Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Azərbaycana qarşı ərazi iddiası yoxdursa, o zaman Qazaxın kəndlərini niyə qaytarmırlar?”

Təbriz Musayev: “Azərbaycana qarşı ərazi iddiası yoxdursa, o zaman Qazaxın kəndlərini niyə qaytarmırlar?”

Bir daha bəlli oldu ki, erməni yalanı, riyakarlığı heç bir çərçivəyə, əndazəyə sığmır. Ermənistan parlament spikeri Alen Simonyan Slovakiya Milli Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Marian Kerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan rəsmisi Azərbaycan əleyhinə danışıb.

Ən təəccüblüsü odur ki, Simonyan görüşdə Ermənistanın heç bir qonşusuna, o cümlədən Azərbaycana qarşı ərazi iddisının olmadığını qeyd edib. Komissiyanın sədrinə müraciət edən Simonyan  2020 və 2021-ci illərdə Slovakiya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki qətnamənin qəbul edilməsində onun şəxsi töhfəsini qeyd edib. Bu qətnamələrdə Azərbaycana qarşı mühüm tələblər var: erməni hərbi əsirlərin azad edilməsi, Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni irsinin qorunması: “Ermənistanın qonşularına heç bir ərazi iddiası yoxdur. Bütün çətinliklərə baxmayaraq, biz demokratiya yoluna qədəm qoymuşuq və sülh gündəmimizə sadiq qalırıq. Biz öz seçimimizdə qətiyik və beynəlxalq tərəfdaşlarımızın köməyinə ümid edirik”.

Əgər ərazi iddiası yoxdursa, o zaman Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü niyə tanımır? Niyə işğal dövründə sərhədləri qabağa çəkib? Niyə Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini hələ də işğal altında saxlayır?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistan tərəfi xarici ölkə rəsmilərini aldatmaq üçün bütün vasitələrdən istifadə edir: “Ona görə də Simonyanın belə həyasız açıqlama ilə çıxış etməsi təəccüblü deyil. Onlar 1988-ci ildə məlum hadisələr başlayandan belə deyirlər. Halbuki, bütün bunların hamısı yalandır. 1918-ci ildə tarixi Azərbaycan ərazilərində qondarma Ermənistan dövləti yaradılandan onlar Qarabağa, Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Bolşevik Rusiyasının biləvasitə qərarı ilə 1920-ci ildə Zəngəzur Ermənistana peşkəş edildi. Ondan sonra müxtəlif mərhələlərdə Ermənistanda yaşayan azərbaycanlılar oradan sıxışdırılıb çıxarıldı. SSRİ dönəmində ermənilər Moskvaya rəsmən müraciət edərək Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. 1945-ci ildə, 1960-cı ildə və 1977-ci ildə konkret belə müraciətlər olub. Hətta Qarabağın Moskvanın tabeliyinə verilməsi ilə bağlı ermənilərin müraciətləri olub. Çünki hesab edirdilər ki, bu variant baş tutsa, ondan sonra Qarabağı Ermənistana birləşdirmək asan olacaq. Ən nəhayət, erməni separatizmi açıq fazaya keçəndən sonra 1988-ci ilin sonlarında Ermənistan Ali Soveti Dağlıq Qarabağla bağlı qərar qəbul etdi. Yəni Qarabağ Ermənistana birləşdirilsin. Bütün bunlar ərazi iddiası deyilmi? Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, o zaman Qazaxın kəndlərini niyə qaytarmırlar? Erməni tərəfi bütün vasitələrlə çalışır ki, dünyanı, xüsusən də Avropa dövlətlərini aldatsınlar. Məqsəd odur ki, Avropa dövlətlərində Azərbaycanla bağlı mənfi rəy formalaşsın. Daha sonra Avropa dövlətləri Azərbaycanla əlaqələri aşağı səviyyəyə salsın. Ən nəhayət, ölkəmizə qarşı hansısa sanksiyalar qəbul olunsun. Aparılan bütün məkrli siyasətin, təbliğatın kökündə bu kimi hədəflər dayanır. Ona görə də ərazi bütövlüyümüz bərpa olunub deyə arxayın otura bilmərik. Ermənistanla informasiya və siyasi müstəvilərdə müharibə davam edir”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …