Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / 12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir

12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir

Müsəlman Birliyi Hərəkatının sədri, 9 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ölümlə təhdid olunduğu, oradakı bir sıra dini inanclı məhbusların işgəncəyə məruz qaldığı bildirilir.
Hərəkatdan Meydan TV-yə verilən məlumata görə, ilahiyyatçı özü başına gələnləri danışıb.
İlahiyyatçı deyib ki, 12 saylı cəzaçəkmə müəssisəsində su problemi var. Xüsusən isti aylarda bu problem daha kəskin şəkildə özünü göstərir, müəssisədə natəmizlik olur. Bu üzdən problemlə əlaqədar bir neçə dəfə müəssisə rəhbərliyinə müraciət edib. Hətta media vasitəsilə də cəzaçəkmə müəssisəsində susuzluğun fəsadlarını gündəmə gətirib.
Taleh Bağırzadə bildirib ki, günlərdir, cəzaçəkmə müəssisəsində su yoxdur, antisanitariya vəziyyəti yaranıb, ətrafı üfunət bürüyüb. O da mayın 8-də səhər saatlarında bu duruma etiraz edib. İlahiyyatçı bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi problemi həll etmək əvəzinə, onu dilə gətirənləri cəzalandırmaq qərarı verib:
“Oradakı əməliyyatçılar – Əziz Tağıyevin başçılıq etdiyi dəstə insanlara amansız işgəncələr verib”.
Taleh Bağırzadənin bildirdiyinə görə, mayın 8-də səhər etirazını bildirəndən sonra onu və müəssisədə saxlanılan Rəfael adlı başqa bir inanclını rəhbərlik danışıqlara dəvət edib. Onlar rəhbərliklə danışıqlar apardığı müddətdə 4 nəfər inanclı – Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov və Rafiq Şahverdiyevi cəzalandırıblar:
“Əməliyyatçı Cavid Səfərov əvvəl onları müəssisədə qarşıdurma yaratmaqda ittiham edib. Ardınca onların dördünü də cəza otağına gətirdib, təhqir edib və onlara dəhşətli işgəncələr verib. Cavid Səfərov onlara deyib ki, Hacı Talehin növbəti etirazına cavab daha sərt olacaq. İşgəncə görən gənclərdən biri buraxılsa da, qalan 3 nəfər işgəncə otağında saxlanılıb”.
Müsəlman Birliyi Hərəkatı vurğulayıb ki, işgəncələrə rəhbərlik edən Əziz Tağıyev Taleh Bağırzadəni ölümlə hədələyib. Təşkilat bəyan edib ki, müəssisədə məhbuslara qarşı bu cür davranış onların həyatı və sağlamlığına ciddi təhlükə olduğunu deməyə əsas verir:
“Özbaşnalıqların yaşandığı cəzaçəkmə müəssisələrində saysız-hesabsız işgəncə faktlarıyla yanaşı, qətl halları da həbsxanalarda məhbusların təhlükəsiz olmadığını göstərir. Əziz Tağıyev kimi işçinin Taleh Bağırzadəni ölümlə təhdid etməsi isə bu vəziyyətdə daha təhlükəli həyəcan təbili çalmağa əsas verir”.
Hərəkat Ombudsman Aparatı da daxil olmaqla, bir sıra yerli və beynəlxalq qurumlara müraciət ünvanlayaraq, onları cəzaçəkmə müəssisələrində yaşananlara diqqət yetirməyə çağırıb:
“Onsuz da günahsız məhbəs həyatı yaşayan şəxslərin həyatına olan təhlükələr araşdırılsın, günahkarlar cəzalandırılsın…”.
12 saylı cəzaçəkmə müəssisəsində su problemi və məhbuslara işgəncə verilməsilə bağlı deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …