Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ümid Partiyası Koronavirusla bağlı hökumətə təkliflər paketi təqdim etdi- Video

Ümid Partiyası Koronavirusla bağlı hökumətə təkliflər paketi təqdim etdi- Video

Uzun müddətdə ayrı-ayrı ölkələrin problemi hesab edilən koronavirus 11 martdan sonra bütün dünyanı həyəcan siqnalı çalmağa məcbur etdi, xəstəliyin miqyası hər gün böyüdü, xəstələrin sayı durmadan artır, itkilər çoxalır, virusu durdura biləcək birdəfəlik vaksin və preparat hələlik yoxdur, uzun sürən müalicə və karantin böyük xərclər, təcridetmələr, şəhərlərin və ölkələrin qapılarının bağlanılmasını tələb edir.

İqtisadiyyat çökür, əksər ölkələrin milli valyutaları dəyərini itirir, neft dünya bazarında qiymətdən düşür. Azərbaycanda da vəziyyət mürəkkəbdir. Həm koronavirusun ilk yayıldığı ölkələrdən biri olan İranla sərhədimizin uzun zaman açıq olması, səhiyyə sistemimizdəki bəzi çatışmazlıqlar, həmçinin əhalinin laqeydliyi vəziyyəti arzuolunmaz səviyyəyə çatdıra bilər. İqtisadiyyatımızın əsasını təşkil edən neft və neft məhsullarınında qiymətdən düşməsi həm milli valyutamızı təhdid edir, həm də maliyyə defisiti üçün ciddi əsas verir. Əhalinin və iş adamlarının psixoloji durumu sabit deyil, güvənli sosial siyasətin olmaması panik əhval yaradır, məcburi təcridetmələr və iş ritminin pozulması xidmət və istehsal sahələrində ritmi və inamı pozur, neftin sürətlə qiymətdən düşməsi maliyyə bazarındakı nisbi sakitliyin pozulacağını vəd edir.

Belə şəraitdə Azərbaycan Ümid Partiyası bütün siyasi qüvvələrə müraciət edir, ölkədə sabitliyin qorunması və problemdən çıxış yolunun birgə tapılması üçün genişşaxəli əməkdaşlığa ehtiyac olduğunu bəyan edərək, hamını – iqtidarı və müxalifəti birgə fəaliyyətə, çıxış yolunu aramağa, xalqın və dövlətin ziyan görməməsi üçün ortaq əməkdaşlığa çağırır. Vacib bildiyimiz bir sıra məqamları isə qısa proqram şəklində Azərbaycan hökümətinin diqqətinə çatdırırıq.

SOSİAL SAHƏDƏ:

1. Elektrik enerjisinə tətbiq olunan limit karantin müddətində ləğv edilsin, elektrik enerjisinin qiyməti 50% ucuzlaşdırılsın; 2. Qaz istehlakçılarına tətbiq olunan limit karantin müddətində ləğv edilsin, qiymətlər 50% ucuzlaşdırılsın; 3. Kommunal xidmətlərin ödənişlərində 30% – lik güzəşt tətbiq olunsun; 4. Yerli icra hakimiyyəti orqanları ərazidə yaşayan aztəminatlı ailələri dərhal müəyyən etsin və karantin müddətində dövlət onlara 50 manat miqdarında aylıq çörək pulu versin; 5. Fəaliyyəti məhdudlaşdırılmış və ya müvəqqəti dayandırılmış müəssisələrdə (özəl və dövlət) əvvəlki səviyyədə maaşlar saxlanılsın; 6. Bakı şəhərinə gediş-gəliş məhdudlaşdırıldığı üçün Rayonlarda fəaliyyət göstərən taksi və avtobus sürücülərinə (lisenziya almış) kompensasiya təyin edilsin; 7. Xidmət sektorunda çalışan işçilərin (restoran, bar, kafe, çayxana,mərasim və şadlıq evləri və s.) əmək haqlarının saxlanılması üçün karantin müddətində aşağıdakı tədbirlər həyata keçirilsin; – İcarə əsasında (dövlət, bələdiyyə və özəl) fəaliyyət göstərən iaşə obyektlərinin aylıq icarə haqqı (müqavilə və vergi ödənişi əsasında) dövlət tərəfindən qarşılansın; – Vergi ödənişi rüb ərzində təxirə salınsın, vahid tarif müəyyən olunaraq, o verginin qrafik əsasında növbəti rüblərdə ödənişi təmin edilsin; – Karantin müddətində işçilərdən tutulan vergilər ləğv olunsun. 8. Dövlət xəstəxanalarında çalışanlara karantin dövründə müvəqqəti əmək haqqı müəyyən olunsun; 9. Özəl xəstəxanalara 30 % – lik vergi güzəştləri tətbiq edilsin bunun müqabilində özəl xəstəxanalar bütün qiymətləri hər növ xəstə üçün 30 % aşağı salsın; 10. Tələbələrə təqaüdlərin verilməsi dayandırılmasın, ödənişli əsaslarla təhsil alan tələbələrə güzəştli limitlər müəyyən olunsun; 11. Qaçqın və məcburi köçkünlərin çörək pullarında artımlar müəyyən edilsin

BANK VƏ MALİYYƏ SEKTORU:

1. Kreditlərin faizləri və ödənilməsi karantin müddətində dayandırılsın; 2. Ölkəyə mal idxal edən fiziki və hüquqi şəxslərdən başqa digərlərinə valyuta satışı maksimum məhdudlaşdırılsın; 3. Xaricə köçürülən pullar yalnız nağdsız ödənişlə həyata keçirilsin; 4. İdxal əməliyyatları həyata keçirən şirkətlər vahid məzənnə üzrə valyuta konvertasiyası həyata keçirə bilməklə, digərləri üçün üzən manat məzənnəsi tətbiq olunsun; 5. Qara bazarın formalaşmasının qarşısının alınması üçün hüquq-mühafizə orqanları ciddi iş rejiminə keçsinlər; 6. İri həcmdə kreditlərin verilməsi (manat və ya xarici valyuta iə) dayandırılsın

KƏND TƏSƏRRÜFATI SAHƏSİ:

1. Yaz əkini dövrünün olması xüsusi nəzərə alınaraq, iri və xırda fermerlərin maliyyə sıxıntısı çəkməməsi üçün xüsusi qeydiyyata alınmaqla məhsul yığımında geri ödənilməsi şərtilə fermerlərə faizsiz ödəmə xətti açılsın; 2. Ənənəvi ixrac ölkələri ilə danışıqlar apararaq, yükdaşımalara məhdudiyyət qoyulmamasına nail olunsun; 3. Kəndli-fermer təsərrüfatlarının əkindən geri qalmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilsin; – Maşın-mexanizmlərlə mərkəzləşdirilmiş təminat; – Gübrə məhsullarının gecikdirilməməsi; – Qiymətlərdə güzəştlərin tətbiqi

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …