Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskvada işgüzar səfərdədir. Nümayəndə heyətinin səfəri Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 80 illik yubileyi ərəfəsinə təsadüf edir. Bu səfər təkcə yubiley tədbirləri ilə bağlı deyil, həm də iki dini lider arasında uzun illər ərzində formalaşmış münasibətlər və regionda dinlərarası dialoq baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Patriarx Kirill noyabrın 20-də 80 yaşını tamamlayıb. Rusiya Prezidenti Vladimir Putin həmin gün onu şəxsən təbrik edib, Ural ustalarının hazırladığı dini ikon hədiyyə edib. Putin bundan əvvəl də telefonla patriarxı yubileyi münasibətilə təbrik etmişdi. Dövlət başçısı patriarxa yubiley hədiyyəsi təqdim edib. Beləliklə, 80 illik yubiley Rusiyada yalnız kilsə daxilində deyil, dövlət səviyyəsində də qeyd olunub.
Allahşükür Paşazadə ilə Kirill arasında isə uzun illərə söykənən şəxsi münasibətlər mövcuddur. Onların görüşləri sadəcə dini mərasimlər və qarşılıqlı təbriklərlə məhdudlaşmayıb. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi dövründə dini liderlərin dialoqu, əsirlərin və meyitlərin qaytarılması, münaqişənin dini qarşıdurmaya çevrilməsinin qarşısının alınması məsələləri müzakirə olunub.
2016-cı il noyabrın 22-də Moskvada keçirilən görüşdə Kirill Şeyxülislamın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini xüsusi vurğulamışdı. Allahşükür Paşazadə isə ondan bu istiqamətdə səylərini davam etdirməsini xahiş etmişdi. 2017-ci ildə Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü də keçirilib. Həmin görüşdə Paşazadə Kirilli vasitəçi kimi Bakıya dəvət etmiş, dini liderlərin Azərbaycan-Ermənistan sərhədində görüşünün təşkilini də təklif etmişdi. Şeyxülislamın məqsədi münaqişənin dini zəmində qarşıdurmaya çevrilməsinin qarşısını almaq idi.
İndi isə Şeyxülislamın özü Moskvadadır. QMİ nümayəndə heyətinin noyabrın 22-də Moskvaya gəldiyi Rusiya Pravoslav Kilsəsinin rəsmi məlumatında da təsdiqlənib. Səfərin rəsmi səbəbi Kirillin 80 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirakdır. Noyabrın 23-də isə Allahşükür Paşazadənin Krillə görüşü olacaq. Şeyxin Moskvaya səfəri təkcə yubiley mərasiminə qatılmaqdan ibarət deyil. Bu, Azərbaycanla Rusiya arasında dini diplomatiyanın, dinlərarası dialoqun və regional məsələlər üzrə təmasların davam etdirilməsi üçün də fürsətdir. Görüşlərin konkret gündəliyi və hansı məsələlərin müzakirə olunacağı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Musavat.com