Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Xocalı aeroportunun taleyi necə olacaq…

Xocalı aeroportunun taleyi necə olacaq…

Son günlər erməni KİV-lərində Dağlıq Qarabağdakı Xocalı aerportunun yaxın günlərdə açılacağı və Rusiyanın maraqları naminə istifadə olunacağı barədə şaiyələr yayılmaqdadır. Hətta erməni anonim mənbələri aerportun açılacağı tarixi də veriblər-dekabrın 25-i. Bildirilirdi ki, “Qarabağ hakimiyyəti” (bıy, bunlar kimdir elə?,-red.) aerportdan Rusiya hərbi-nəqliyyat aviasiyasının sülhməramlı kontingentin təchizatını həyata keçirmək üçün istifadəyə “icazə verib”.

Daha əvvəl də belə xəbərlər erməni mənbələri tərəfindən yayılmışdı və bildirilirdi ki, regionda açılmış Rusiya humanitar mərkəzinin təchizatını həyata keçirmək üçün dekabrın birinci ongünlüyündə köhnə Xocalı aerportu açılacaq. Ora An-12 və An-26 hərbi-nəqliyyat təyyarələri reyslər həyata keçirəcək. Habelə aerodrom bütün növ nəqliyyat vertolyotlarını qəbul edəcək. “Daha sonra isə aeroportun uçuş-enmə zolağını genişləndirməklə oraya İl-76 nəqliyyat təyyarələrinin də enməsi təmin olunacaq”,-erməni mənbələri iddia edirdi.

Həqiqətən də bu günlərdə Xocalı aerportu ətrafında müəyyən fəallıq qeydə alınıb, Rusiya minatəmizləyənləri aerportun ərazisini minalardan təmizləyib, bəzi məlumatlara görə uçuş-enmə zolağı da genişləndirilib. Lakin nəyə görəsə aerportun açılacağı haqda ancaq ermənilər danışırlar, özü də yüz faiz həll edilmiş məsələ kimi. Bakıda isə bu haqda bilmirlər, üstəlik Moskva da belə görünür, aerportun açılacağı haqda qətiyyən heç nə bilmir. Rusiya tərəfi gözəl başa düşür ki, aeroport məsələsində ancaq və ancaq Azərbaycan tərəfi ilə razılaşmaq olar. Çünki o, Azərbaycan ərazisində yerləşir və heç bir qondarma “Qarabağ hakimiyyəti” aeroportla bağlı nəsə həll etmir, həll edə bilməz.

Bundan əlavə beynəlxalq hüquq var və orada dəqiq, aydın göstərilib:

Birincisi, Xocalı aerportuna təyyarələrin enməsi üçün Azərbaycanın razılığı lazımdır. 2012-ci ildən fərqli olaraq indi uçuş hətta Ermənistan ərazisindən həyata keçirilsə də o, Azərbaycanın nəzarətində olan ərazilərin-Kəlbəcərin cənub hissəsinin üzərindən keçməlidir. Azərbaycanın icazəsi olmadan uçuş cəhdi isə ölkənin hava məkanınımn pozulmasıdır.

Yeri gəlmişkən Azərbaycan hələ 2012-ci ildə yazılı şəkildə ATƏT-i və İCAO-nu Bakının Xocalı aeroportuna qanunsuz uçuşların qarşısını beynəlxalq hüquqa uyğun alacağına dair xəbərdarlıq göndərib.

İkincisi, beynəlxalq aviasiya qaydalarını tənzimləyən Çikaqo konvensiyasının 10-cu bəndinə əsasən xaricdən gələn təyyarələr ancaq müvafiq dövlətin müəyyən etdiyi və gömrük xidmətinin qurulduğu aerporta enə bilər. Uçuş qaydası da belədir. Dövlətlər belə aerportların siyahısını ICAO qaydaları çərçivəsində təqdim etməlidir. Azərbaycan isə Xocalı aerportunun adını bu siyahıda təqdim etməyib, çünki orada gömrük-sərhəd nəzarətini təmin edə bilmir.

Nəhayət üçüncüsü. Dövlətlər müvafiq beynəlxalq qaydalar əsasında öz aerportlarında naviqasiya xidmətlərini təşkil etməlidir. Bu işə Xocalı aerportunda hələ başlamayıblar. Və özünün beynəlxalq öhdəliklərinə sadiq olan Azərbaycan bütün uçuş təhlükəsizliyi normalarını təmin etmədən Xocalı aerportunu istifadəyə verə bilməz.

Üstəlik onillər ərzində davam etmiş erməni işğalı ərzində Xocalı aerportu istifadəyə yararsız hala düşmüşdü. Ermənilər aeroportu yenidən qursalar da Azərbaycanın qəti mövqeyini nəzərə alaraq onu işə sala bilmədilər. Və aerport istifadəsiz qaldı, nəticədə onun naviqasiya qurğularının nə vəziyyətdə olduğu məlum deyil.

Xidməti zərurətlə bağlı dəfələrlə Dağlıq Qarabağda olmuş ehtiyatdakı rusiyalı generalı Yuri Netkaçyev deyir ki, Xocalı aeroportu Rusiya qoşun qruplaşmasının təchizatında istifadə edilmək üçün modernizə edilməlidir. “O, hazırda Rusiya Hava Kosmik Qüvvələrinin İl-76 tipli ağır təyyarələrini qəbul edə bilməz, yüklər isə əsasən bu təyyarələrlə daşınır. Uçuş-enmə zolağını da modernizasiya etmək lazımdır. Zolaq hazırda asfaltdır. Belə örtüklü zolaqda İl-76 təyyarəsini endirmək olmaz. Uçuş-enmə zolağını modernizə etməyə isə 1 milyard rubl gərəkdir”,-o deyir.

Azərbaycan mütəxəssisləri isə aerportun ümumi modernizasiyasına ən azı 3 milyard manat lazım olduğunu deyirlər. Özünün bu günlərdə etdiyi müraciətlərindən birində prezident İlham Əliyev demişdi ki, “gün gələcək, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar və ermənilər ora qayıdacaqlar, yenidən mehriban qonşuluq şəraitində yaşayacaqlar. Burada nəqliyyat, logistika, energetika təhlükəsizliyi məsələləri var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik”. Yəni Xocalı aeroportu taleyin ümidinə buraxılmayacaq, onu ikinci həyat gözləyir. Lakin bilavasitə Bakının nəzarəti və yuridikasiyası altında. Xocalı aerportundan istifadə qaydalarını və onun sonrakı taleyini ancaq və ancaq Azərbaycan müəyyən edəcək. Və bununla da məsələ bağlı elan edilir. Virtualaz.org

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …