Ana səhifə / Sosial / “Ailə həkiminin göndərişi olmadan xəstəyə stasionar xidmət göstərilə bilməz”

“Ailə həkiminin göndərişi olmadan xəstəyə stasionar xidmət göstərilə bilməz”

“Azərbaycanda icbari tibbi sığorta işinə başlayanda ailə həkimi institutunun yaradılması hədəflənməşdi. Vaxtilə sahə həkimləri vardı, artıq onlar ailə həkimi statutusunda çıxış edirlər. Ailə həkimi institutunun tam formalaşmasına zaman lazımdır. Amma pilot layihə çərçivəsində regionlarda artıq ailə həkimləri işləyirlər”.

AYNA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov açıqlama verib. Onun sözlərinə görə, ailə həkimləri regionlar üzrə Ailə Sağlamlıq Mərkəzinə təhkim olunub.

“Hər ailə həkimi ərazi üzrə 18 yaşdan yuxarı 1800-2200 vətəndaşın ilkin tibbi xidmətinə cavabdehdir. Pediatrik tibbi çağırış və müraciət üzrə isə hər ailə həkimi 800-ə qədər uşağa ilkin tibbi xidmət göstərir”, – İTSDA rəsmisi deyib.

Qurbanov bildirib ki, ailə həkimi icbari tibbi sığorta hadisəsində əsas rol oynayan tərəfdir: “Çünki hər vətəndaş ilk olaraq ailə həkiminə müraciət etməlidir. Bundan sonra onun tibbi xidmət üzrə hansı xidmətlər zərfindən istifadə etməsi müəyyənləşir. Vətəndaşın birbaşa stasionara müraciəti qəbul edilmir. Xidmət yalnız ailə həkiminin (ixtisasından kənar tibbi xidmətə ehtiyac olacaqsa) xəstəxanaya göndərişi əsasında həyata keçirilir”.

Agentlik rəsmisi sözlərinə görə, ailə həkimlərinin vətəndaş müraciəti əsasında çağırış ünvanına gəlməsi normativləri Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılır: “Həmin həkimin əməkhaqqı fərqində xəstənin ünvanına piyada, xidməti maşın və ya başqa nəqliyyat vasitəsi ilə gəlməsi nəzərə alınır”.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən icbari tibbi sığortanın ölkə üzrə ilk mərhəlsində 24 bölgə üzrə tətbiqi davam edir və hazırda 24 təcili tibbi təxirəsalmaz xidmət şöbəsi var və bu xidmət hazırda pulsuzdur. 2-ci mərhələdə qərb bölgəsi, 3-cü mərhələdə cənub bölgəsində, sonuncu mərhələdə Bakı, Abşeron və Sumqayıtda tətbiqi davam edəcək.

Həmçinin oxuyun

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən …