Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Uğurlu 44 günlük Vətən müharibəsi işğalçı tərəfi çox şeydən məhrum etdi” – Təbriz Musayev

“Uğurlu 44 günlük Vətən müharibəsi işğalçı tərəfi çox şeydən məhrum etdi” – Təbriz Musayev

Rusiyanın “Moskovskiy komsomolets” nəşri yazır ki, 44 günlük müharibə, bütün mənalarda, Ermənistana zərbə oldu. Bu səbəbdən İrəvanda həyat şəraiti ortadan da aşağı səviyyədədir.

Məqalədə qeyd olunur ki, ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar. Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 ilə yaxın müddət ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda, hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb. Respublika sakinlərindən Gevorq adlı biri məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından, onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb: “Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, respublikanın Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax, beləcə, təqribən 500 min erməni “səyahət edir”.

İrəvanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsini “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.

Görünən odur ki, Ermənistanda əhalinin səfil vəziyyəti aparıcı rus mediası tərəfindən də təsdiq olunur.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistanda sosial durumun kəskinləşməsi bir sıra amillərlə bağlıdır: “Məsələ ondadır ki, pandemiyaya qədər Rusiyada çalışan ermənilər Ermənistana bəlli miqdarda vəsait göndərirdilər. Eyni zamanda, mövsümi olaraq Rusiyaya iş dalınca gedənlər olurdu. Bu faktor müəyyən qədər Ermənistandakı sosial vəziyyətin kəskinləşməsinin qarşısını alırdı. Nəzərə almalıyıq ki, Qərb ölkələrindən də bu kimi vəsait köçürmələri olurdu. Pandemiya Rusiya ilə olan gediş-gəlişi dayandırdı və Ermənistana göndərilən vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə azaldı. Digər bir tərəfdən, Ermənistanın əsas gəlir mənbələrindən biri Azərbaycanın işğal altında olan əraziləri idi. Məsələ ondadır ki, 30 ilə yaxın idi ki, oradakı sərvətlər talan edilirdi. Kəlbəcərdə, Zəngilanda yerləşən qızıl yataqları, Laçın rayonunun zəngin meşələri talan edilirdi. Dağ çayları üzərində çoxsaylı elektrik stansiyası tikilmişdi. Həmçinin, ərazilərimiz kənd təsərrüfatı məqsədilə istifadə edilirdi. Çünki həm aran, həm də yaylaq ərazilərimiz işğal altında idi. Bu isə ermənilər üçün unikal imkan demək idi. Hər il 100 min tondan çox taxıl məhsulları istehsal olunurdu. Çoxsaylı mal-qara sürüsü saxlanılırdı. İşğal nəticəsində xaraba qoyulan yurdlarımızdan örüş kimi istifadə olunurdu. Bütün bunlar yoxsul Ermənistanın sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayırdı. Uğurlu 44 günlük Vətən müharibəsi işğalçı tərəfi bunlardan məhrum etdi. Ona görə də Ermənistanda iqtisadi vəziyyət daha da pisləşir. Yeri gəlmişkən onu da qeyd edim ki, Şirak Ermənistanın ən yoxsul vilayətidir. Məhz bu vilayətdən olan əməkqabiliyyətli ermənilərin çoxu iş dalınca Rusiyaya gedirdi. Bu baxımdan yaxın perspektivdə Ermənistanda iqtisadi vəziyyətin düzələcəyi real görünmür”.

İAT sədri hesab edir ki, Ermənistanın gələcəyi həmsərhəd olduğu 4 dövlətlə normal münasibətlər qurmasından keçir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …