Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / 285 saylı məktəbdəki qalmaqal böyüyür

285 saylı məktəbdəki qalmaqal böyüyür

Bir neçə gün əvvəl Suraxanı rayonu 285 saylı tam orta məktəbin kollektivinin Musavat.com-a müraciətini dərc etmişdik.

Kollektiv məktəbin keçmiş direktoru Səfurə Rəhimovanın əməllərindən narazı idi. Bu yazı dərc edildikdən sonra Səfurə Rəhimova müəllimlərin fikirlərini təkzib etmək istəyib. Buna görə də “Xəzər” televiziyasına müraciət edib. Bundan sonra həmin məktəbdən reportaj hazırlanıb. Reportajda danışılanlar və göstərilənlər haqda məlumat vermədən əvvəl müəllimlərin narazılığını bir daha diqqətə çatdıraq.

Narazı müəllimlər bildirirdilər ki, Səfurə Rəhimova direktor kimi 272 saylı məktəbə təyinat alandan sonra əvvəlki təhsil ocağının bir çox avadanlığını da özü ilə aparıb.

WhatsApp Image 2022-10-20 at 16.20.07.jpeg (114 KB)

“Müəllimlərdən məcburi şəkildə yığılan pullarla məktəbə kamera sistemi quraşdırmışdılar. 50 manat buna görə yığılmışdı. Amma başqa məktəbə təyinat alanda kamera sistemini də özü ilə aparıb. Səfurə Rəhimova gedərkən təkcə kamera sistemini yox, məktəbdə qonaqların qarşılanması üçün alınan qab-qacaq dəstlərini də özü ilə aparıb” – deyə məktəb kollektivi müraciətində yazırdı.

Məktəb kollektivini ən çox narahat edən məsələ məktəbin istilik sisteminin əsas avadanlıqlarının yoxa çıxmasıdır. Müəllimlər bildirir ki, Səfurə Rəhimova həmin istilik sisteminin oğurlandığını deyir. Amma məktəb kollektivi buna inanmır.

Kollektiv iddia edir ki, Səfurə Rəhimova bu məktəbdən apardığı avadanlıqları yeni iş yerində müəllimlərə sırıyacaq. Onlardan pul yığaraq, bu avadanlıqları və qab-qacağı rəhbəri olduğu məktəbdə “yerləşdirəcək”.

Bu müraciətdən sonra “Xəzər” televiziyasının əməkdaşları 285 saylı məktəbə yollanıblar. Nədənsə çəkiliş həftənin şənbə gününə təsadüf edib. Məktəbdə heç kim olmadığı bir vaxtda məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vəli Bağırov çəkiliş qrupunun yanına gəlib.

Keçmiş direktor Səfurə Rəhimovanın yaxın adamı kimi bilinən Vəli Bağırov jurnalistin suallarını cavablandırarkən iş yoldaşı olan müəllimlərin sözlərini təkzib edərək, əvvəlki müdirini dəstəkləyir.

Sonradan məlum olur ki, Vəli Bağırovu həftənin şənbə günü məktəbə çağıran da Səfurə Rəhimova olub. Vəli Bağırov izahatında da yazıb ki, Səfurə Rəhimova ona zəng edib və “Xəzər” televiziyasından çəkilişə gəldiklərini bildirib, onları qarşılamağı tapşırıb.

WhatsApp Image 2022-10-20 at 16.20.34.jpeg (50 KB)

Maraqlıdır ki, 285 saylı məktəbə gələn çəkiliş qrupundan əvvəlcə Səfurə Rəhimova xəbər tutur və çəkiliş onun müdafiəsi istiqamətində hazırlanır. Baş rolda da Vəli Bağırov olur.

Əvvəlcə kameraların yoxa çıxmasından danışırlar. İbtidai siniflərin otağında olan 3-5 kamera göstərilsə də, digər sinif otaqlarındakı, dəhlizlərdəki kameraların çıxarılmasını göstərmirlər.

Ardınca Səfurə Rəhimovanın qab-qacağı aparması xəbərini də Vəli Bağırov təkzib edir. Deyir ki, sən demə, qab-qacağı direktor öz evindən gətirirmiş. Məktəbdə rəsmi tədbir olandan sonra qab-qacağı maşınına yığaraq evə aparırmış. Müəllim kollektivi deyir ki, həmin qab-qacağın alınması üçün onlardan pul yığılıb. Səfurə Rəhimova özü də “Xəzər” televiziyasına müsahibə verib və bu fikirləri təsdiq edib. Deyib ki, məktəbə qonaq gələndə qab-qacaq dəst olsun deyə evdən gətirirmiş…

WhatsApp Image 2022-10-20 at 16.19.23.jpeg (130 KB)

Məktəbin qış qabağı əsas probleminə isə “Xəzər” televiziyasının reportajında yer verilmir. Düzdür, xəbəri yazanda Musavat.com saytına yox, sosial şəbəkəyə istinad ediblər. Amma Musavat.com saytına istinad edilsəydi, problemin bu hissəsini də aydınlaşdıra bilərdilər. Təsərrüfat işləri üzrə müdir Vəli Bağırov bu haqda danışmayıb və ya danışmaq istəməyib.

Bu çəkilişdən sonra Vəli Bağırova töhmət verilib.

WhatsApp Image 2022-10-20 at 16.20.52.jpeg (43 KB)

Səbəb isə Səfurə Rəhimovanın göstərişi ilə bu cür müsahibə verməsi, vəzifə səlahiyyətlərindən istifadə etməsidir. Bunu həm də narazı olan məktəb kollektivinin fikirlərinin başqalarının maraqları naminə təkzib edilməsinə verilən cavab kimi qiymətləndirmək olar.

Səfurə Rəhimova hər cəhdlə özünü haqlı çıxarmağa çalışa bilər. Amma məktəbin şəxsi heyətinin səbəbsiz yerə onun haqqında bu cür ittihamlar irəli sürməsi fikri absurddur. Kollektivin tələbi məktəb və şagirdlər üçündür. Başqa bir məsələ isə Səfurə Rəhimovanın özünü nazir postu tutan məmurlardan birinin yaxın adamı kimi tədqim etməsidir. O, bu əlaqələrini tez-tez dilə gətirib. Hətta kollektivdə belə bu söz-söhbəti bilməyən yoxdur.

Qeyd edək ki, müəllim heyətinin narazılığı ilə bağlı rəsmi qurumlar tərəfindən də araşdırma başlayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …