Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zəngəzurdakı demarkasiya erməniləri niyə təşvişə salıb? – TƏHLİL

Zəngəzurdakı demarkasiya erməniləri niyə təşvişə salıb? – TƏHLİL

Üçtərəfli 10 noyabr razılaşması əsasında Azərbaycanın işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarının azad edilməsindən sonra Ermənistanla sərhədlərin demarkasiyası – ayırıcı xətlərin müəyyənləşdirilməsi mərhələsi başlanıb.

Razılığa əsasən, demarkasiya sovet dövründəki xəritə və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində GPS sistemindən istifadə edilərək aparılır.

Prosesdə ilk addım Kəlbəcərdəki Söyüdlü qızıl yatağının dəqiq bölünməsiylə atılıb.

Hazırda Qarabağ savaşındakı ağır məğlubiyyətdən sarsılan erməni cəmiyyətində önəmli mövqeyə sahib faşist zehniyyətli revanşistlər sərhədlərin demarkasiyasını “ərazi güzəşti” sayaraq, Paşinyan hakimiyyətini ittiham edirlər.

Kəlbəcərdə istədiklərinə nail ola bilməyən ermənilərin Zəngəzurda sərhədlərin demarkasiyası zamanı problemlər yaratmağa çalışacaqalrı isə əvvəlcədən gözlənilən idi. Səbəb də odur ki, bölgədə sərhəd xətti həddən artıq mürəkkəbdir, hətta bəzi yerlərdə Ermənistan tərəfdən kommunikasiya xətlərinin bir qismi Azərbaycan ərazilərinin daxilindən keçir.

Görünən odur ki, Ermənistan müxalifəti Sünik vilayətində (Zəngəzurun Sisyan, Gorus, Qafan və Mehri rayonları) sərhədlərin demarkasiya məsələsindən Paşinyana qarşı ciddi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Müxalifətin Baş nazirliyə namizədi daşnak ünsürü Vazgen Manukyan və digər revanşistlər Üçtərəfli anlaşmada Zəngilan, Qubadlı rayonları barədə müddəanın olmadığını (anlaşmadakı müddəa Qarabağın dağlıq hissəsinə aiddir) əsas gətirərək, sərhədlərin demarkasiyanın dayandırılmasını,  istifadə edilən xəritələrin, guya, dəqiq olmadığını iddia edərək, prosesi 10-15 il sonraya saxlamağı və 20 kilometrlik bufer zonası yaratmağı tələb edirlər.

Xatırladaq ki, Qubadlı və Zəngilan rayonları azad edilərkən, Qafan və Gorusla sərhəddəki bir çox kəndlərdə ermənilərin mövqeləri qalmaqda idi. Könüllülər adı ilə 10 noyabra qədər bu əraziləri işğalda saxlayan ermənilər bildirirdilər ki, onlar tutduqları mövqeləri tərk etməyəcəklər. Lakin hərbçilərimizin qətiyyətli mövqeyi nəticəsində onlar geri addım atmağa məcbur oldular.

Bölgədəki erməni əhali ilə izahat işi aparıb sakitləşdirmək üçün Müdafiə naziri və Baş Qərargah rəisini Sünikə göndərən Paşinyan 19 dekabrdakı müraciətində, doğru olaraq, bölgədəki demarkasiya prosesini “Ermənistanın  beynəlxalq sərhədlərinə qayıtma və Sünikdə təhlükəsizliyin təmin edilməsi” kimi qiymərləndirib.

Zəngəzurda demarkasiya Qubadlı, Zəngilan və Qafan, Gorus rayonlarının sərhədində həyata keçirilməlidir. Erməni faşizminin əsas mərkəzlərindən birinə çevrilən, tarixi Azərbaycan torpağı olan Gorusda son dövrlərə qədər cəmi 4 kəndddə – Şurnuxu, Qurdqalaq, Ağbulaq və Şamsız kəndlərində azərbaycanlılar yaşayıb.

Əvvəllər Qubadlının olan sərhəd kəndi Şurnuxunun qonşuluğundakı Eyvazlı kəndi 1989-cu ilin dekabrında ermənilər tərəfindən dağıdılıb.

Qubadlı-Gorus istiqamətində sərhədin demarkasiyası zamanı əsas müzakirə mövzusu bu iki kənd olub. Bunun əsas səbəbi İrandan gələn yüklərin də daşındığı strateji Qafan-Gorus M2 yolunun 21 km-lik  Davitbek (Zeyvə)-Vorotan hissəsinin Qubadlı ərazisindən – Eyvazlı kəndi və Şurnuxudan keçməsidir.

Digər tərəfdən, Şurnuxu ərazisinin bir hissəsi də Qubadlının hesab edilir. Ermənilərin “Sünik işğal olunur”, “Azərbaycan istədiyi vaxt yolu bağlayıb Ermənistanı boğacaq” kimi hay-küylərinə baxmayaraq, onlar öz sərhədlərinə çəkilməyə vadar edilib, əsgərlərimiz artıq sərhədimizdə yerləşib.

Dekabrın 20-də yolun ərazimizdən keçən hissəsində Azərbaycan əsgərlərinin bayrağımızla dayanması isə Ermənistanda panikaya səbəb olub. Gorusun meri baş verənlərdə Baş naziri ittiham edib və Sünikə səfəri zamanı onu rayona buraxmamağa çağırıb. Dekabrın 21-də isə Paşinyan vilayətə səfərini yarımçıq saxlayıb.

Yayılan məlumata görə, sərhədin qeyd edilən hissəsində Azərbaycan və erməni tərəflərinin arasında dayanan Rusiya sərhədçiləri yolun 21 km-lik hissəsində hərəkətin təhlükəsizliyini təmin edəcəklər.

Ermənilər üçün sərhədin bu hissəsindən daha qarışıq və ağrılı olan 1918-ci ilə qədər 130 yaşayış məntəqəsinin 104-də Azərbaycan türklərinin yaşadığı rayonun və hazırda Sünik vilayətinin mərkəzi Qafan şəhərinin durumudur.

Qafan şəhəri də daxil, rayonun 13 yaşayış məntəqəsi Zəngilan və Qubadlı rayonları ilə sərhəddə yerləşir. Oktyabr ayında müdafiə mövqelərini Zəngilan və Qubadlı ərazisində qurmuş ermənilər indi beynəlxalq sərhədlərə çəkilmək zorundadır.

28 ildir işğal etdikləri ərazilərin onların olduğuna özlərini inandıran ermənilər indi təmas xəttinin 130 km-dən (Horadizdən) 1 km-ə qədər azalmasını “tarixi torpaqların güzəştə gedilməsi” kimi qiymətləndirirlər.

Qafanın meri Poqosyan əhalinin panikada olduğunu, şəhərlə Azərbaycan hərbçilərinin arasındakı məsafənin 1 km olması səbəbindən təhlükəsizliyin təmin edilməsinin mümkünsüzlüyü barədə açıqlama verib. Əhalini sakitləşdirmək məqsədilə Müdafiə naziri və Baş qərargah rəisinin, ardınca Paşinyanın bölgəyə yarımçıq səfəri gərginliyi azaltmayıb.

Qafan merinin 13 yaşayış məntəqisinin yaxınlığındakı mövqelərin Azərbaycan tərəfinə təhvil veriləcəyi ilə bağlı açıqlaması, ruscadan yalnış tərcümə edilərək, guya, “həmin məntəqələrin veriləcəyi” kimi təqdim edilərək, sosial şəbəkələrdə və xəbər kanallarında geniş yayılıb.

Nəzərə alınmalıdır ki, geniş ajiotaj yaradan məlumatda adı keçən həmin məntəqələrdən yalnız  doğulduğum Qaraçimən kəndində azərbaycanlılar yaşayıb (Bu yanlış məlumatdan dolayı xeyli təbriklər də almışam – O.Q.).

Bəs, əslində, ermənilərin bu narahatçılığının kökündə nə durur?

Xatırladaq ki, Zəngilan rayonu ilə Qafan 3 istiqamətdə uzun sərhəd xəttinə malikdir:

1. Zəngilan şəhərinə yaxın Rəzdərə və Kolluqışlıq kəndləri istiqamətdə yerləşən Şişkert, Sav, Sraşen, Gexanuş, Çəkədin, Şikahox (Şıxovuz) kəndlərinin yerləşdiyi Xustub dağının ətəklərindəki strateji mövqe.

2. Oxçu çayı sahilində yerləşən Qaraçimən kəndi, Sünik qəsəbəsi və Qafan şəhəri ilə həmsərhəd kəndlər.

Bu iki istiqamət arasında 14 kəndin yerləşdiyi ərazi Zəngilanda “Dardan yuxarı” adlanır.

3. Süsən dağının davamı olan Kəmərə və Lokator yüksəkliyinin ətəyindəki Seyidlər, Yeməzli və Xəştab kəndləri istiqamətində ermənilərin yaşadığı Həyərək, Sirkətas, Ağavurd, Ücənis, Yeğvard (Novruzlu) kəndlərinin (son 3 kənd Qubadlı ilə sərhəddədir) yerləşdiyi ərazi.

