Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Seçkidə iştirak edən partiyaların “50 faiz” öhdəliyi

Seçkidə iştirak edən partiyaların “50 faiz” öhdəliyi

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumatda deyilir. Məlumata görə, 14846 nəfər fərdi qaydada müraciət edib. 13524 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 40 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

17509 nəfərə imza vərəqəsi götürüb. Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb. Dünənədək bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb.

Seçkidə iştirak edəcək partiyaların isə sayında artım müşahidə olunur. Mərkəzi Seçki Komissiyasının son iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb. İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, “Ana Vətən” Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Seçkidə iştirak edəcək 12 partiyadan yalnız ikisi parlamentdən kənarda olan partiyalardır. Qalanları parlament partiyalarıdır. Seçkidə iştirak edən partiyalara İctimai Televiziyada  ödənişsiz efir vaxtı ayrılacaq. Ancaq bunun üçün həmin partiyanın ölkə üzrə bələdiyyələrin ən azı yarısında namizədləri qeydə alınmalıdır. Şübhəsiz ki, hakim Yeni Azərbaycan Partiyasından başqa da hansısa partiyalara efir vaxtı ayrılacaq ki, debat alınsın. Bəs YAP-dan başqa digər həmin 11 partiyanın ölkə üzrə mövcud olan 1606 bələdiyyənin yarısında namizəd irəli sürmək resursu varmı?

Adıçəkilən partiyaların əksəriyyətinin təmsilçiləri “Yeni Müsavat”a açıqlamalarında ölkə üzrə bələdiyyələrin yarısından çoxunda minimum sayda da olsa namizəd irəli sürmək imkanlarının olduğunu bildirib.

Fuad Əliyev ile ilgili görsel sonucu

Seçkiyə qatılmayanlar partiyalar isə fərqli düşünürlər. ALDP sədri Fuad Əliyev bildirdi ki, bələdiyyə seçkilərində iştirak edən partiyalar öz namizədlərini irəli sürməsində heç bir problemlərlə üzləşməyəcəklər. Çünki, onlara yerli hakimiyyət strukturlarından kömək olacaq: “Bu gün YAP-dan başqa heç bir partiyanın 125 dairədən, 1606 bələdiyyəyə irəli sürəcək namizədləri yoxdur. Bu, mümkün olan şey deyil. Problemin ikinci tərəfi odur ki, proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı. Seçkidə müstəqil formada iştirak edirlər. Amma çox məhdud sayda. YAP-dan başqa bələdiyyə seçkilərinə qoşulan partiyaların heç birinin gücü və elektoratı çatmaz ki, bütün dairələrdən namizədlər verə bilsinlər. Ödənişsiz efir vaxtından da ancaq YAP istifadə edəcək”.

Əhəd Məmmədli ile ilgili görsel sonucu

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, əgər bələdiyyə strukturu Azərbaycanda Türkiyə və Avropadakı kimi böyük, strateji səlahiyyətlərə malik olsaydı onda müxalifətdə bəzi partiyalar bələdiyyələrin yarısında namizədlərini irəli sürmək gücünü göstərə bilərdilər: “Azərbaycanda bələdiyyələr o qədər formal səlahiyyətlərə malikdirlər ki, müxalifətin əksər hissəsi bu seçkilərə heç bir diqqət göstərmir. O ki qaldı bələdiyyə seçkilərində YAP-dan başqa iştirak edən digər müxalifət partiyaların imkanları, resurslarına mən müxalif partiyaların bir-birini təftiş etməyinin tərəfdarı olmadığım üçün, bu bələdiyyə seçkilərində iştirak edən müxalif həmkarlarımıza uğurlu nəticələr diləyirəm”.

Xatırladaq ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir. Musavat.com

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …