“Bu gün çörək növbəsində durmadığımıza görə sevinməliyik” – YAP-çı deputat
Milli Məclisin deputatı, YAP üzvü Musa Quliyev “TV Musavat”ın canlı efirində ölkədə yoxsulluq səviyyəsi və iqtisadi vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib. Millət vəkili Azərbaycanda mütləq yoxsulluğun olmadığını bildirərək, bu gün əldə edilən nailiyyətləri 90-cı illərlə müqayisə edib.
M.Quliyev yoxsulluğun beynəlxalq meyarlarına istinad edərək, ölkədə vəziyyətin o qədər də acınacaqlı olmadığını vurğulayıb:
“Gündəlik qazanc 3 dollar 65 sentdən aşağıdırsa...”
“Beynəlxalq statistikaya görə, yoxsulluğun müəyyən həddi var. Əgər bir şəxsin gündəlik qazancı 3 dollar 65 sentdən aşağıdırsa, o, yoxsulluq həddində yaşayır. Bu gün Azərbaycanda ünvanlı sosial yardım üçün tələb olunan ehtiyac meyarı yaşayış minimumuna bərabərdir – təxminən 170 dollardan bir qədər çox. Bu isə o deməkdir ki, bu gün Azərbaycanda mütləq yoxsulluq yoxdur. Nisbi yoxsulluq isə dünyanın hər yerində mövcuddur və bu, təbiidir”.
“Çörək növbələrini unutmayaq”
“Biz 20–30 il geriyə qayıtsaq, görərik ki, haradan hara gəlmişik. 90-cı illərdə camaatın əsas dərdi çörək idi. Mən özüm də xatırlayıram, çörək növbələrində dururduq, bacardığımız qədər artıq alırdıq ki, sabah yenə çörək tapa biləcəyikmi, bilmirdik. Bu problem 1995-ci ildən sonra tədricən həll olundu. Bəli, bu gün çörək növbəsində durmadığımıza görə sevinməliyik. Çünki həmin dövrdən sonra işıq, qaz və istilik problemləri də aradan qaldırıldı”.
“Neft gəlirlərimizdən istifadə etmək haqqımızdır”
“Qeyri-neft sektorunda və kiçik sahibkarlıqda inkişaf arzuladığımız səviyyədə deyil, bununla razıyam. Amma neftimiz, qazımız varsa, niyə onlardan istifadə etməyək? Biz həmin gəlirlər hesabına 1 milyona yaxın qaçqın və məcburi köçkünü saxladıq, onlar üçün qəsəbələr saldıq. İndi Ukraynaya bütün Avropa yardım edir, amma biz o vaxt tək idik. Əsas yük dövlətin üzərinə düşmüşdü”.
Musavat.com