Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Taleh Şahsuvarlı da deputat olmaq istəyir- “YAP namizədi ilə alternativ olmağım etik addım sayıla bilməz”

Taleh Şahsuvarlı da deputat olmaq istəyir- “YAP namizədi ilə alternativ olmağım etik addım sayıla bilməz”

Taleh Şahsuvarlı: “Yeni Azərbaycan Partiyasının parlamentdə görmək istədiyi şəxslərə alternativ olmağım etik addım sayıla bilməz”

Məlumunuz olsun ki, 9 fevral 2020-ci ildə Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Artıq indidən ölkənin bir çox insanları bu marafonda gücünü sınamaq fikrindədir.

AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlıya da“Bu seçkidə namizədliyinizi irəli sürəcəksinizmi?” sualını ünvanladıq.

O, bu suala belə cavab verdi:

“Mən iki dəfə – 2010 və 2015-ci ildə parlament üzvlüyünə namizəd olmuşam və hər ikisində də uğurlu seçki kampaniyası aparmışam. Ancaq o zaman kriteriyalar fərqli idi deyə, “gəncsən, savadlısan, dövlətçisən, prezidentə sadiqsən, amma vaxtını gözlə” anlamında hakim partiya fərqli namizədlərin qələbə qazanmasına şərait yaratdı”.

Baş redaktor indi şəraitin dəyişdiyini bildirdi:

“İndi isə şərait dəyişib, deputat kimi xalqla hakimiyyət arasında öz funksiyaları daxilində gerçəkdən kommunikasiya qura biləcək, prezident İlham Əliyevin islahatçılıq kursuna dəstək olan təşəbbüslərlə çıxış edəcək, dövlətin, hakimiyyətin, ölkə rəhbərinin müəyyən etdiyi siyasi varisin müdafiəsində qorxmayacaq, çəkinməyəcək, sinəsini qabağa verib xarici və daxili müqavimət mərkəzlərinə qarşı öz sözünü deyəcək şəxslərə ehtiyac var. Hesab edirəm ki, cənab Prezidentin icra hakimiyyətindəki kadr islahatları ilə bağlı elan etdiyi kriteriyalar parlament seçkiləri üçün də keçərli olacaq. Qısacası, bizim zamanımız gəlmişdir.

Odur ki, belə bir zamanda seçkilərdə iştirak etməyi vətən qarşısında, dövlət qarşısında, səmimiyyətlə müdafiə etdiyim siyasi hakimiyyət qarşısında mənəvi borc hesab edirəm.

Çox böyük ehtimalla, doğulduğum Bərdə rayonundan, yaxud Bakıdakı seçki dairələrinin birindən öz namizədliyimi irəli sürəcəyəm. Seçki dairəsi barədə qəti qərar verməmişəm ona görə ki, Prezident İlham Əliyevin prinsipial müdafiəçisi kimi mənim Yeni Azərbaycan Partiyasının parlamentdə görmək istədiyi şəxslərə alternativ olmağım etik addım sayıla bilməz. Dövlət zehniyyətinə malik bir insan olaraq, bunun fərqindəyəm. Ona görə də, konkret dairəni YAP-ın öz namizədlərini elan etməsindən sonra müəyyənləşdirməm daha doğru olar deyə düşünürəm”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …