Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Qarabağ məsələsində həmsədrləri yaxın buraxmaq olmaz”

Təbriz Musayev: “Qarabağ məsələsində həmsədrləri yaxın buraxmaq olmaz”

“Mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq”. Bunu Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən Ermənistanın baş nazirinin onunla yeni görüşü olacaq: “Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib. Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir”.

Prezidentin səsləndirdiyi fikirlərdə diqqəti çəkən məqam odur ki, ölkə başçısı sülh sazişinin imzalanması məsələsində ATƏT-in Minsk Qrupuna, həmsədrlik formatına heç bir münasibət bildirmədi və buna heç toxunmadı da. Bu çox önəmli məqamdır. Çünki bu, Azərbaycanın sözügedən məsələdə ardıcıl mövqe tutduğunu göstərir. Ona görə ki, biz indiyə qədər münaqişənin həll olunduğunu demişik. Bu isə o deməkdir ki, Minsk Qrupu həmsədrliyinə ehtiyac qalmayıb. Ancaq Ermənistan Təhlükəsizlik Şurası MQ-nin sülh sazişi proseslərinə cəlb olunması təşəbbüsü ilə çıxış edib. Lakin bizim prezident ATƏT sədri ilə görüşdə bu məsələyə heç toxunmadı. Elə ən doğrusu da budur. Çünki MQ-nin vasitəçilik imkanları zatən tükənib.

O baxımdan Prezidentin bu mövqeyini ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, belə yanaşma tamamilə düzgün və praqmatik əsaslara söykənir: “Zatən ATƏT təmsilçiləri müharibədən sonra Azərbaycana elə də səfər etmirlər. Bunun təməl səbəbi Minsk Qrupuna yanaşmada Azərbaycanın sərgilədiyi mövqedir. Minsk Qrupunun vasitəçilik formatı müharibədən əvvəl fiaskoya uğrayıb. Prezidentin həmin görüşdə sərgilədiyi münasibət bir daha sübut etdi ki, Azərbaycanın Minsk Qrupi ilə bağlı mövqeyi zərrə qədər dəyişməyib. Ermənistanın bununla bağlı min oyundan çıxması Azərbaycanın öz mövqeyini dəyişməsinə gətirib çıxaracağından söhbət belə gedə bilməz. Zatən Rusiya-Qərb konfrontasiyası fonunda bu mümkün deyil. Azərbaycan Minsk Qrupu məsələsində çox doğru siyasət izləyir. Rəsmi şəkildə ATƏT-in Minsk Qrupu formatından çıxmır. Belə olsa, ikili standartlar səbəbindən güclü təzyiqlə üzləşə bilərik. Əvəzində, Azərbaycan Prezidenti Minsk Qrupu ilə bağlı təşəbbüslərə etinasız yanaşaraq əvvəlki formatın yenidən bərpasına imkan vermir. Doğru olan da elə budur. Qarabağ məsələsində həmsədrləri yaxın buraxmaq olmaz. O üzdən, ölkə başçısının bununla bağlı sərgilədiyi mövqe təqdirəlayiqdir”.

İAT sədri onu da qeyd etdi ki, Ermənistan nə qədər cəhd etsə də əvvəlki vasitəçilik formatı tarix oldu.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …