Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Rusiyada kimin prezident seçilməsinin azərbaycanlılara da aidiyyəti varmı… – ŞƏRH

Rusiyada kimin prezident seçilməsinin azərbaycanlılara da aidiyyəti varmı… – ŞƏRH

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən yığıncaqda təşəbbüs qrupunun üzvləri yekdilliklə V. Putinin 2018-ci il martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəstəkləyiblər.

Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, “Qələbə Könüllüləri” və Rusiya İctimai Palatası dəstəkləyir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Rusiya MSK-nın müxalifətçi Aleksey Navalnının prezident seçkilərində namizədliyini qeydiyyata almaqdan imtina etməsi ilə bağlı qərarı haqqında bəyanatını Rusiyanın daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə adlandırıb. Dövlət Departamentinin nümayəndəsi Kley Noelin Rusiya hökuməti tərəfindən “müstəqil səslərə” qarşı ciddi tədbirlərin görməsi haqqında bəyanatı M.Zaxarovanı bu cür düşünməyə vadar edib.

Rusiya MSK-sı teleaparıcı Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyini təsdiq edib. Onun namizədliyini isə “Vətəndaş təşəbbüsü” Partiyası irəli sürüb. Seçki Mərkəzindən verilən məlumata görə, onun sənədləri yoxlanılıb və qəbul edilib. Bununla da ona seçki fondu formalaşdırması üçün xüsusi hesabın açılmasına icazə verilib.

Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Gördüyünüz kimi, qonşu ölkədə seçki prosesi gərgin və mübahisələrlə dolu başlanıb. Amma bu prosesdə Azərbaycan oxucusunu maraqlandıran bir məqam var: Rusiyada kimin prezident seçilməsinin azərbaycanlılara nə kimi təsiri var? İstər sözügedən ölkədə yaşayan və çalışan azərbaycanlılara münasibətdə, istərsə ölkəmizə qarşı siyasi mövqedə hansısa dəyişikliklər vəd olunurmu?

Image result for Politoloq Şahin Cəfərli

Politoloq Şahin Cəfərli bildirdi ki, Rusiyada cərəyan edən proseslərin Azərbaycana birbaşa və dolayı təsirləri hər zaman olub və bundan sonra da olacaq. Onun fikrincə, əgər “hansı ölkədə baş verən hadisələrin Azərbaycana təsiri daha çoxdur?” sualı qoyulsa, yəqin ki, ölkəmizdə hər kəsin cavabı eyni olar: Rusiya: “Bunun səbəbləri əlbəttə ki, həmsərhəd ölkələr olmağımız, 70 il eyni dövlətin tərkibində yaşamağımız, qurulan sıx siyasi-iqtisadi, sosial, humanitar əlaqələr, eləcə də Rusiyanın hazırda postsovet məkanının lider dövləti olması ilə bağlıdır. Rusiyanın bölgəmiz və ölkəmiz üzərində çox ciddi təsir imkanları var və davam edən Dağlıq Qarabağ münaqişəsi də Moskvanın bu imkanlarını artıran əlavə amildir. Bu münaqişənin həllində, başqa sözlə desək, Azərbaycan dövləti və xalqı olaraq gələcəyimizin müəyyənləşməsində Moskvanın mövqeyi mühüm rol oynayır və belə görünür ki, yaxın gələcəkdə oynamağa davam edəcək. Siyasi proseslərlə yanaşı, Rusiya iqtisadiyyatının durumunun da Azərbaycana birbaşa təsiri var. Sirr deyil ki, qonşu ölkədə yüz minlərlə azərbaycanlı yaşayır və çalışır, onlar vaxtaşırı Azərbaycandakı ailələrinə, yaxınlarına pul baratları göndərirlər. Məsələn, bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 650 milyon dollar təşkil edib. İlin yekunları əsasında bu rəqəmin 1 milyard dollar civarında olacağını təxmin etmək mümkündür. Bu, heç də az məbləğ deyil. Neftin qiymətlərinin pik vaxtında isə Rusiyadan gələn vəsait təxminən 3 milyard dollar civarında idi. Yəni Rusiya dövləti Azərbaycandakı ailələrin bir qisminin əlavə gəlir istiqamətidir və bu baxımdan şimal qonşumuzun iqtisadi vəziyyətinin bizim üçün də önəm daşıdığını görürük”.

Ş.Cəfərli dedi ki,  yuxarıda sadalanan bütün səbəblərlə əlaqədar Rusiyada hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi bizim üçün çox əhəmiyyətli və aktualdır. Politoloqun qənaətinə görə, qarşıdakı seçkilərdə möcüzə baş verməsə, Vladimir Putinin öz kreslosunu qoruyacağı indidən məlumdur. Bu isə qarşıdakı 6 ili müəyyən qədər görməyə və proqnozlaşdırmağa imkan verir: “Mövcud dövlətlərarası münasibətlərdə kardinal dəyişikliklərin baş verməsi ehtimalı azdır. Əgər başqa bir şəxs, tutaq ki, sistemin təmsilçisi olmayan Aleksey Navalnı prezident seçilmiş olsaydı, onda Rusiyanın daxili və xarici siyasətində tamamilə yeni bir mərhələnin başlandığını söyləyə bilərdik. Lakin qarşıdakı prezidentlik müddətinin Putinin sonuncu müddəti olması bu ölkədə daxili siyasi proseslərə mühüm təsir göstərəcək. Xüsusən zaman irəlilədikcə və 2024-cü il yaxınlaşdıqca, Rusiyada hakimiyyət uğrunda mübarizənin qızışacağını və gərginliyin tədricən artacağını gözləmək olar. Varislik uğrunda saraydaxili münaqişələrin, qarşıdurmaların yaranması, müxtəlif ittifaqların qurulması və qrupların bir-biri ilə mübarizəsi gözləniləndir. Eyni zamanda üzərindəki ”ölü torpağı”nı yavaş-yavaş atmağa başlayan Rusiya müxalifətinin də zamanla güc toplayaraq proseslərə təsir göstərən faktor kimi ortaya çıxacağını düşünürəm. Bu gəlişmələrin şübhəsiz ki, yaxın xaricə, o cümlədən Azərbaycana dolayı təsirləri mümkündür. Eyni zamanda Rusiya-ABŞ (Qərb) münasibətlərinin inkişafı da bizim diqqət yetirməli olduğumuz geosiyasi prosesdir. Hazırda gərginliyin artması, rəqabətin güclənməsi müşahidə olunur. Azərbaycan iqtidarı bu rəqabətdən uzaq durmağa və hər iki tərəfə eyni məsafədə dayanmağa, balansı qorumağa çalışır. Lakin biz nə qədər kənarda durmağa çalışsaq da, dünyada və bölgəmizdə gedən geosiyasi mübarizənin bizə təsirləri qaçılmazdır. Bu baxımdan ABŞ-Rusiya rəqabətinin nəticələrindən çox şey asılı olacaq”.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Rusiyada kimin prezident olmasının qonşu dövlətlər üçün əhəmiyyətli olduğu qədər Azərbaycan üçün də az əhəmiyyətli deyil. Onun dediyinə görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin içki aludəçisi idi, ölkəsində siyasi və iqtisadi xaosun qarşısını ala bilmədi, Çeçenistanda savaşa rəvac verdi.  Müsahibimiz xatırlatdı ki, Vladimir Putin Yeltsinin yerinə gətirildi və o, müəyyən qədər qayda-qanun yaratdı: “Neftin qiymətləri qalxdı, iqtisadiyyatda dağıdıcı proseslərin qarşısı nisbətən alındı, Çeçenistan ram edildi, mərkəzdənqaçma proseslərinə son qoyuldu. Boris Yeltsin prezident olduğu illərdə Azərbaycana səfər etmədi. Putin isə ilk xarici səfərini Azərbaycana reallaşdırdı. İki ölkə arasındakı münasibətlərdə nisbətən stabillik yarandı. Doğrudur, Rusiyanın Ermənistanı himayə etməsi bizim xoşumuza gəlmədi və indi də gəlmir. Ancaq bir sıra amillər Azərbaycanın Rusiya ilə münasibətlərini normal səviyyədə saxlamağı diqtə edir. Rusiya ilə münasibətlərin gərginləşməsi Gürcüstan və Ukraynanın acı təcrübəsinin təkrarına yol aça bilər. Buna baxmayaraq, nə Putin, nə də ondan sonrakı prezident Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir etmədilər, Ermənistan prezidentinə işğalçı siyasətinə görə güldən ağır söz demədilər”.

Müsahibimiz hesab edir ki, məhz bu səbəbdən Putinin növbəti prezidentliyi Dağlıq Qarabağ münaqişəsinin həllin baxımından Rusiyanın mövqeyinə hansısa yenilik gətirməyəcək: “Əsas odur ki, münasibətlər hazırkı məcrasını qorusun. Rusiyada milyondan çox azərbaycanlı çalışır və evlərinə maliyyə göndərirlər. Bu amil də iki ölkə münasibətlərində əsas amillərdən biridir. Hiss olunur ki, Putinin azərbaycanlılara antipadiyası yoxdur, hətta azərbaycanlılar içərisində yaxın dostları var. Ancaq Rusiyanın əzəli maraqları da var ki, Putin bu maraqlara xidmət edir. Bu maraqlar isə imperiya təfəkkürünə söykənir. Biz bir daha imperiyanın tərkib hisəsi olmaq istəmirik. Putinin yenidən prezident seçiləcəyinə şübhə etmirəm. Rusiyada onunla başa-baş mübarizə apara biləcək siyasətçi hələ yoxdur. Putinin növbəti prezidentliyinin Azərbaycana və azərbaycanlılara nə müsbət, nə də mənfi mənada təsiri olacaq”.

Amma ekspertlərin rəyi ilə yanaşı, bir məqamı da yaddan çıxarmaq olmaz. Rusiyanın tarixində ilk dəfədir ki, bir rəhbərin azərbaycanlı yaxın bir dostu var. Hüquq professoru, böyük iş adamı İlham Rəhimovla yaxın dost olduğu bilinən Putinin bu dostluğa görə bir çox məqamları nəzərə alması da sirr deyil. Ən azı Rusiyada yaşayan həmvətənlərimizə qarşı münasibət əvvəlki illərlə müqayisədə daha loyaldır. (“Yeni Müsavat”)

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …