Sosial şəbəkədə biz:

Azərbaycanda işləyənlərin 50 faizindən çoxu sosial sığorta haqqı ödəmir

Azərbaycanda işləyənlərin 50 faizindən çoxu sosial sığorta haqqı ödəmir
Xəbər Şəkli
24 November 2026, 00:39
Araşdırma

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə dair rəyində gələcəkdə pensiya və sosial müavinət sistemi ilə bağlı bir sıra risklərdən yazıb. Bunların  sırasında məşğul əhalinin böyük hissəsinin sosial sığorta ödənişlərindən kənarda qalması, əhalinin sürətlə qocalması, doğum səviyyəsinin azalması və dövlət büdcəsinin maliyyə yükünün artması yer alır.

Dövlət Sosial Sığorta Fondu xərclərini qarşılaya bilmir: dövlət büdcəsindən asılılığı artır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üzrə büdcə xərcləri cari ilin gözlənilən xərcləri ilə müqayisədə 11 faiz artımla proqnozlaşdırılıb. Hesablama Palatasının rəyindən məlum olur ki, DSMF-nin ümumi xərclərində əhaliyə ediləcək ödənişlərin xüsusi çəkisinin azalması, əvəzində isə idarəetmə xərclərinin xüsusi çəkisinin artması gözlənilir.

Belə ki, 2027-ci ildə DSMF-nin ümumi xərcləri 9 milyard 272 milyon manat həcmində proqnozlaşdırılır. Bu vəsaitin 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərə, 190 milyon manatının isə idarəetmə və inzibati xərclərə yönəldilməsi nəzərdə tutulur.

2025-ci illə müqayisədə əhaliyə ödənişlərin ümumi büdcə xərclərində çəkisinin 99,7 faizdən 96,5 faizə düşəcəyi, inzibati xərclərin payı isə 1,5 faizdən 2 faizə yüksələcəyi gözlənilir.

Qeyd edək ki, inzibati xərcləri qarşılamaq üçün bu yaxınlarda “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər təklif edilib. Qanunda ediləcək dəyişikliyə görə, məcburi dövlət sosial sığorta haqlarının vətəndaşların fərdi pensiya hesablarında qeydə alınan hissəsi 90 faizdən 85 faizə endiriləcək. Sosial sığorta haqları hesabına maliyyələşdirilən idarəetmə xərclərinin yuxarı həddi isə 2,5 faizdən 3 faizə yüksələcək. Yəni hazırda maaşlardan tutulan 25 faiz sosial sığorta haqqının fərdi pensiya hesabına köçəcək hissəsi 90 faiz 85 faizə endirilməklə, işləyən şəxsin pensiya kapitalında yığılan vəsaiti azaldacaqlar.  Əvəzində vətəndaşın DSMF-na ödədiyi pulun 15 faizini mövcud pensiya ödənişlərinə və qurumun xərclərinə yönəldəcəklər. Ekspertlər bunu məşğul əhalinin sayının azalması fonunda pensiyaya çıxanların sayının artması ilə izah edir.

Bildirək ki, DSMF-nin gəlirlərinin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları, xərclərinin əsas hissəsini isə əhaliyə ödənişlər təşkil edir. Fondun büdcə layihəsinə görə, 2025-ci illə müqayisədə 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin 17,6 faiz artacağı proqnozlaşdırılır.

Eyni zamanda, fondun əsas xərc istiqaməti olan əhaliyə ödənişlər üzrə 2027-ci ilin proqnoz göstəricisi 2025-ci illə müqayisədə 23 faiz yüksəkdir.

Beləliklə, əhaliyə ödənişlər üzrə xərclərin artım dinamikası sosial sığorta haqları üzrə daxilolmaların artım tempini üstələyir. Nəticədə, yaranan fərqin qarşılanması üçün DSMF-nin dövlət büdcəsindən asılılığı artır.

Hesablama Palatası fondun xərclərinin qarşılanması məqsədilə dövlət büdcəsindən ayrılan transfertləri gələcəkdə onun maliyyə dayanıqlılığına təsir göstərən amillərdən biri kimi qiymətləndirir.

Gələn il dövlət büdcəsindən DSMF-yə 1,6 milyard manat transfert ayrılması proqnozlaşdırılır.

6 ildə pensiya alanların sayı azaldılsa da, xərclər yüksək olaraq qalır

Hesablama Palatası rəyində vurğulayır ki, son illərdə əmək pensiyaları üzrə xərclər artsa da, pensiyaçıların sayı, əksinə, azalıb. Nəticədə, fondda istifadə olunmamış sığorta kapitalının həcmi artıb.

Bununla belə, gələn il əmək pensiyalarının ödənilməsinə 8,7 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da cari ilin sonuna gözlənilən icrasından 10 faiz yüksəkdir.

Məsələn, 2026-cı il iyulun 1-nə əmək pensiyaçılarının sayı 1 milyon 99,9 min nəfər olub. 2020-ci ildə isə bu göstərici 1 milyon 229 min nəfər təşkil edib. Beləliklə, son altı ildə pensiyaçıların ümumi sayı təxminən 129 min nəfər və ya 10,5 faiz azalıb.

Pensiya alanların sayının azalmasının əsas səbəblərindən biri 2021-ci ildə 100 mindən çox vətəndaşın əlilliyinin ləğv edilməsi, bir çoxunun əlillik dərəcəsinin dəyişməsi ilə bağlıdır. 

Həmin ili Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ləğvləri saxta əlillik halları ilə əlaqələndirmişdi.

Hesablama Palatasının rəyində isə qeyd edir ki, gələn il bu istiqamətdə xərclərin artması pensiyaçıların sayı ilə deyil, əmək pensiyalarının indeksləşdirilməsindən qaynaqlanır. Rəyə görə, bu, sığortaolunanların istifadə olunmamış sığorta kapitalının pensiya xərclərinin artmasında iştirak səviyyəsinin aşağı olmasından xəbər verir.

Doğulanların sayı azalır, dəfn pul alanların sayı isə artır

Fondun xərclərində diqqət çəkən digər məqamlardan biri dəfn və uşağın anadan olmasına görə ödənilən müavinətlərlə bağlı hissədir.

Sənədə görə, gələn ilin büdcə layihəsində hər iki müavinətin məbləğinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Nəticədə, bu istiqamətlər üzrə xərclər də yüksəlir. Lakin burada diqqətə alınacaq əsas məqam dəfn üçün müavinət alan şəxslərin sayının artması, uşağın anadan olmasına görə birdəfəlik müavinət alanların sayının isə azalmasıdır.

Hesablama Palatası rəyində yazır ki, 2025-ci ildə uşağın anadan olmasına görə müavinət alan şəxslərin sayı 59 128 nəfər təşkil etdiyi halda, 2026-cı ilin sonuna 6,6 faiz azalaraq 55 212 nəfərə düşəcəyi gözlənilir. 2027-ci ildə isə həmin göstəricinin 1,4 faiz artaraq 56 004 nəfərə çatacağı proqnozlaşdırılır. Lakin 2026-cı ildə də artım proqnozlaşdırılsa da, real vəziyyət gözləntilərdən fərqli olub. Belə ki, cari ildə uşağın anadan olmasına görə müavinət alanların sayının 66,6 min nəfər olacağı proqnozlaşdırıldığı halda, ilin sonuna bunun 55,2 min nəfər təşkil edəcəyi gözlənilir. Bu baxımdan, 2027-ci il üçün proqnozlaşdırılan artımın nə dərəcədə reallaşacağı sual doğurur.

Dəfn üçün müavinət alan şəxslərin sayında isə əksinə, yəni gözləniləndən daha çox ölüm halı olub. 2025-ci ildə dəfn üçün müavinət alanların sayı 38 096 nəfər təşkil edib. 2026-cı ilin sonuna isə bu göstəricinin proqnoza nisbətən 6 faiz artaraq 40 417 nəfərə, 2027-ci ildə isə daha 6 faiz artaraq 42 879 nəfərə çatacağı qeyd edilir.

Ümumilikdə, 2027-ci ildə 2025-ci illə müqayisədə uşağın anadan olmasına görə müavinət alan şəxslərin sayının 5,3 faiz azalması fonunda dəfn üçün müavinət alan şəxslərin sayının 12,6 faiz artması gələcəyin demoqrafik böhranı ilə bağlı həyəcan təbilidir. 

Hesablama Palatası əhalinin sürətlə qocalmasını gələcəkdə pensiya-sığorta sistemi üçün risk yaradan amillərdən biri hesab edir.

Qeyri-formal məşğulluğun 50 faizdən çox olması etiraf edilir

Hesablama Palatası qeyd edir ki, ölkədə məşğul əhalinin sayının artmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqqı hesablanmış şəxslərin sayı azalır.

Belə ki, ölkə üzrə məşğul əhalinin sayı 2023-cü ildə 4,9 milyon nəfər, 2024-cü ildə 5 milyon 29,8 min nəfər, 2025-ci ildə isə 5,1 milyon nəfər olub. Lakin məşğul əhalinin heç də hamısı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların formalaşmasında iştirak etməyib.

Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanmış sığortaolunanların sayı 2024-cü ilin sonuna 2 milyon 124,5 min nəfər, 2025-ci ilin sonuna isə 2 milyon 97,26 min nəfər təşkil edib.

Göründüyü kimi, ölkə üzrə məşğul əhalinin sayının artmasına baxmayaraq, sosial sığorta haqqı hesablanmış şəxslərin sayı 27 241 nəfər və ya 1,3 faiz azalıb. Digər tərəfdən, məşğul əhalinin yarıdan çoxu məcburi dövlət sosial sığorta sistemindən kənarda qalır.

Hesablama Palatası bildirir ki, bu göstəricilər gələcəkdə fondun sığorta ödənişlərinin maliyyələşdirilməsində digər maliyyə mənbələrindən asılılığının artması riskini yaradır.

İqtisadçı-ekspert Rövşən Ağayev sosial media hesabında yazıb ki, bu göstəricilər Azərbaycanda qeyri-formal məşğulluğun 50 faiz səviyyəsində olduğunu iddia etməyə əsas verir:

“Hökumətin statistikasında 5,2 milyon nəfərə yaxın insan məşğul kimi uçota alınıb. 

Amma bu şəxslərin yarısından da azı sosial sığorta ödəyicisidir. 

Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış etsək, işləyən, amma sığorta ödənişi etməyən şəxslər qeyri-formal məşğullardır. 

Hesablama Palatasının son açıqlamasına görə, 2025-ci ilin sonuna məcburi sosial sığorta haqqı hesablanmış şəxslərin sayı 2,097 milyon nəfər olub.

BƏT-in standartı ilə bu faktları bir araya gətirdikdə, belə çıxır ki, Azərbaycanda qeyri-formal məşğulluğun 50% olduğunu iddia etmək mümkün olur”.

“Hesablama Palatasının 2,097 milyon rəqəminə gəldikdə, 1,8 milyon nəfər muzdlu işçi, hüquqi şəxslərin işəgötürən statusu ilə rəhbər şəxslərini nəzərə alsaq, yerdə maksimum 230-240 min subyekt qalır. Bunların da hamısını fərdi sahibkarlıq subyektləri kimi sayası olsaq, belə çıxır kağız üzərindəki 1,5 milyon fərdi sahibkarın maksimum 15%-nin real fəaliyyəti var.

Üstəlik, rəsmi statistika son 1 ildə məşğulluğun 75 min nəfərə yaxın artdığını deyir, amma sosial sığorta olunanların sayının 27 min azaldığı görünür. 

Tez-tez sosial-iqtisadi bloka məsul nazirlər son 8 ildə 500 min əmək müqaviləsinin artdığını deyirlər”, – deyə iqtisadçı qeyd edir.

Onun sözlərinə görə, ən vacib göstərici sosial sığortaya cəlb olunanların sayıdır: 

“Pensiya sisteminin dayanıqlılığı, formal məşğulluğun miqyası və əmək bazarının şəffaflığı bilavasitə bu göstərici əsasında müəyyən edilir. 

Bu rəqəmi həm də detallı açıqlayın: özəl və dövlət sektoru üzrə, muzdlu və qeyri-muzdlu məşğulluq üzrə, hər bir rayon və şəhər üzrə sığortaedilənlərin sayı. Real inkişafla bağlı müzakirələri məhz belə rəqəmlər ətrafında aparmağa dəyər”. meydan.tv