKP elektoratının böyük hissəsinin “açılım”ın dayandırılmasından məmnun olmayacağını söyləyə bilərik, eyni zamanda, bu partiyanın güney-doğu vilayətlərindən seçilmiş millət vəkilləri MHP ilə koalisiyaya isti baxmır. Bu halda AKP kürdlər arasındakı dəstəyini tam itirə bilər və kürd əhali HDP ətrafında daha sıx birləşər ki, bu da növbəti seçkidə hazırkı hakim partiyaya yaxşı perspektiv vəd eləmir. MHP-yə gəldikdə isə, AKP ilə koalisiyaya girmək ölkədəki vəziyyətə, problemlərə görə məsuliyyəti paylaşmaq deməkdir. Bu faktor zaman keçdikcə partiyanın əleyhinə işləyə və onun reytinqinə mənfi təsir göstərə bilər”.
Hazırda Türkiyə hökumətinin ciddi sınaqlar qarşısında olduğunu qeyd edən politoloq hesab edir ki, yeni hökumət həm iqtisadi sahədə, həm də xarici siyasətlə bağlı ciddi dəyişikliyə nail olmalıdır. Bu mənada o, AKP ilə koalisiyanın partiyalar üçün ağır siyasi risk olduğunu düşünür: “Hazırda ölkə iqtisadiyyatında staqnasiya əlamətləri hiss olunur, xarici kapitalın yavaş-yavaş ölkədən çıxması qeydə alınmaqdadır və yaxın perspektivdə sosial-iqtisadi durumun mənfiyə doğru dəyişəcəyi ehtimal edilir. Çox ciddi problemlərin müşahidə olunduğu digər sahə isə xarici siyasətdir. Prezident Ərdoğanın və AKP hökumətin apardığı xarici siyasəti dalana dirənib, regional proseslər tamamilə Türkiyənin əleyhinə cərəyan etməkdədir. Suriyada separatçı kürd qruplaşması – PYD ölkənin şimalını, Türkiyə sərhədlərindəki zolağı ələ keçirmək üzrədir və həmin bölgədəki ərəblər və türkmənlər köçməyə məcbur edilir. Yaranmış durum Türkiyənin mənafeyinə tamamilə ziddir və ölkənin milli təhlükəsizliyini təhdid edir. Bundan başqa, yeni qaçqın dalğasının əmələ gəlməsi və Türkiyəyə yönəlməsi də gözlənilir ki, bunun baş verməsi Ankaranın öhdəsindən gəlməkdə çətinlik çəkəcəyi humanitar fəlakət demək olardı. MHP-nin bütün bu problemlərə görə məsuliyyəti AKP ilə bölüşməsi partiyanın mənafeyi baxımından böyük risk anlamına gələcək. Əslində erkən seçki variantı MHP üçün daha sərfəli görünür, çünki bu halda səslərini daha da artıracağı gözləniləndir. Lakin MHP-nin dövlətin mənafeyini üstün tutaraq hökumətə daxil olmaq riskini üzərinə alması da mümkündür”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın