Sosial şəbəkədə biz:
“Vəhdət”in qurucusu: “Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir!”
Xəbər Şəkli

“Vəhdət”in qurucusu: “Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir!”

11 June 2026, 08:45
Siyasət

“Eynulla Fətullayevin "Haqqın.az" saytını Adəm İsmayılova neçəyə satıb-satmadığı barədə məlumatım yoxdur. Amma bu barədə yayılan xəbərlərdə bir cümlə yazılıb ki, Adəm İsmayılov Vəhdət Partiyasını da ötən il alıb. Bu mənim şəxsiyyətimi çox aşağı salır. Həmişə demişəm, partiya bəyəm əmlakdır, ya saytdır ki, onu satalar? Partiyanı satmaq mənim üçün qeyrəti, namusu satmağa bərabərdir! Belə bir şey yoxdur. Partiyadan gözləntilərim də olmayıb. Bu cür şaiyələrin yayılması məni çox üzür. Əvvəllər çox əsəbləşirdim ki, nə üçün belə yalan şaiyələr yazırlar... Partiyanı Adəm İsmayılov alıbsa, qarşı tərəf də mənəm. Alan varsa, satan da olur. Sonradan bir qədər buna səbirli yanaşdım... Çünki adama deyərlər, “Adəm İsmayılov iş adamıdır, sədr olubsa, nəsə burada alqı-satqı məsələsi var...” Buna görə bir az incikliyim getdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Vəhdət Partiyasının qurucusu və sabiq sədri Tahir Kərimli deyib.

O bildirib ki, yayılan məlumatlar şər-böhtandır və deyilənlər heç vaxt baş verə bilməz: “Məni tanıyanlar bilir ki, evimə hər hansı formada haram gətirməmişəm. İkincisi, Vəhdət Partiyası təkcə mənim deyil, bütün kollektivimizindir. Hamımızın 30-40 ilə qurduğumuz partiyadır. Onun mənafeyini heç vaxt kiməsə təslim etmərik. Adəm bəy, yaxud Tahir bəy, kim olsa, Vəhdət Milli Azadlıq Hərəkatından, ideologiyadan doğulub. Zəhmətlə uzun illərə başa gəlib. Vəhdətin mənafeyinə qarşı kim çıxırsa, o gedə bilər, partiya yerindədir! Partiyada belə bir şey ola bilməz. Yayılan xəbəri təkzib edirəm. Adəm İsmayılova da sorğu verin, cavab versin”.

Qeyd: Pravda.az Adəm İsmayılovla əlaqə yaratmağa çalışsa da, o, zənglərə cavab verməyib.