Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / “Söz-söhbət heç vaxt qurtarmayacaq” – Elmira Axundova danışdı

“Söz-söhbət heç vaxt qurtarmayacaq” – Elmira Axundova danışdı

Ukraynada müharibə başladıqdan sonra Azərbaycan səfiri Elmira Axundovanın proseslərdə görünməməsi, əksinə postunu qoyub ölkəsinə gəlməsi ilə bağlı müzakirələr hələ də davam edir.

Hazırda Ukraynanın bir çox şəhərlərində bombalar altında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi ictimaiyyətdə bir sıra suallar yaradıb.
 
Çoxsaylı tənqidlərdə Elmira Axundova döyüş meydanını qoyub qaçan fərari kimi də qələmə verilir. Digər ölkələrin diplomatları Ukraynadakı gərginliklə bağlı postlarını tərk etmədiyi, əskinə forsmajor rejimi nəzərə alaraq məsuliyyətlərini birə-beş artırdıqları və fəaliyyətlərini gücləndirdikləri  halda səfir xanımımızın ölkəmizi xar etməsi rəsmi qurumları da narahat edib.

Elmira Axundovanın dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım atması, Rusiya-Ukrayna münaqişəsi başlayan kimi hər şeyi atıb, Bakıya qaçması və hələ də burada oturması  nəinki rəsmi dairələrdə, ictimaiyyətdə də birmənalı qarşılanmır.

Üstəlik etdiyi hərəkəti təqdir edərək, diplomatlığı ilə deyil, qadınlığı ilə əsaslandıran səfirimiz son bəyanatı ilə tənqidlərə bir daha yer verib.

“Siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik. Mən də, həmçinin ölkəni tərk etdim”- deyən Elmira Axundova gah səhhətindəki narahatlıqları gözə batırdı, gah da fərqinə varmadığı “fərariliyi” ilə öyündü.

Məlumat üçün bildirək ki, Elmira Axundova iki ildir ki, Ukraynada səfirdir. Bu müddətdə xanım səfirin adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq  hadisələrdə hallanıb, əksinə barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb.

Gah bahalı avtomobillərinə görə, gah Ukraynada yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə, gah da kommersiya məsələlərinə görə gündəmə gələn Elmira Axundovanın səfir postundan uzaqlaşdırılması tələbləri hər ötən gün daha artıq eşidilir.
Hətta  cəmiyyətdə səfirin fəaliyyətinin qənaətedici olmaması ilə bağlı rəsmi qurumlar tərəfindən məsələnin müzakirə edildiyi və xanım diplomatın geri çağırılacağı iddiaları dolaşır.

Bəs, indi Elmira Axundova haradadır və işdən çıxarılacağı ilə bağlı söyləntilərə cavabı nədir? 

Məsələ ilə bağlı Elmira Axundova Bakıda olduğunu və daha əvvəl qeyd olunan məsələlərə aydınlıq gətirdiyini, əlavə heç nə demək istəmədiyini qeyd edib:

“Söz-söhbət heç vaxt qurtarmayacaq. Yaxın günlərdə əlaqə saxlayaq”, – deyə əlavə mövqe bildirməyib. 

Qeyd edək ki, səfir Elmira Axundovanın Ukraynaya işinin başına qayıdacağı ilə bağlı sorğumuza Xarici İşlər Nazirliyindən hələki mövqe bildirilməyib. /Bizim.media

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …