Əziz həmvətənlər!
17 noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli yaddaşında azadlıq, istiqlal və milli birlik uğrunda mübarizənin ən mühüm tarixi mərhələlərindən biri kimi əbədi yer tutmuşdur. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan və dekabrın 5-dək davam edən ümumxalq mitinqləri Azərbaycan xalqının sovet imperiyasının antiazərbaycan siyasətinə qarşı etirazının, milli özünüdərkinin və azadlıq iradəsinin möhtəşəm təzahürü idi. Qarabağ məsələsində sovet rəhbərliyinin yürütdüyü ədalətsiz siyasət, xalqımızın tarixi hüquqlarına qarşı yönəlmiş təzyiqlər milli oyanışı sürətləndirdi, müstəqillik ideyasını ümumxalq amalına çevirdi.
Həmin tarixi günlərdə Azadlıq meydanına toplaşan yüz minlərlə soydaşımız etiraz səslərini ucaltmaqla yanaşı həm də öz milli kimliyinə, dövlətçilik ənənələrinə və müstəqil gələcəyinə sahib çıxmaq əzmini nümayiş etdirirdi. Bu hərəkatın formalaşmasında və genişlənməsində hərəkatın önündə olan Etibar Məmmədov, Sabir Rüstəmxanlı, digər milli azadlıq mübarizlərinin tarixi xidmətləri qürurla xatırlanmalıdır.
Milli Dirçəliş hərəkatı xalqımızın azadlıq mübarizəsinə yeni siyasi məzmun qazandırdı, milli istiqlal ideyasını gücləndirdi və Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolun mühüm başlanğıc mərhələsinə çevrildi.Azərbaycan Milli İstiqlal Partiyası olaraq bildiririk ki, 17 noyabrın tarixi mahiyyəti keçmişimizi xatırlamaqla bərabər, bu gün həm də milli iradəmizin, istiqlal əqidəmizin və dövlətçilik düşüncəmizin gələcək nəsillərə ötürülməsi baxımından böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqı vaxtilə Azadlıq meydanında səsləndirdiyi azadlıq və müstəqillik arzularının böyük tarixi nəticələrinə şahidlik edir. Dövlət müstəqilliyimizin bərpası, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması, Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın onilliklər boyu davam edən mübarizəsinin möhtəşəm təntənəsidir. Bu Zəfər milli birliyimizin, xalqımızın iradəsinin, qəhrəman Ordumuzun şücaətinin və dövlətimizin qətiyyətinin nəticəsidir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən Böyük Qayıdış prosesi isə milli dirçəlişimizin yeni və şərəfli mərhələsidir. Doğma yurdlarına qayıdan soydaşlarımızın qurub-yaratmaq əzmi Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açır. Milli həmrəyliyimiz, istiqlal ideallarına sədaqətimiz və dövlətçilik məsuliyyətimiz bundan sonra da Azərbaycanın güclənməsinin, suverenliyimizin dönməzliyinin və gələcək nəsillərin firavan həyatının əsas təminatı olacaqdır.
Milli Dirçəliş Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, hər bir həmvətənimizə möhkəm birlik, əmin-amanlıq və firavanlıq arzulayırıq!
Azərbaycan Milli İstiqlal Partiyası