İlk iki istiqamətdəki kəndlərin ərazisindən və yaxınlığından Qafan şəhərini rayonun cənub-şərq və Ermənistanın digər hissələri ilə əlaqəsini təmin edən Qafan-Gorus, Qafan-Şişkert (Qazançı, Dərəlidən keçir), Qafan-Ücənis (1991-ci ilə qədər və işğaldan sonra Seyidlərdən keçirdi) avtomobil yolları və dəmiryolu keçir,  hava limanı yerləşir. Bu ərazidə yerləşən Zəngilanın Ağkənd, Qazançı və Dərəli kəndləri ilə Qafan şəhəri arasındakı məsafə 1-2 km-dir.

Ağkəndin arxasındakı təpələrdə dəniz səviyyəsindən 925 metr hündürlükdə yerləşən Qazançı və Dərəlidən çox yaxın məsafədəki Qafan şəhəri ovuc içindəki kimi görünür.

Qazançı və Dərəli kəndlərindən Qafan şəhərini Xustub dağının ətəklərində strateji mövqedə yerləşən, əvvəlki savaşda Zəngilan şəhəri və ətraf kəndlri atəş altında saxlayan 1-ci istiqamətdəki 6 erməni kəndi ilə birləşdirən avtomobil yolu keçir. Yol bağlandığı təqdirdə, bu kəndlər mühasirəyə düşür.

Məlumata görə, Rusiya sərhədçiləri artıq həmin kəndlərə yerləşib. O istiqamətdə ən böyük erməni kəndi, hərbi məntəqəsi Çəkədində demarkasiya artıq yekunlaşmaq üzrədir. Keçən savaşda kənddə topların yerləşdirildiyi əsas yüksəkliyin – teleqüllənin ərazisinin bizə aid olduğunun sübut edilməsi prosesi gedir.

Dəmiryol xəttinin keçdiyi Ağkəndlə 250 metr məsafədəki Qafan aeroportunu Oxçu çayı ayırır. Sovet dönəmindən aeroportun uçuş zolağına yaxın ərazinin bir hissəsinin Ağkəndə aid olduğu bilinirdi. Ona paralel İranı Ermənistanla bağlayan Qafan-Gorus yolu ilə Ağkənd arasındakı məsafə 300 metrdən azdır. Ağkəndi Qafanın dəmiryol vağzalından bir neçə dəqiqəlik məsafə ayırır. Demarkasiyadan əvvəl Ağkənddə yaşayan ermənilər ənənələrinə sadiq qalaraq, tərk etdikləri evləri yandırıblar.

Qeyd edilən kəndlərin qonşuluğundakı hündürlükdə yerləşən Yuxarı Gəyəli kəndindən sadalanan bütün kommunikasiya xətləri ilə bərabər, Oxçu çayının vadisindəki üzbəüz Sünik qəsəbəsi rahatlıqla nəzarətdə saxlanıla bilir.

Kəmərə və Lokator yüksəkliyin ətəyində yerləşən Seyidlər kəndindən Qafan şəhərini qonşuluqdakı beş erməni kəndi ilə birləşdirən avtomobil yolu keçir. 1991-ci ildə yol bağlananda ermənilər iki dəfə uzun alternativ yol çəkməyə məcbur olmuşdular.

Qeyd edilən yüksəkliklər bizim ərazi olsa da, keçən savaşda ermənilər ilk olaraq oranı ələ keçirərək, 10-a yaxın kəndimizi atəş altında saxlayıblar.

Demarkasiyadan sonra oradan, Qafan şəhəri daxil, rayon ərazisinin əhəmiyyətli hissəsi nəzarət altına, Həyərək, Sirkətas, Ağavurd, Ücənis, Yeğvard (Novruzlu) kəndləri isə faktiki blokadaya düşür.

Demarkasiya prosesini aparan sərhədçilərimizin bu kimi vacib məqamları nəzərə alacağına əminəm və hazırkı gedişat da onu təsdiqləyir: Qafanın yaxınlığındakı mövqelərdə avtomatlı əsgərlərimizin dayanmasından şikayətlənən ermənilər “Hündürlükdə avtomatla dayanan türk əsgərlərinin  “Qarabağ bizimdir!”” şüarlarından narahatlıq keçirdiklərini deyirlər.

Son olaraq təklif edirəm ki, azad edilmiş bütün torpaqlarımızda olduğu kimi, Qafana yaxın kəndlərimizdəki ən yüksək yerdə işıqlandırma sisteminə malik hündür Bayraq dirəyi quraşdırılsın və Bayrağımız orada dalğalansın. Bunun özü də ermənilərin reallıqlarla hesablaşması və revanşist əhvaldan imtinaları üçün vasitələrdən biri ola bilər.

Oqtay QASIMOV, politoloq

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …