Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Rusiyanın ikili mövqeyi bizim üçün yeni deyil” – Arzuxan Əlizadə

“Rusiyanın ikili mövqeyi bizim üçün yeni deyil” – Arzuxan Əlizadə

Məlum olduğu kimi, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüş Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin Strateji Planlama üzrə Birgə Qrupunun iclası çərçivəsində baş tutub. Nazirlər siyasi və iqtisadi münasibətlərdən, o cümlədən, fərqli münaqişələrdən tutmuş, peyvəndin birgə istehsalına qədər müxtəlif mövzuları müzakirə ediblər.

Müzakirələrdən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib ki, əsas diqqət Dağlıq Qarabağdakı duruma verilib. O, Ankaranın münaqişə tərəflərinin öhdəliklərinin icrasını asanlaşdırmaq arzusunun alqışlandığını qeyd edib. Maraqlıdır ki, Lavrov yenə muzdlular məsələsini qabardıb. Özü də konkret ünvan göstərmədən bunu hər iki tərəfə şamil etdi: “Ümumi rəyimiz belədir ki, tərəflərdən heç biri Dağlıq Qarabağdakı vəziyyətdən istifadə edərək regiona əcnəbi muzdlular gətirməməlidir. Burada türkiyəli həmkarlarımızla eyni mövqeyi paylaşırıq”.

Azərbaycan müharibə dövründə muzdlulardan istifadə etməyib. Bundan sonra niyə muzdluları gətirsin ki? Lavrovun bunu deyərkən Azərbaycanı da nəzərdə tutması nə deməkdir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə Lavrovun belə fikirlər səsləndirməsini ikili yanaşma ilə əlaqələndirdi: “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun hər iki tərəfdə muzdluların olmasını vurğulaması məsələyə ikili yanaşmanın bariz nümunəsidir. Əvvəlcə onu bildirim ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunmasında heç bir xarici muzdludan istifadə etməyib. Əgər tək bir fakt olardısa, onu dünyaya çoxdan nümayiş etdirərdilər. Ancaq Ermənistan tərəfinin muzdlulardan istifadə etməsi, onları münaqişə bölgəsinə yerləşdirməsi Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən təkzibedilməz faktlarla sübuta yetirilib. Bu faktı Prezident İlham Əliyev də dəfələrlə mətbuat vasitəsilə dünya ictimaiyyətinə çatdırıb. Rusiyanın ikili mövqeyi bizim üçün yeni deyil. Lavrovun   məsələyə guya ehtiyatla yanaşaraq Türkiyə ilə eyni mövqeyi paylaşdıqlarını ifadə etməsi Ermənistanın muzdlulardan istifadə etməsini kölgələmək məqsədini açıq şəkildə ortaya qoyur. Ermənilərin Qubadlı, Zəngilan rayonlarında hətta xaricdən gətirdikləri terrorçu muzdlulara qəsəbə tikdikləri artıq bütün dünyaya nümayiş olunub. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də məlumatına görə, bizim döyüşən ordumuzdan əlavə ehtiyatda iki yüz min vətəndaşımız könüllü olaraq cəbhədə vuruşmaq üçün müraciət edib. Yəni Ermənistanın ümumi əhalisindən daha çox Azərbaycanın döyüşə biləcək ehtiyat quvvəsi var”.

Partiya sədri onu da qeyd etdi ki, Azərbaycan heç vaxt heç bir muzdludan istifadə etməyib və bundan sonra da buna ehtiyacımız olmayacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …